Xalqımız şücaətini bütün dünyaya göstərib
Sosial həyat

Xalqımız şücaətini bütün dünyaya göstərib

Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə "dəmir yumruq" olub düşmənin başını əzdi. Xalqın güc və birlik rəmzinə çevrilmiş "dəmir yumruq" öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" əminliyinin məntiqi nəticəsidir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin hörmət əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir. Dövlətimizin bu addımı şəhidlərimizin, qəhrəmanlarımızın ruhuna, onların doğmalarına göstərdiyi dərin hörmət və ehtiramın ən bariz göstəricisidir. Hərbçilərimizin qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına qazanılmış bu qələbə nəticəsində dövlətçilik, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar idi.

Son 200 illik tarixi dövrdə Azərbaycan xalqı müxtəlif vaxtlarda erməni təcavüzkarlarının, vandallarının etnik təmizləmə siyasətinə məruz qalıb. Tarix Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin şahidi olmuşdur. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dövründə də davam edib, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.

Azərbaycan 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri təxribatçı bəyanatlar vermişlər. Nəhayət, 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilən növbəti hərbi təxribatı dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti nəticəsində ermənilərin və havadarlarının bölgədəki siyasəti iflasa uğradı. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan Qələbə qazandı və ölkəmizin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa olundu.

Düşmən üzərində qazanılmış qələbə nəticəsində Azərbaycan xalqının ictimai şüuru yeni inkişaf mərhələsinə qədəm qoydu. Artıq harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı dərk edir ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. Biz artıq bütöv Azərbaycanın vətəndaşlarıyıq.

Əlbəttə, bu gün yaşadığımız qürur və fəxarət hissini Vətən uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını fəda edən qazilərimizə, qəhrəman hərbçilərimizə borcluyuq. Cənab Prezidentin müvafiq sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

Tamam CƏFƏROVA,

Milli Məclisin deputatı.