Tarixə yazılan insanlar
Tarixi şəxsiyyətlər

Tarixə yazılan insanlar

Humanistlik, mərdlik, igidlik... Bu xüsusiyyətlər hamısı insanla bərabər doğulur, vaxtı, zamanı gələndə özünü mütləq büruzə verir. Kimliyindən, harada olmasından asılı olmayaraq belə insanlar ya tarix yazır, ya da tarixə yazılırlar. Qanları, canları, həyatları bahasına tarixləşir, əbədiyaşar olurlar.

Özünü, adını tarixin şanlı səhifələrinə yazdıran qəhrəmanlardan biri də İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının qəhrəmanı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovdur. Rəşadətli döyüş yolu keçən qəhrəman xalqımıza, millətimizə xas qəhrəmanlıq, igidlik ənənələrini vətənindən uzaqlarda mərdliklə nümayiş etdirmişdir.

Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 22 sentyabr 1920-ci ildə Nuxa rayonunun (İndiki Şəki) Oxud kəndində anadan olmuşdur. İkinci Dünya müharibəsi başlayanda Əhmədiyyə Cəbrayılov Kənd Təsərrüfatı Texnikumunu bitirmiş, könüllü cəbhəyə yollanaraq kəşfiyyatçı olmaq istədiyini bildirmişdir. Ancaq komendantlıq onu aviasiya məktəbinə göndərmiş, hazırlıq bitdikdən sonra bombardmançı-eskadrilyaya təyin olunmuşdur.

Əhmədiyyə qorxmazlığı, inadkarlığı və cəsurluğu ilə fərqlənirdi. Qalib gəlmək üçün düşmənin dilini bilməyin vacib olduğunu düşünən partizan bu məqsədlə alman dilini öyrənir. Dili mükəmməl bilən Ə. Cəbrayılov 4 əməliyyatdan sonra kəşfiyyat dəstəsinə başçılıq edir. Hətta, tabeliyində olan kəşfiyyatçılara da alman dilini öyrədir. Əməliyyatların birində isə Əhmədiyyə Cəbrayılov Mehdi Hüseynlə "Mixaylo" ilə görüşür. Mehdi Hüseyn partizan Xarqonun (Əhmədiyyə Cəbrayılovun) ləhcəsində doğmalıq, şirinlik hiss edərək onun haradan olduğunu soruşur. O, şəkili olduğunu bildirir.

Tapşırıqları komandirlərdən alsa da, Əhmədiyyə əməliyyatları özü planlaşdırırdı. Hətta, alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdir. 1942-ci ilin aprel ayında Kursk ətrafında gedən gərgin döyüşlərin birində təyyarəsi vurulan Əhmədiyyə Cəbrayılov ağır yaralanaraq almanlara əsir düşür. 1943-cü ildə o, Daxau ölüm düşərgəsinə gətirilir. Düşərgədə qaz kamerasına salınan bütün əsirlər ölür. Əhmədiyyə Cəbrayılov isə sağ qalır. Onun sağ qalmasına səbəb hələ müharibədən əvvəl nişanlısının ona verdiyi əl dəsmalı olur. Belə ki, kameraya salınan zaman Əhmədiyyə dəsmalı ağzında saxlayaraq özünü qazdan boğulmaqdan xilas edir. Ancaq almanlar onu yenidən həbs edib düşərgəyə qaytarırlar. Elə həmin il əsir düşərgəsi komendantının qulluqçusu madam Jannanın köməyi ilə Əhmədiyyə əsirlikdən qaçır. Fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün Əhmədiyyə Cəbrayılovu tabutda Jannanın evinin zirzəmisinə gətirirlər. O, Madam Jannanın sayəsində Fransa Müqavimət Hərəkatının fəalları ilə əlaqə yaradır. Bəzi tapşırıqlar alan partizan dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızın Almaniyadakı həbs düşərgəsinə aparılmasının qarşısını alır. 500-ə yaxın fransız uşağını xilas edərkən isə yaralanır. Alman zabiti formasında olduğu üçün bir müddət hərbi hospitalda müalicə olunur.

Əhmədiyyə Cəbrayılov Fransa Respublikasının ali hərbi mükafatı - Marşal Jukovun təltif edildiyi, "Dəmir Xaç"la təltif olunur. Hətta, bu ordenə layiq görülən həmyerlimiz Fransada hərbi paradda ölkə prezidentindən öndə addımlaya bilərdi. Fransa tamamilə işğaldan azad edildikdən sonra Əhmədiyyə Cəbrayılov bir müddət həmin ölkədə yaşayır. Lakin vətənə olan bağlılığı, məhəbbəti onu rahat buraxmır. 1946-cı ildə vətənə qayıtmaq qərarına gəlir. Şarl de Qollun köməyi ilə SSRİ-yə qayıdır. Lakin Əhmədiyyə Cəbrayılov vətən xaini kimi qəbul olunur.

1966-cı ilin yazında Fransa Prezidenti Şarl de Qollun SSRİ-yə səfəri nəzərdə tutulurdu. Fransa Prezidenti səfərdən əvvəl bir arzusunu bildirir. O, silahdaşı və dostu Armed Mişellə - Əhmədiyyə Cəbrayılovla görüşmək istəyir. L.İ.Brejnev bütün Kreml məmurlarını, Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin əməkdaşlarını Armed Mişelin axtarışına cəlb edir. Təsadüfən Mərkəzi Komitədə çalışan makinaçı qadın bir neçə il öncə belə bir ada rast gəldiyini xatırlayır. Beləliklə, həmyerlimiz Moskvaya dəvət olunur. Əhmədiyyə Cəbrayılovla görüşən Leonid İliç Brejnev onu çox böyük səmimiyyətlə qarşılayır. Beləcə, Fransa Prezidentinin SSRİ-yə səfəri zamanı "Vunukova 2" hava limanında qarşılanma mərasimində Armed Mişel də iştirak edir. Bu səfərdən sonra Əhmədiyyə Cəbrayılovun üzərindən "vətən xaini" adı götürülür. Doğma Oxud kəndindən çıxmaq qadağası qoyulan Əhmədiyyə layiq olduğu həyatını yaşamağa başlayır. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurur və Şəki rayonunda Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə isə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün fəxri qonaq qismində Parisə dəvət olunur. 1994-cü ildə isə ona "Fəxri Legion" ordeni təqdim olunur. Hətta, Fransada avtomobil zavoduna Əhmədiyyə Cəbrayılovun adı verilir.

Qəhrəman partizan 1994-cü il oktyabrın 10-da Şəkidə avtomobil qəzasında həlak olur. Şərəfli ömür yolu keçən əfsanəvi partizanın 7 övladından biri, oğlu polis işçisi, baş leytenant Mikayıl Cəbrayılov 1990-cı ildə Qarabağa ezam olunur. Xocalı rayonunun Cəmilli kəndininin müdafiəsində iştirak edən dəstəyə başçılıq edir. Mühasirədə qalan kənd əhalisinə ayrılmış 4 ton taxılı gətirmək üçün Kosalar kəndinə yola düşən Mikayıl Cəbrayılovun dəstəsi qəfildən ermənilərin hücumuna məruz qalır. Yaralı olmasına baxmayaraq, döyüş yoldaşlarının həyatını xilas edərək son nəfəsinə kimi döyüşür. Sinəsindən ağır yaralanan Mikayıl Cəbrayılov şəhid olur və ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.

Qəhrəmanlıq, igidlik sonradan qazanılmır. O insan dünyaya gələndə onunla bərabər doğulur. Milli Qəhrəman Mikayıl Cəbrayılov bütün dünyanın tanıdığı qəhrəmanın ailəsində doğulmuşdur. O, igidlik, mərdlik dərsini də evində, ailəsində almışdı...

Ramidə YAQUBQIZI,

"Respublika".