Dastan yazan igidlər  unudulmur
Region

Dastan yazan igidlər  unudulmur

Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərdən biri də Cəmil Qurbanzadədir. Laçın istiqamətində gedən döyüşlərdə bu Vətən sevdalısı, sözün əsl mənasında tarix yazdı. Erməni yaraqlıların xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etməklə ad qoydu.

Şəhid Cəmil Qurbanzadə Astara şəhərində dünyaya göz açmışdı. Vətənini, torpağını canından artıq sevirdi. Cəmilin dəfn mərasimində övlad itkisi ağır olsa da, şəhidin atası Anar Qurbanzadə qürurlu görünürdü. O, vətənpərvərlik ruhunda çıxış etdi: "Üç övladım var. Onlardan böyüyü elə şəhidimiz Cəmil Qurbanzadədir. Ondan sonra iki qızım var. Evin tək oğlu idi. Sonuncu dəfə oğlumla bir neçə gün bundan əvvəl axşam saatlarında danışmışam. Laçın rayonunda xidmət edirdi. Danışanda söylədi ki, narahat olmayın. Övladlarımı vətənpərvər ruhda tərbiyə etmişəm. Bu torpağa canım qurban. Oğlum Cəmil bu torpaq uğrunda şəhid olub, Vətənim sağ olsun!".

Şəhid atası digər şəhid valideynlərinə təsəlli üçün bildirdi: "Kim ki, əgər övladlarını sevirlərsə, sınmasın və həmişə dik qalsınlar. Çünki onların övladları çox böyük iş görüblər. Hər kəsə şəhidlik nəsib olmaz. Əgər onun övladı şəhid olubsa, onlar qürurlu olmalıdır. Bu gün mənim ətrafıma toplaşan insanların içərisində elələri var ki, bəlkə də üç gün əvvələ qədər məni tanımırdı. Amma indi məni hər kəs tanıyır. Bu da övladım Cəmilin sayəsindədir... Sadəcə olaraq içimiz göynəyir, ağrıyır. Amma düşünəndə ki, övladım şəhidlik məqamına yüksəlib, köksümü fəxarət hissi bürüyür. Çünki şəhidlik mənim üçün əlçatmaz bir zirvədir. Uşağımı ona görə böyütmüşəm ki, cəmiyyətə, bu Vətənə yararlı övlad olsun. Mənim xalqımın, millətimin işinə yarasın".

Astaralılar öz qəhrəman övladı, şəhid Cəmil Anar oğlunu böyük izdihamla Astara şəhərində "Şəhidlər ölməz, Vətən bölünməz", "Başını dik tut, şəhid atası", "Başını dik tut, şəhid anası", "Vətən sənə canım fəda" şüarları altında torpağa tapşırdı. Qəhrəman Cəmilin uğrunda şəhid olduğu Şanlı Bayrağımız onun atasına təqdim olundu. Şanlı Bayrağı qəbul edən şəhid atası Anar Qurbanov qürurla bildirdi ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən torpaqlarının azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan oğlumla, eləcə də bütün şəhidlərlə fəxr edirəm. Şəhid valideynlərinə səbirli və mətin olmağı arzulayıram.

 Zəfər ORUCOĞLU.