Xalqımızın böyük oğlu Ölkə başçısının Sərəncamı ilə 2023-cü il
Sosial həyat

Xalqımızın böyük oğlu Ölkə başçısının Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub

Dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının böyük oğlu, dünya liderlərinin hörmət və ehtiramını qazanmış, ağlı, uzaqgörən siyasəti ilə tarixə öz imzasını qoymuş nəhəng insan, sadəliyi və səmimiliyi ilə xalqın sevimlisinə çevrilən sadə azərbaycanlı, uşaqla uşaq, böyüklə böyük olmağı bacaran əsl insanlıq nümunəsi...

Görkəmli dövlət xadimi olan Heydər Əliyev dünya dövlətçilik tarixində ilk dəfə olaraq ümummilli lider statusu qazanan dahi şəxsiyyətdir.

Ulu öndərimizin həyat yolunu araşdırmaq, öyrənmək və yazmaq olduqca şərəfli, eyni zamanda çətin və məsuliyyətlidir. Bu böyük dövlət xadiminin həyat yolu bəlkə də kitablara sığmayan bir həyat məktəbidir.

Ulu öndər Heydər Əliyevin həyatı keşməkeşli və çətin siyasət yolu artıq hər kəsə bəllidir. İllərdir bu şərəfli ömür kitabını vərəqləyir, onun haqqında nəsə yazmaq, təbliğ etmək istəyirik. Bunun səbəbi isə çox sadədir, çünki Heydər Əliyev ömrünü araşdırıb öyrənməklə Azərbaycan tarixini öyrənmiş oluruq, Vətəninə, dövlətinə, dövlətçilik ənənələrinə sadiq, vicdanlı və obyektiv həyat tərzinə malik olan bu şəxsiyyətin hər addımı, hər sözü, hər kəlməsi bir örnək, bir ibrət dərsidir. Bəli biz bu gün çox qürurla, sevə-sevə deyirik ki, Müstəqil Azərbaycan dahi Heydər Əliyevin şah əsəridir. Mən özümü xoşbəxt vətəndaş sayıram, ona görə ki, məhz o insanın yaşamış olduğu bir ölkədə yaşayır və belə bir şəxsiyyətin ideologiyasına xidmət edirəm. Bundan sonrakı ömür yolumu da bu işə şərəflə, sevgi ilə, vicdanla sərf edəcəyəm. Bu gün isə mənə yazmağa 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması stimul verdi.

Damarında azərbaycanlı qanı axan, qəlbi vətən eşqi ilə döyünən hər bir kəs üçün qürurverici, sevinc hissi ilə bol olan bir hadisədir. Ölkə başçımız, ulu öndər Heydər Əliyev ideologiyasının layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin bu addımı Azərbaycanın böyük oğlunun ruhuna sonsuz ehtiram əlamətidir. Bu o deməkdir ki, biz gələn il daha mükəmməl olmalı, Heydər Əliyev adına, onun həyat yoluna layiq işlər görməliyik. Hamı bilməlidir ki, Azərbaycanda bu siyasətə alternativ yoxdur və ola da bilməz. Bəli, qarşımızdakı o şərəfli il hər kəsin ulu öndər Heydər Əliyevin ruhu qarşısında bir hesabat ili olacaqdır.

Bu gün isə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs verərək etimad nümayiş etdirdi.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qaldı və daima da qəlblərimizdə yaşayacaqdır. Bu gün onun siyasi kursu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və qalib gəlir. Məhz həmin siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan Cənubi Qafqazda lider və qalib dövlətə çevrilmişdir.

44 günlük haqlı Vətən savaşı isə müstəqil Azərbaycanın ən parlaq səhifəsinə çevrildi. 30 il davam edən əzaba, iztiraba elə məhz zamanında bünövrəsi, təməli dahi öndərimiz tərəfindən qoyulmuş Azərbaycanın Müzəffər Ordusu son qoymağı bacardı. Və şübhəsiz ki, o böyük həyat məktəbinin yetirməsi olan dünyaşöhrətli siyasi xadim İlham Əliyev dünya dövlətlərinə nümunə olacaq bir cəsarətlə hərb meydanına atıldı. Müzəffər Ali Baş Komandanımız, müsəlləh və cəsur Azərbaycan Ordusu ilə 44 gündə düşməni xar etdi. Cənab Prezidentimizin hər bir cəsarətli çıxışı Ordumuza daha da irəli getməyə stimul verirdi. Və o vicdan yolunun sonu Azərbaycan Ordusunu əlbəyaxa, silahsız, qanı-canı bahasına xalqın birliyi ilə Şuşaya, Cıdır düzünə gətirib çıxartdı.

"Mən ata vəsiyyətini yerinə yetirdim", - deyərək Şuşanın azad olma müjdəsini Azərbaycan xalqına verən ölkə başçımız sanki ulu öndərin ruhu qarşısında bir hesabat vermiş oldu.

Bəli, 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar, eyni zamanda da böyük gözləntilər yaratmış oldu. Bütöv, tam, müstəqil olmağın nə qədər çətin olduğunu indi daha çox anlayır və fərqinə varırıq. Ona görə ki, bu azadlıq rahat əldə olunmadı, minlərlə cəngavərin qanı, canı bahasına başa gəldi, bir gözümüz zəfərimiz üçün gülərkən, bir gözümüz daim ağlayır. Şəhidlik zirvəsinin ali qəhrəmanlarına öz canımızı daim borclu hesab edirik. Onların sayəsində başıuca, alnıaçıq dünya ictimaiyyətinin gözünə dik baxırıq. Onların sayəsində bu gün Azərbaycan qalibiyyət əldə edən, zəfər çalan ölkədir.

Bəli, Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüzün önündədir və daima da belə olacaqdır.

2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunmasını hər birimizin uğuru hesab edək, gəlin, bu ilə öz töhfələrimizi verək. Yazaq, öyrədək, təbliğ edək, unutmayaq, vicdanla xidmətdə olaq.

Dahi şəxsiyyət haqqında çox yazılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində və Azərbaycan xalqının milli intibahındakı yeri və rolunu real şəkildə əks etdirən mükəmməl və sistemli elmi əsərlərin, dahi şəxsiyyətin elmi bioqrafiyasının, müxtəlif janrlarda yazılmış parlaq ədəbiyyat və incəsənət əsərlərinə hələ çox ehtiyac vardır. Odur ki, hər bir anı böyük ibrət dərsi olan bu ömür yolunu öyrənərək öyrətmək lazımdır. Yazaraq gələcək nəsillərə ötürmək olduqca vacib amillərdəndir. Bu qədər qələmə alınmasına baxmayaraq, hələ çox nüanslar var ki, insanlıq məktəbi üçün onları araşdırmağa dəyər.

Ümid edirəm ki, gələn il dövlətimiz və xalqımız üçün uğurlu və düşərli il olar. Bu, birlik nümayişidir, o birlik ki biz 44 gündə onu bütün cahana sərgilədik.

Bu gün inkişaf etmiş ölkələr belə Azərbaycan hərb modelini öyrənməyə cəhd göstərirlər.

Ulu öndərimizi, Azərbaycan Respublikasının memarı və qurucusunu böyük ehtiramla anırıq. Azərbaycanımız çiçəkləndikcə, inkişaf etdikcə dahi öndərimizin ideyaları da yaşayacaqdır.

Nəhayət ŞİRİNOVA,

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Quba filialının əməkdaşı,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.