Məktəbli idmançılar arasında “Təhsil” beynəlxalq cüdo turniri
İdman

Məktəbli idmançılar arasında “Təhsil” beynəlxalq cüdo turniri

İyunun 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təhsil” beynəlxalq cüdo turnirinə start verilib. Turnir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilir.

10 iyun ETN-dən bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzində keçirilən yarışa uşaq-gənclər idman məktəbləri, idman klubları və xarici ölkələrdən komandalar qatılıb. Yarışda Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, İsveç, Latviya, Qazaxıstan, Niderland, Özbəkistan, Çexiya və Polşadan ümumilikdə 500-dən çox idmançı iştirak edir.

Qeyd edək ki, iki gün davam edən turnirdən sonra 11-13 iyun tarixlərində "Təhsil" Respublika İdman Mərkəzinin “Zuğulba” tədris-idman bazasında beynəlxalq və yerli idmançıların iştirakı ilə təlim-məşq toplanışı keçiriləcək.

Turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin təbliği, yeniyetmə idmançıların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və cüdo idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsidir.

“Respublika”.