Şəkili kümçülər ipəkqurdunun ikinci bəslənməsindən indiyədək 263 kiloqram yaş barama əldə ediblər
Region

Şəkili kümçülər ipəkqurdunun ikinci bəslənməsindən indiyədək 263 kiloqram yaş barama əldə ediblər

Bu il Şəki rayonunda ilk dəfə olaraq sınaq məqsədilə tut ipəkqurdunun ikinci bəslənməsi həyata keçirilib. Bu məqsədlə avqustun sonunda rayon üzrə 27 kümçüyə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 20 qutu və ya 380 qram ipəkqurdu paylanılıb. İpəkqurdunun yemlənməsi prosesi başa çatıb və kümçülər indiyədək emal müəssisəsinə 263 kiloqram yaş barama təhvil veriblər. Hazırda barama tədarükü davam edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qeyd edək ki, baramaçılıq rayonlarında tut ipəkqurdunun ikinci bəslənməsinin həyata keçirilməsində əsas məqsəd ölkədə yaş barama istehsalının artırılması üçün əlavə ehtiyat mənbələri yaratmaqdır.

Builki mövsümdə şəkili kümçülər 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 31,7 ton yaş barama istehsal ediblər.

AZƏRTAC