Elşad Hüseynov
Sosial həyat

Elşad Hüseynov

Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri  örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları isə olduqca çoxdur. 

Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdığı şanlı zəfər tariximiz qürur mənbəyimizdir. Torpaqlarımızın  bütövlüyü  uğrunda  şəhid olan vətənpərvər oğullarımızdan biri də Birinci Qarabağ müharibəsində düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan Azərbaycanın Milli Qəhrəmanı Elşad Eynulla oğlu Hüseynovdur.

1960-cı il oktyabr ayının 8-də Masallı rayonunun Xıl kəndində doğulmuşdur. 1978-ci ildə burada orta məktəbi bitirdikdən sonra bir il sovxozda fəhlə işləmişdir. 1979-cu ildə E.Hüseynov hərbi xidmətə çağırılaraq, Batumi şəhərində xidmətə başlamışdır. 1981-ci ildə ordudan tərxis olunmuş və Bakı şəhər Səbail rayon milis şöbəsinin nəzdindəki mühafizə şöbəsində milis nəfəri kimi işə qəbul olunmuşdur. E.Hüseynov 1986-cı ildə N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsinə daxil olmuş və 1989-cu ildə təhsilini başa vurmuşdur.

Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə göndərilməsi barədə bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişdi. 1991-ci ildən etibarən Elşad müntəzəm olaraq cəbhə bölgələrinə getməyə başlayır. İlk döyüşü Füzuli və Tərtər bölgələrində olur. O, bu sınaqdan uğurla çıxır. Sonra Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq və digər kəndlərin azad olunmasında rəşadətlə döyüşür. Onun göstərdiyi igidliklər düşməni vahiməyə salır.

1992-ci ilin iyunun 15-də döyüşçülərə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verir. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirlər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. Elşad həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına ruh verirdi. E.Hüseynov döyüşün qızğın çağında polis yoldaşlarını erməni faşistləri üzərinə səsləyib irəli atıldı və bu zaman düşmən gülləsinə tuş gəldi. Elşad Masallı rayonunun Xıl kəndində dəfn edilmişdir. Üç qız övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra Elşad Eynulla oğlu Hüseynova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Masallı rayonunda küçələrdən biri Qəhrəmanın adını daşıyır. Xıl kəndində E.Hüseynovun büstü qoyulmuşdur.

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.

Azərbaycan xalqının Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük tarixi Qələbə qazanması hamımıza sonsuz sevinc və qürur hissi yaşatdı. Ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bu böyük Qələbə sayəsində bərpa edildi. Ölkəmizin doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edən qəhrəman oğullarımızın ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

                                                                                                               M.MİRZƏ, 

                                                                                                           “Respublika”.