Şuşayadək rəşadətli döyüş yolu
Sosial həyat

Şuşayadək rəşadətli döyüş yolu

günlük Vətən müharibəsində Azərbaycanın igid oğullarının hünər salnaməsinə yeni adlar yazıldı. Tarixləşən bu adlar nəsillər dəyişsə də, heç vaxt unudulmayacaqlar.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularından biri də baş çavuş Babayev Orxan Sədail oğludur. O, 1994-cü il dekabrın 24-də Astara rayonunun Lovayın kəndində doğulub. 2001-2012-ci illərdə A.Hidayətov adına Lovayın kənd tam orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra bir müddət təssərrüfat işlərilə məşğul olan Orxan 2013-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonunda və Gəncə şəhərində yerləşən hərbi hissələrində hərbi xidmət keçərək dövlətimiz qarşısında öz borcunu vicdanla yerinə yetirib.

Müddətli həqiqi hərbi xidməti dövründə kiçik komandirlər kursunu bitirərək "çavuş" hərbi rütbəsini alıb və özünün müraciəti əsasında 2014-cü ildən Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə keçirilib. "N" saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində baş atıcı vəzifəsinə təyin edilib. Sonra bu hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda qumbaraatan və atıcı-qumbaraatan vəzifələrində xidmətini davam etdirərək, öz nizam-intizamı, icraçılığı, fəaliyyətində əzmkarlığı, döyüş hazırlığında yaxşı nəticələri ilə komandanlığın etimadını doğruldub, dəfələrlə mükafatlandırılan Orxan xüsusi təyinatlıların sıralarında qürurla xidmət edib.

Hacıqabulda fəaliyyət göstərən "N" saylı hərbi hissədə "Yarasa" şərti adını daşıyan xüsusi təyinatlı dəstənin şəxsi heyəti müharibə başladıqda həyəcan siqnalı ilə qaldırılaraq öncə qoşunların Bərdə rayonundakı "N" saylı hərbi hissəsinə ezam olunub. Burada bir müddət ehtiyat qüvvə qismində qalaraq döyüşlərə hazırlıq görüblər. Oktyabrın 16-da onları Cəbrayıl rayonuna göndəriblər. İşğaldan azad edilən Cəbrayıl şəhəri və ətraf kəndlərin müdafiəsində, bu istiqamətdə hərbi obyektlərin düşmənin diversiya-kəşfiyyat qruplarının təxribatlarından mühafizəsində dayanıblar.

Orxan ön cəbhədə olduğu ilk gündən yüksək döyüş və mənəvi-psixoloji hazırlığı ilə fərqlənib. Heç bir çətin və təhlükəli tapşırıq onu qorxutmayıb. Oktyabrın 29-da Füzuli rayonu istiqamətindəki mövqelərdə cəmləşdirilən hərbçilər oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə gəliblər. Hadrutdan qruplarla Xocavənd və Xocalı rayonlarının ərazilərindən keçməklə Şuşa istiqamətində hərəkət ediblər. Bu zaman düşmənin müxtəlif çaplı silahlardan atəşinə məruz qalsalar da, noyabrın 2-də Şuşa şəhərinin ətrafına çatıblar. Bir neçə gün ərzində şəhərin ətrafında şiddətli döyüşlər gedib. Noyabrın 4-də şəhər uğrunda həlledici qızğın döyüşlər zamanı düşmən Şuşa ətrafındakı mühüm mövqelərini itirir. "N" saylı hərbi hissəsinin şəxsi heyəti ilə birgə hərbi qulluqçularımız fədakarlıqla, cəsarətlə düşmənin üzərinə irəliləyib Şuşanın qala divarları istiqamətində təxminən 400-500 metr yaxınlığında mövqe tuturlar. Şuşaya yaxınlaşmaları hamı kimi, Orxanı da sevindirib, döyüş əhvali-ruhiyyəsini daha da artırıb. Növbəti döyüşdə Xankəndidən Şuşaya gələn yolu bağlamaq, bu istiqamətdə işğalçıların hücumlarının qarşısını almaq üçün saatlarla vuruşublar. Burada Orxan və silahdaşları təcavüzkarları xeyli itkiyə məruz qoyublar. Qələbəyə bir gün qalmış - 7 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən şiddətli döyüşlər zamanı minaatan mərmisinin partlayışı nəticəsində qəlpələrlə zədələnmələr səbəbindən Orxan da ağır yaralanıb və şəhid olub.

Şəhid baş çavuş Babayev Orxan Sədail oğlunun nəşi noyabrın 9-da döyüş zonasından çıxarılıb. Şəhid hərbi qulluqçumuz Astara rayonunun doğulduğu Lovayın kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Orxan Sədail oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bəybala BƏYBALAYEV,

"Respublika".