Səfir: Fransa parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnamələr hökumət tərəfindən dəstəklənməyib
Siyasət

Səfir: Fransa parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnamələr hökumət tərəfindən dəstəklənməyib

Milli Məclisin sədri Sahibə Qafarova mayın 11-də Fransanın Azərbaycandakı səfiri Ann Buayonla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova səfirin ölkələrimiz arasında münasibətlərə öz töhfəsini verəcəyinə ümidvarlığını ifadə edib.

Vurğulanıb ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Milli Məclisin sədri 30 il ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu qeyd edib.

S.Qafarova ötən dövrlərdə ikitərəfli münasibətlərdə əldə olunmuş nailiyyətlərə baxmayaraq, bəzi Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistana açıq şəkildə dəstəyini ifadə edən, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, ermənipərəst siyasətini göstərən bəyanatlarının Azərbaycan ictimaiyyətinin haqlı və ciddi narazılığına səbəb olduğunu xatırladıb, belə təxribatçı bəyanatların ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyini diqqətə çatdırıb. O, bu mənada Fransa Senatında və Milli Assambleyada qərəzli qətnamələrin qəbulunu pisləyib.

Parlamentin sədri Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Ermənistanda Laçın yolu ilə bağlı verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna müsahibəsində səsləndirdiyi iddiaları qəbuledilməz adlandırıb. O deyib: "Belə qeyri-obyektiv fikirlər göstərir ki, Fransa bu məsələdə birtərəfli, qərəzli mövqeyini davam etdirir. Hamıya aydın olmalıdır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və ölkəmizin ayrılmaz hissəsidir".

Səfir Ann Buayon Azərbaycanda diplomatik fəaliyyətə başlayandan sonra keçirdiyi görüşlər barədə məlumat verib. O, ölkələr arasında münasibətlərdə qanunverici orqanların mühüm rolunu qeyd edib, parlamentarilərin qarşılıqlı əlaqələrinin əhəmiyyətini vurğulayıb. Diplomat, eyni zamanda, Fransa parlamentində qəbul olunan sözügedən qətnamələrin hökumət tərəfindən dəstəklənmədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.