Zəfər haqq yolunda olanlarındır
Siyasət

Zəfər haqq yolunda olanlarındır

Türkiyə Cümhuriyyətinin qurucusu M.K.Atatürkün "Zəfər, zəfər mənimdir deyənlərindir" kəlamı ilə yazıya başlamaq istərdim. Çünki cəlb olunduğumuz münaqişədə status-kvonun "nə hərb, nə sülh" vəziyyətində uzun müddət dəyişməz qalmasından ruhlanan düşmənin "yeni ərazilər uğrunda yeni müharibəyə" niyyətlərini, sərsəm iddialarını səsləndirdiyi günlərdə "Qarabağ Azərbaycandır!" ifadəsi əks-hücum əməliyyatı başlamamışdan əvvəl deyildi və gələcəyə hesablanmış "Zəfər mənimdir" xatırlatması oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə "Valday"ın tribunasından dünyaya, beynəlxalq aləmə yüksək inam və qətiyyətlə bəyan etdiyi real həyat həqiqəti, gerçəklik, duyğusallıqla və mübariz vətənpərvərliklə yoğrulmuş, bu gün dillər əzbəri olan "Qarabağ Azərbaycandır!" elə zəfər mənimdir demək idi. Formaca adi, məzmunca taleyüklü qlobal mahiyyət kəsb edən, uşaqdan böyüyə hamımızın ruhuna hopmuş və qürurla söylədiyimiz, hər birimiz üçün əziz və doğma olan bu kəlam artıq bizim Zəfərimizin rəmzinə, milli şüara çevrilib.

Dünyanın siyasi-iqtisadi, ideoloji və coğrafi-siyasi xəritəsində dəyişikliklər əsasən böyük dövlətlərin təşəbbüsü və ya iştirakı ilə baş verir. Kiçik ölkə isə bu dəyişiklikləri vaxtında və düzgün dəyərləndirməklə gedən prosesləri proqnozlaşdırmağı, həmçinin yeni, rasional təşəbbüslərlə çıxış etməyi bacarmalıdır. Lokal problemlərə cari və gündəlik hadisələr deyil, yeni regional-beynəlxalq tendensiyalar əsasında, böyük coğrafi-siyasi xəritələr kontekstində baxaraq beynəlxalq maraqları və ictimai rəy mənzərəsini dəyişdirməyə müyəssər olmalıdır.

Belə məqamlarda şəxsiyyətlərin tarixdə rolu barədə deyilən mülahizələr bir daha öz təsdiqini tapır. Doğrudan da tarixdə iz qoymaq tək-tək şəxsiyyətlərə nəsib olsa da, ən böyük şəxsiyyətlər tarixi yaradanlardır. Onların nailiyyətləri bilavasitə bütün insanların taleyində əks olunur. Ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. "İpək yolu"nun bərpası, "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" və digər beynəlxalq layihələr, Qafqazda Təhlükəsizlik Paktı ideyası və s. kimi planetar layihələr Azərbaycanın maraqları ilə bərabər, regionun maraqlarını da beynəlxalq siyasətin mərkəzinə cəlb etmək yönündə ən mühüm işlərdəndir. Ümummilli liderin məqsədyönlü və gərgin fəaliyyəti ilə coğrafi-iqtisadi siyasətin prioritetliyini nəzərə alaraq regionun coğrafi-siyasi mənzərəsini dəyişdirmək üçün uğurlu addımlar atıldı. Bütün bunlar ən böyük məqama, xalqa xidmətə hesablanmış və yaxşı düşünülmüş vahid strateji planın əsas məqamlarından idi.

Ulu öndər Heydər Əliyevin beynəlxalq siyasət müstəvisində reallaşdırdığı bütün layihələrin məqsədi təkcə Qarabağ münaqişəsinin ədalətli həlli deyil, həm də böyük dövlətləri iqtisadi maraqlar müstəvisinə dəvət etməklə Azərbaycanın müstəqilliyinin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının bütün dövrlər üçün təmini idi. Siyasətinin ana xəttini isə sülh siyasəti təşkil edirdi. Əslində taktiki variant olan müharibəni də özündə ehtiva edən mürəkkəb və dinamik sülh konsepsiyası heç də mübarizənin dayandırılması kimi bəsit şərh edilməməlidir. Ordunu möhkəmləndirib, modernləşdirib, maddi-texniki bazasını gücləndirməklə cəlb olunduğumuz müharibədə zəfər qazanmağımız həm də sülh danışıqlarında daha inamlı olmaqla ədalətli sülhə nail olmaq üçündür. Çox çətin və mürəkkəb bir yolu, strukturu olan sülh prosesində siyasi ideologiyaların, mövqelərin, böyük dövlətlərin maraqları ilə şərtlənən infrastrukturların mübarizəsi gedir.

Qeyd edək ki, müasir dövrdə isə sülh heç də tam qarşılıqlı anlaşma və maraqların uyğunluğu demək deyil. Sülh dövrü deyəndə, adətən, gələcəkdə baş verə biləcək problemlərə, ikitərəfli və çoxtərəfli əlaqələrə hazırlıq, yenidən toparlanma, səfərbər olma dövrü anlaşılır. Əvvəllər müharibəyə səbəb olan münasibətlər indi daxili gərginliyi artmış dinamik müvazinət halı ilə əvəz olunur. Yaranmış vəziyyət isə yüksək daxili gərginlikli sülh kimi qəbul edilir. Bu isə sülh yox, hərbi müdaxilə və müharibə səviyyəsinə çatmamış konflikt vəziyyətidir. Bununla yanaşı, müharibədə olduğu kimi, sülh də səfərbərlik tələb edir.

Səfərbərlik və azərbaycançılıq

Səfərbərlik deyəndə bəzən sadə halda başa düşülür ki, müharibəyə hazırlıq gedir və gənclər qismən və ya tam şəkildə orduya cəlb edilir. Əslində, müharibə üçün təkcə hərbi potensialın səfərbərliyi yetərli deyil. Səfərbərlik dedikdə daha geniş miqyasda, daha böyük qüvvələrin səfərbərliyi nəzərdə tutulur. Millətin, xalqın gücü-qüdrəti, o cümlədən iqtisadi, intellektual, mədəni-mənəvi potensialın səfərbərliyi də mühüm əhəmiyyət kəsb edir. İlk növbədə milli-mənəvi vətənpərvərlik hisslərinin böyük potensialının səfərbərliyi önəmlidir. Yəni bütün sahələrdəki potensial vahid istiqamətdə, vahid amal, məqsəd uğrunda səfərbər olunmalıdır. Bir sözlə, səfərbərlik cəmiyyətin həyatının bütün sahələrini əhatə etməlidir.

Ulu öndər Heydər Əliyevin böyük siyasətdə ən mühüm uğurlarından biri, heç şübhəsiz ki, prezident və dövlət rəhbərliyi səviyyəsində aparılan işlərə insanların məqsədlərinin, bütün mümkün, ilk baxışda qeyri-mümkün nəzəri və əməli fəaliyyət imkanlarını səfərbər etməklə ümumxalq enerjisini də əlavə etməyi bacarmasından ibarət oldu. Buna görə də informasiya mübarizəsində, təbliğat kampaniyasında illər, əsrlər müddətində buraxılan nöqsanlar qısa müddətdə aradan qaldırılmaqla, ilk növbədə, mənəvi-psixoloji kompensasiya həyata keçirildi.

Dünya təcrübəsindən də məlumdur ki, tarixi şəxsiyyətlərin ictimai şüura təsiri bəzən o səviyyədə olur ki, nəticədə sivilizasiyanın dəyişməsi, dönüşü baş verir. Yəni lider insanların şüurunda mövcud olan düşüncə, fikir və amalları, məramları aşkara çıxarmaqla dəqiq formalaşmış ideologiya qaydasında təqdim edir. Qeyd edək ki, liderin irəli sürdüyü ideologiya ən adi olsa belə, həyata keçirilməsi zamanı nəticənin əldə olunması xalqın ona hazır olub-olmamasından və qavranılmasından asılıdır. Dövlət mənafeyini həyata keçirən lider bunu milli mənafe, müvəffəqiyyət formulu olan xalqın mənafeyi kimi dəyərləndirməklə ümummilli ideologiyanı müəyyənləşdirir.

Öz başlanğıcını çoxəsrlik etnik-sosial ənənələrdən, ailədən, çoxmillətli və çoxdinli yaşam tərzindən götürən Azərbaycan dövlətçiliyi üçün məhz bu amillər sayəsində də ideologiya formalaşdırılmalıdır. Lakin 1988-1993-cü illərdə ölkənin siyasi dövlət rəhbərliyi Sovet İttifaqının süqutundan sonra kommunist ideologiyasının məhvi ilə cəmiyyətdə yaranan ideoloji boşluğu doldura bilmədi. Ali dövlət hakimiyyətində olanlar müasir cəmiyyətdə insanları birləşdirən sosial amillərin nədən ibarət olduğunu, hansı yolla və necə cəmiyyət qurmaq lazım gəldiyini müəyyənləşdirməməklə öz sosiumumuzu dərk etmədilər.

Xalqın özünün intellektual qüvvəsinə və imkanına güvənini təmin etməklə cəmiyyəti səfərbər edə bilən fenomenal qüvvə olmadığından ölkənin güclü müdafiəsini də təşkil etmək mümkün olmadı. Nəticədə cırlaşma prosesinin get-gedə kəskinləşdiyi bir şəraitdə cəmiyyətdə ayrı-ayrı fərdlərin birləşmək istəyi kimi təbii arzularının ümumdövlət mənafeyinə çevrilmək təşəbbüsləri artırdı. Bu isə müstəqilliyini bərpa edən Azərbaycanın məhdudluğa və təcridliyə meyilli olmayan "açıq cəmiyyət" kimi səciyyələnən üstünlüklərə malik olmasından qaynaqlanırdı. İki müxtəlif sivilizasiyanın qovuşuğunda yerləşən ölkəmizin tarixi coğrafiyası da bunu sübut edir.

Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin Azərbaycanın ərazisində yığcam yaşaması, fikir mübadiləsi etməsi, qohumluğu və s. kimi amillər tarixən korporativ cəmiyyətin yaranması üçün təbii zəminlər olmuşdur. Bu mövqedən çıxış edərək deyə bilərik ki, əsas ideoloji tezis də tarixən bu müqəddəs məkanda yaşayan və buranı özlərinin Vətəni hesab edən, onun adı ilə adlanmağa hazır olan bütün xalqların maddi və mənəvi irsi ilə müəyyənləşməli idi. Belə prizmadan baxaraq deyə bilərik ki, Azərbaycan cəmiyyəti müxtəlif təsir əmsallı toplanmış enerji "bazasını" xatırladır. Haqqında söhbət açdığımız fiziki və mənəvi enerji bazası əslində ölkəmizin unikal kapitalıdır. Cəmiyyətin gələcəyi, mövcud reallıqlar daxilində onun sabahkı taleyi isə məhz bu kapitalın siyasi baxımdan hansı səviyyədə ustalıqla, səriştəli, düzgün və sərfəli yönləndirilməsindən asılıdır.

Vətən təəssübünü, qeyrətini və vətəndaş həmrəyliyini hər şeydən, bütün hisslərdən uca tutmağı təlqin edən və insanları buna inandırmağı bacaran ideologiya olmalıdır. Həmçinin bu ideologiya hakimiyyət uğrunda mübarizələrdən, ictimai-siyasi quruluşun dəyişməsindən asılı olmamalıdır. Bir sözlə, ideologiya Azərbaycan reallığının özünü əks etdirməli, yəni özü olmalıdır.

Azərbaycan xalqının bir parçası olmaqla, onun iradəsini, əzmini, vətənpərvərliyini, bir sözlə, özünü əks etdirən ordumuz 30 ilin əziyyətini, ümidsizliyini, əzablarını 44 günlük müharibədəki Zəfəri ilə unutdurdu. On illərlə işğalın çətinliklərini, əzablarını yaşayaraq mənəvi və fiziki iztirablar keçirən xalqımızı 44 günə Qalib Xalqa çevirməklə böyük mənəvi zövq yaşatdı.

Məhz ulu öndər əvvəlki lokal yanaşmalardan fərqli olaraq, regional və qlobal mövqedən çıxış edərək müxtəlifmillətli, müxtəlifdinli, müxtəlifdilli və müxtəlifəqidəli insanların yaşadığı Azərbaycan reallığının özündən irəli gələn azərbaycançılıq ideologiyası ilə cəmiyyətdə yaranan boşluğu aradan qaldırmağa nail oldu.

Azərbaycançılıq - hansı dini cərəyana, milli mədəniyyətə və milli tarixə mənsub olmalarından asılı olmayaraq, Azərbaycan sakinlərinin əksəriyyətinə xas ən ümumi cəhətlərin sintezidir. Yəni müxtəlif ənənələr cəmiyyətdə təcrid olunmuş qaydada deyil, bir dövlətin tarixi təcrübəsində bir-biri ilə həmahəng formada təzahür edir. Bu ideologiya insanın özünə, daxili aləminə, imkanlarına və əməllərinə əsaslanmaqla milli mədəniyyət və meyillərin, dini və iqtisadi münasibətlərin, müxtəlif siyasi-iqtisadi formasiyalarda cəmiyyətin inkişafının spektrlərini özündə saxlayır. Bu ideologiyanın həyat qabiliyyətli olmasının əsas səbəbi Azərbaycan ənənələrinin geniş tarixinə əsaslanması və baş verən dəyişikliklərə dərhal münasibət bildirməklə çevik adaptasiya olunmasıdır.

Obrazlı desək, azərbaycançılıq ilk baxışda müxtəlif rənglərdən ibarət olan, yəni spektrləri sezilməyən vahid işıq selini xatırladır. Riyaziyyatçıların dili ilə belə ifadə etmək olar: Azərbaycançılığın özündə ehtiva etdiyi cəhətləri parametr və ya arqument kimi qəbul etsək, azərbaycançılıq çoxdəyişənli, çoxparametrli mənsubiyyət funksiyasıdır. Yəni funksiyanın arqumentləri çox olsa da, onun müəyyənedicilik funksiyası - qiyməti, dəyəri yeganə olmaqla konkret ölkəyə, diyara, onun tarixinə, insanına, ruhuna mənsubiyyətidir. Arqumentlərinin sayından və boyundan asılı olmayaraq azərbaycançılıq bu funksiyanın sabit qiymətidir.

Azərbaycançılıq kiçik ölkənin gələcək inkişafı naminə ümumdövlət ideyalarının reallaşdırılması ilə əlaqədar ictimai dəyərlər toplusudur. Bu ideologiya cəmiyyətin və dövlətin marağı naminə real işlər haqqında təlim olmaqla tərəfdarlarının hər biri digərlərinin səsini, sözünü deməyə qabildir. Yaponizm, amerikanizm də belə təlimlərdəndir. Ancaq milli maraqlar üzərində bərqərar olmayan ideologiya keçicidir. Cəmiyyət üzərində isə sözlərin deyil, yalnız ideyaların möhkəm hakimiyyətə malik olduğu bəllidir. Bir sözlə, azərbaycançılıq ideologiyası birləşdiricilik amili, Vətən təəssübkeşliyi hissi kimi təbliğ və şərh olunmalıdır.

Ötən əsrdə 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində kommunizm ideologiyasının iflasından sonra ölkəmizdə vətəndaşları çətin vəziyyətdə, zorən cəlb olunduğumuz müharibə şəraitində birləşdirməyə qabil olan bir ideologiya olmadığından yeni yaradılan orduda da, ölkədə də qüvvələrin parçalanması prosesi getdi. Həmin dövrdə erməni təcavüzkarlarının, işğalçılarının qazandıqları uğurların fundamentində də illərlə apardıqları millətçi ideologiyanın - "türk düşməndir" ideologiyasının özü dayanırdı. Bütöv bir nəslin təfəkküründə bu ideologiya artıq formalaşmışdır və indi də elədir.

Həmçinin erməni hücumlarına lazımi müqavimət göstərilə bilməməsinin əsas səbəblərindən biri də orduda mənəvi səfərbərliyin olmaması idi. Çünki mənəvi səfərbərlik, yüksək əhvali-ruhiyyə çox böyük qüvvədir, faktordur və onu asanlıqla məğlub etmək də mümkün deyildir. Səfərbərlik isə öz-özünə, heçdən yaranmır. İctimai-siyasi quruluşların keçid dövrünə təsadüf edəndə isə bu proses daha da çətinləşir.

Azərbaycançılıq ideologiyasının özəyində vətən qeyrəti, təəssübü, vətəndaş birliyi və həmrəyliyi dayanır. Bu isə o deməkdir ki, ümumən Vətən üçün iftixar hissi azərbaycançılığın ana xəttidir. Deməli, azərbaycançılıq ideologiyasının səfərbərliyi təmin edəcək gücü də böyükdür.

Bəşər tarixinə diqqət etdikdə, tarixi salnamələrlə tanış olduqda çox vaxt iqtisadiyyatla yanaşı, digər sahələrin də arxa plana keçdiyi və ən çox nəzərəçarpan müharibələrin olduğu aydın sezilir. Belə təsəvvür yaranır ki, bəşər tarixi sanki elə müharibələr tarixindən ibarətdir. Bəzən də, deyirlər ki, müharibələr cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir. Taleyini yüksək nizam-intizam sevən ordunun həll etdiyi müharibələrin təhlil tarixi isə sübut edir ki, mənəvi cəhətdən-ruhən səfərbər, əhvali-ruhiyyəsi yüksək olmayan ordu ən müasir və modern silahlarla təchiz edilsə də, məğlubiyyətə məhkumdur. Yüksək vətənpərvərlik hissləri, ali vətəndaşlıq və humanizm bilavasitə düşmənə qarşı barışmaz mübarizlik tərbiyəsidir. Və bu, birbaşa düşmənçilik hissi tərbiyə etməkdən daha vacibdir. Buna görə də azərbaycançılıq ideologiyası sadaladığımız keyfiyyətlərlə yanaşı, digər üstün əxlaqi dəyərləri də özündə ehtiva etdiyindən səfərbəredici qüvvəsi çox böyükdür.

Azərbaycançılıq ideologiyasından qaynaqlanan daxili həmrəyliyimiz, milli birliyimiz, vahid amal uğrunda mübarizliyimiz imkan vermədi ki, Azərbaycanı olduğu kimi deyil, istədikləri kimi görmək arzusunda olan bəzi xarici dairələr ölkəmizdə öz çirkin niyyətlərini həyata keçirsinlər. Güclü siyasi iradə, xalq-iqtidar birliyi olmasaydı, torpaqlarımızın işğalçılardan azad edilməsi çox çətinləşərdi, hətta mümkün belə olmazdı.

Ulu öndər tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası sayəsində formalaşan yüksək vətənpərvərlik tərbiyəsi 44 günlük Vətən müharibəsində Zəfərə yol açmaqda əsas həlledici amillərdən oldu.

Qələbəmizi təmin edən əsas faktorlardan olan beynəlxalq səviyyədəki uğurlarımızla paralel aparılan ordu quruculuğuna son illər xüsusi qayğı ilə yanaşılırdı. Ordunun maddi-texniki bazasını gücləndirmək ordu quruculuğunda nə qədər vacibdirsə, ondan da vacib ordunun döyüş qabiliyyəti və döyüşkən ruhdur. Çünki torpaqlarımızın ilhaqına yol verməmək üçün heç nədən qorxmadan sinəsini qabağa verib, əlində silah və bayraqla düşməni qovan da, məhv edən də, fədakarlıq, qəhrəmanlıq göstərən də Azərbaycan əsgəri, Azərbaycan zabitidir. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad etdi, işğaldan azad edilmiş torpaqlarda bayrağımızı dalğalandırdı. 30 il ərzində düşmənin qurduğu istehkamları yarıb keçdi, müdafiə xətlərini dəf etdi, öz-özlüyündə bir istehkam olan bölgənin coğrafiyasını, regionun relyefini nəzərə almadan böyük peşəkarlıq və rəşadət göstərdi.

Azərbaycan xalqının bir parçası olmaqla, onun iradəsini, əzmini, vətənpərvərliyini, bir sözlə, özünü əks etdirən ordumuz 30 ilin əziyyətini, ümidsizliyini, əzablarını 44 günlük müharibədəki Zəfəri ilə unutdurdu. On illərlə işğalın çətinliklərini, əzablarını yaşayaraq mənəvi və fiziki iztirablar keçirən xalqımızı 44 günə Qalib Xalqa çevirməklə böyük mənəvi zövq yaşatdı. Yeni, haqlı olması ilə yanaşı, özünə güvənən, özünə inanan, qürurla yaşamağı həyat amalı seçən insan, vətəndaş formalaşması prosesi başlatdı.

Azərbaycançılıq ideologiyası həyat tərzinə çevrilən ölkəmizin çoxmillətli, çoxkonfessiyalı olması müharibədə öz özəlliklərini büruzə verdi, bir çox məsələlərə aydınlıq gətirdi. Bu cür yüksək mənəvi keyfiyyətlərdən məhrum olan monodövlət Ermənistan isə belə böyük sərvətlərdən, dəyərlərdən bixəbərdir. Bizdə isə bütün xalqların, millətlərin nümayəndələri birlik, cəsarət göstərərək, düşmənlə vuruşaraq, qəhrəmanlıqla Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bizim üstünlüklərimizdən biri də məhz budur.

Vətən müharibəsi bütün dünyaya sübut etdi ki, bu cür ideologiyanı əxz edən, onun ətrafında sıx birlik nümayiş etdirən Azərbaycan xalqı böyükdür, güclüdür, yenilməzdir, dəmir iradəlidir və nəhayət, ordusu ilə birlikdə müzəffərdir.

Haqlı olan güclü, yoxsa, güclü olan haqlı?..

Zaman-zaman təkqütblü, ikiqütblü və çoxqütblü olan planetimiz hazırda ikiqütblülükdən çoxqütblülüyə keçid fazasındadır. Bunun üçün iqtisadi, siyasi, diplomatik və hərb meydanında bu və ya başqa şəkildə savaşlar gedir.

Qarabağ münaqişəsinin həllinin illərlə uzanmasının əsas səbəbi də beynəlxalq vasitəçilər tərəfindən guya məsələnin sülh yolu ilə həll olunacağına dair verilən vədlər idi. Sülh prosesi əslində iflic vəziyyətinə düşmüşdü, illüziya idi.

Ermənistanın yeni diletant və siyasətdə naşı olan rəhbərliyi zərərli, qəbuledilməz, nümayişkaranə davranışları və nitqləri ilə danışıqlar prosesini məhv etmiş, torpaqlarımızı sanki əbədi işğal etdiklərini dünyaya nümayiş etdirməkdən belə çəkinməmiş, işğalı qanuniləşdirmək istiqamətində addımlar atmağa cəhdlər göstərmişdilər. Məsələnin sülh yolu ilə həllini təklif edən dövlətlər və beynəlxalq qurumlar dolayısı ilə zamanla baş verən nəsillərin estafeti ilə unutqanlığa hesablanmaqla o cəhdlərin bu və ya başqa şəkildə reallaşmasına xidmət edirdi.

Ölkələrarası münasibətlərdə müharibədən fərqli olan digər vəziyyətləri nisbi anlayış olan sülh vəziyyəti kimi dəyərləndirsək, müxtəlif formatlı sülh anlayışları alınar. Onlardan biri də təklif olunan "kompromislərlə sülh" idi. Yəni sülh üçün öz torpaqlarımızı özümüzə qaytarmaq kompromis variant kimi təqdim edilirdi. Bu da təbii idi. Çünki kiçik dövlətlər arasında sülhün kövrək olması, münaqişənin və ya "nə hərb, nə sülh" vəziyyətinin uzun müddətə saxlanılması böyük dövlətlərə geosiyasi maraqlarını reallaşdırmaq sahəsində manevr imkanları verir.

Amerikanın təcrübəli və tanınmış siyasətçisi, dövlət xadimi Z.Bzejinskinin təbirincə desək, geosiyasət dövlətlərin "coğrafi zəkası" olmaqla "dünya şahmat taxtası üzərində mövqe oyunu" nəzəriyyəsidir. Belə qənaətə gəlinir ki, güclü oyunçu öz maraqlarını daha yaxşı reallaşdıra bilər. Deməli, güclü olmaq əsas şərtdir. Çünki güclü dövlətlər siyasəti istədikləri kimi, zəiflər isə bacardıqları kimi yürüdürlər. Zəiflər isə güclülər qarşısında heç nə bacarmırlar. Dövlət də əvvəl güclü olmalıdır. Mövcudluq üçün gərəkli olan digər parametrlər yalnız bundan sonra gəlir.

Müasir dövrümüzdə isə istəklərin yerinə yetirilməsi, ədalətin bərpası üçün haqlı olmaq yetərli deyil. Əgər yetərli olsaydı, münaqişə çoxdan həllini tapmış olardı. 30 il ölkəmiz dünyadan ədalət umsa da, BMT qətnamələrinin icrasını tələb etsə də, bir nəticə hasil olmadı. Eyni zamanda demokratiyadan və haqq-ədalətdən "dərs" deyənlər, sözdə hərbi təcavüz edən ölkəyə nəinki silah satılması, hətta hər hansı formada kömək göstərilməsi əleyhinə olmaqla yanaşı, iqtisadi sanksiyalar da tətbiq edilməsindən danışırdı. Lakin Azərbaycanın cəlb olunduğu münaqişənin ilk illərindən təcavüzkarın, haqsızın, zülmün qarşısında olub, təcavüzə məruz qalanın, ədalətin yanında olmalı olan dünya birliyi işğalçıya deyil, işğala məruz qalan ölkəmizə qarşı sanksiyalar barədə qərarlar qəbul edirdi (Məsələn: 907-ci düzəliş).

Məhz bu cür bədnam, anlaşılmaz və paradoksal qərarlar böyük güclərin regionda gərginliyi qoruyub saxlamaq niyyətlərinin təzahürüdür. Kiçik ölkələrin gücü də az olanda geosiyasi oyunların sadəcə alətinə çevrilir. Hazırda Ermənistan həmin alətlərdən biridir. Belə olan təqdirdə, siyasi müstəvidə olan problemlərin həllinin iqtisadi müstəviyə inikası ilə güc yaradılmasına çalışmaq qaçılmaz idi. Ulu öndər Heydər Əliyev tərəfindən fundamenti qoyulan böyük güclərin, dövlətlərin regionda formalaşdırdığı iqtisadi maraqlar müstəvisinə cəlb olunması siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük hərbi güc potensialı yaradılmasına başlandı.

Əvvəllər düşmən tərəfin cəbhədə törətdiyi təxribatlara dərhal cavab verilsə də, qətiyyətli, sarsıdıcı və susdurucu zərbəni almırdı. "Mən bilirəm nəyi nə vaxt etmək lazımdır", - deyən Müzəffər Ali Baş Komandan məhz torpaqlarımızı işğaldan, əsarətdən, xalqımızı onilliklərlə çəkdiyi iztirablardan, əzablardan, köçkünlük damğasından xilas etmək üçün kifayət edəcək hərbi gücün olmasını nəzərdə tuturdu.

Siyasi yollar heç bir fayda vermədiyindən məsələnin hərbi yolla həllinin ehtimalı zaman keçdikcə vahidə yaxınlaşdı. Cəlb olunduğumuz münaqişədə haqlı olmaqla onu sübut etməyə, düşməni torpaqlarımızdan qovmağa yetəcək hərbi güc də formalaşmışdı. Biz öz ərazi bütövlüyümüzü bərpa edib, öz torpaqlarımızı işğaldan azad etdiyimizə görə haqlı idik. İndi isə həm haqlı, həm də güclüyük. Müasir dövrdə isə bu, həlledici amildir. Haqlı olanların arqumentləri isə daha güclü və dəqiq olur. Deməli, subbaşlıqda qeyd olunan fikir artıq ölkəmiz üçün dilemma deyil.

2020-ci il sentyabrın 27-də səhər saatlarında ermənilərin növbəti təxribatı zamanı yetərli hərbi gücə, ordudakı yüksək döyüşkənlik ruhuna, azərbaycançılıq ideologiyasından qaynaqlanan səfərbərliyə tam əmin olan Ali Baş Komandan əks-hücum əməliyyatını başlatdı. Ordu güclü, texniki təchizat və döyüş ruhu yüksək səviyyədə olduğundan aparılan hərbi əməliyyatlar dərhal öz bəhrəsini verirdi. Haqlı olmaqla, həm də güclü xalqa çevrildik.

Azərbaycanın apardığı əks-hücum əməliyyatları dünya hərb elmi tərəfindən öyrənilir. Bu, yeni nəsil müharibə, rəqəmsal texnologiyalara əsaslanan müharibə üsulu idi. Müharibədə gərəkli olan komponentlər - texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların operativ və düzgün planlaşdırılması, həyata keçirilməsi, hərbçilərin döyüş qabiliyyəti və mənəvi döyüşkənlik ruhu sıx vəhdətdə idi. Tarixi sərkərdələr və müharibələr haqqında mütəfəkkirlərin belə bir fikri də mövcuddur ki, döyüşlərin taleyini texnikanın gücündən daha çox Komandanın zəkası və əsgərin döyüşkən ruhu həll edir.

Hərb meydanında qazanılan qələbə siyasi müstəvidə də qələbənin qazanılmasını, danışıqlar masasında da istədiyimizə nail olmağı şərtləndirdi.

Kapitulyasiya

Kapitulyasiya müharibə edən tərəflərdən birinin silahlı qüvvələrinin təslim olmasını qeyd etməklə mübarizəni dayandırmasıdır. Kapitulyasiyanın şərtləri isə tərəflər arasındakı danışıqlarda razılaşdırılır. Kapitulyasiya zamanı məğlub tərəfin hərbi sursatı, əmlakı qalib tərəfə keçir. Döyüşçüləri isə əsir götürülür. Qeyd-şərtsiz kapitulyasiya formasında isə kapitulyasiya aktına məğlub tərəfin nümayəndələri qalib tərəfin nümayəndələrinin irəli sürdüyü şərtlər daxilində imza atır.

Şanlı Qələbəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistanın baş naziri N.Paşinyanın digər dövlətlərin başçılarına aramsız zəngləri və xahişləri daha da artmağa başladı. Xahişlərin əsas məzmunu da münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılmasını Azərbaycandan xahiş etmək idi. Nəhayət, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bu barədə bəyanat imzaladılar. Akt mahiyyətinə görə müəyyən hadisəni təsdiq edən sənəd olduğundan yuxarıda qeyd etdiklərimizə əsasən deyə bilərik ki, həmin bəyanat qeyd-şərtsiz Ermənistanın kapitulyasiya aktıdır. Məşhur dövlət adamı, İngiltərənin uğurlu baş naziri olmuş U.Çörçillin bunu təsdiq edən fikri belədir: Atəşkəsi kim təklif edirsə, kapitulyasiya onun tərəfindədir, yəni ona aiddir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 10-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olarkən demişdir: Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək... Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır.

Hər iki sitat eyni məzmunlu fikrin müxtəlif formalarda ifadəsidir, yəni formaca fərqli, məzmunca həmahəng. Düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən, ona yerini göstərən isə çoxmillətli, çoxkonfessiyalı, bütün xalqların, dinlərin nümayəndələrinin bir ideologiya ətrafında cəmləşərək mehribanlıq, sülh şəraitində yaşayan mütərəqqi, vahid Azərbaycan ölkəsi və Azərbaycan dövləti idi.

Müharibə dövründə monodövlət olan Ermənistanın ordusunda fərarilik edənlərin sayı 10 mini ötdü. Multikulturallığı, tolerantlığı özü üçün həyat tərzi seçən Azərbaycanda isə bir nəfər də fərari olmadı. Əksinə, Azərbaycan əsgəri, zabiti öz qəhrəmanlıqları ilə tarix yazdı, Zəfər qazandı. Zəfər isə hər zaman Komandanın əzmində, qətiyyətində və əsgərin şücaətində, cəsarətində olmaqla, haqqındır. Biz də haqq yolunda olduğumuzdan Zəfər bizimdir!

Hümbət MUSAYEV.