Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ƏRDOĞAN “G20”NI RUSIYANIN UKRAYNA İLƏ BAĞLI ŞƏRTLƏRİ İLƏ TANIŞ EDƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “G20”yə daxil olan ölkələrin Hindistanda keçiriləcək sammitində Rusiya prezidenti Vladimir Putinin Ukraynada münaqişənin başa çatması ilə bağlı şərtlərini açıqlaya bilər. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Milliyet” qəzetinin köşə yazarı Özay Şendirin məqaləsində bildirilir.

Məqalədə qeyd edilir ki, Türkiyə prezidenti “G20” sammitindən əvvəl Rusiya lideri ilə görüşə biləcək yeganə Qərb lideridir: “Bu da Türkiyəni Hindistanda keçiriləcək sammitdə “ulduz”a çevirəcək. Beləliklə, Türkiyə prezidenti Rusiyanın şərtlərini və təkliflərini “G20” ölkələrinə açıqlayacaq. Bu o deməkdir ki, Ukrayna və Rusiya arasında münaqişəyə son qoymaq üçün faktiki vasitəçilik prosesi başlayıb”.

Məlumata əsasən, Hindistanda keçiriləcək sammitdən öncə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”ni müzakirə edəcəklər. Nəşrin açıqlamasına görə, bu, rəsmi Ankaranın Afrikadakı mövqeyini gücləndirəcək, eyni zamanda Afrika ölkələrinin BMT-də dəstəyini almağa kömək edəcək.

Qeyd edək ki, “G20” ölkələrinin sammiti sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək.

 

İSRAİL TÜRKİYƏ VASİTƏSİLƏ AVROPAYA QAZ NƏQLİNI PLANLAŞDIRIR

İsrail Leviathan təbii qazının Türkiyə üzərindən Avropaya nəqlini planlaşdırır. “Trend” agentliyinin məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

Verilən xəbərə əsasən, Benyamin Netanyahu hökumətinin müxtəlif nazirliklərindən ibarət peşəkar işçi qrupuna İsrailin hazırkı qaz ixracı üçün alternativlər üzərində işləməyə başlamağı tapşırıb.

Bununla yanaşı, nəzərdə tutulan variantlardan biri də İsrailin ən böyük dəniz qaz yatağı olan Leviathandan Türkiyəyə qədər dənizaltı boru kəmərinin uzadılmasıdır.

Eyni zamanda, alternativin əsas məqsədi Rusiyadan asılılığı azaltmaq, İsrail, Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi qonşu regionlarda zəngin təbii qaz ehtiyatları ilə boru kəmərini birləşdirməkdir.

Qeyd edək ki, Benyamin Netanyahunun yaxın zamanlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

 

AFRİKA İTTİFAQI QABONDAKI ÇEVRİLİŞƏ MÜNASİBƏT BİLDİRİB

Afrika İttifaqı Qabondakı hərbi çevrilişi qətiyyətlə pislədiyini açıqlayıb. “Report”un verdiyi xəbərə görə, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Məhəmmədin yazılı açıqlamasında bildirilib.

Məlumata görə, sənəddə Qabondakı hərbi çevrilişin pisləndiyi və bu addımın ittifaqın prinsiplərinə zidd olduğu vurğulanıb.

“Afrika İttifaqı Komissiyasının sədri Qabondakı vəziyyəti böyük narahatlıqla izləyir və ölkədə seçki sonrası böhranın həlli yolu kimi hərbi çevrilişi qətiyyətlə pisləyir”, - deyə bəyanatda qeyd edilib.

Verilən xəbərə əsasən, çevriliş Qabonun Seçki Mərkəzinin ölkənin hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64,2 faiz səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən dərhal sonra baş verib. Hazırda prezident ev dustaqlığındadır.

Xatırladaq ki, avqustun 30-da Qabon ordusu çevriliş edərək hakimiyyət institutlarının ləğv olunduğunu elan edib. Ordu, həmçinin sərhədlərin bağlandığını açıqlayıb.

 

AMERİKALILAR ÖLKƏDƏKİ DEMOKRATİYANIN VƏZİYYƏTİNDƏN NARAHATDIR

ABŞ-dakı seçicilərin 80 faizdən çoxu ölkədəki  demokratiyanın vəziyyətindən narahatdır. Bu barədə “The Hill” nəşri  ictimai rəy sorğusunun nəticələrinə əsasən məlumat yayıb.

Eyni zamanda, sorğunun nəticələri göstərib ki, amerikalıların 59 faizi partiyaların birgə qərarlar qəbul etmək zərurəti yarandıqda razılaşa biləcəyinə inanmır: respublikaçılara səs verənlərin 62, demokratlara səs verənlərin isə 50 faizi bu məsələdə yetərincə əmin deyil.

Sorğuda həmçinin iqtisadiyyat və süni intellektlə bağlı məsələlərdə seçici əhval-ruhiyyəsi qiymətləndirilib. Belə ki, respondentlərin 67 faizi iqtisadiyyatla bağlı ikitərəfli qərarlar qəbul etmək üçün hər iki tərəfin birgə işləməsinin “çox vacib” olduğunu düşündüklərini bildiriblər.

Həmçinin seçicilərin 88 faizi inflyasiyanı əsas problem adlandırıb, 84 faizi isə bunun onların istehlak istəklərinə və maliyyə vəziyyətinə təsir etdiyini vurğulayıb.

Bu əsnada seçicilərin 73 faizi süni intellektin inkişafı səbəbindən iş yerlərini itirmək perspektivindən narahat olduqlarını, 46 faizi isə ondan istifadənin artmasına mənfi baxdıqlarını bəyan ediblər.

 

BAŞ NAZİRDƏN İCTİMAİ NARAHATLIQLARI HƏLL ETMƏK ÜÇÜN QƏRİBƏ ÜSUL

Yaponiyanın baş naziri Fumio Kişida Fukusima Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularının axıdılması ilə bağlı artan ictimai narahatlıqları həll etmək üçün kameralar qarşısında qəribə bir üsula əl atıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, F.Kişida və bəzi nazirlər naharda elektrik stansiyasının yaxınlığında dənizdən çıxan məhsullarla qidalanıblar.

Məlumata əsasən, dövlət rəsmilərinin bu addımı dənizə buraxılan suyun insan sağlamlığına mümkün mənfi təsirləri və ölkədə dəniz məhsullarının reputasiyasına xələl gətirməsi ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədi daşıyır.

İqtisadiyyat, nicarət və sənaye naziri Nişimura Yasutoşinin və Fumio Kişidanın Fukusimadan yığılan düyü və dəniz məhsullarından ibarət “saşimi” yediyi bildirilir.

Qeyd edək ki, 2011-ci ilin martında baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində yaranan sunami Fukusima Atom Elektrik Stansiyasında 4 nüvə reaktorundan 3-nə ziyan vurmuş, radioaktiv tullantılar səbəbindən elektrik stansiyasının ətrafı evakuasiya zonası elan edilmişdi.

 

FTB 21,7 MİLYON İNSANIN DNT MƏLUMATINI TOPLAYIB

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) 21,7 milyon DNT profili toplayıb ki, bu da ölkə əhalisinin təxminən 7 faizini təşkil edir və qurum bu məlumatların toplanması tempini artırmağı planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Intercept” portalı məlumat yayıb.

Bildirilir ki, 2024-cü maliyyə ilində qurum cari 56,7 milyon dollarlıq xərclərlə yanaşı DNT kataloqları ilə iş üçün əlavə 53,1 milyon dollar xərcləməyi planlaşdırır.

Həmçinin portal xatırladır ki, FTB-nin direktoru Kristofer Reyin sözlərinə görə, büro hər ay təxminən 90 min DNT nümunəsi toplayır və bu rəqəmi aylıq 120 min və ya, demək olar ki, ilə 1,5 milyonadək çatdırmaq niyyətindədir.

Ekspertlərin fikrincə, FTB-nin DNT kataloqunu sürətlə genişləndirməsi “vətəndaş azadlıqları üçün ciddi nəticələrə” malikdir, həmçinin bu, müstəqillik, azadlıq və günahsızlıq prezumpsiyası haqqında təsəvvürləri pozur.

 

BMT FRANSANI BU ADDIMA GÖRƏ CİDDİ TƏNQİD EDİB

BMT Fransanın məktəblərdə müsəlman qadınların geyiminə qadağa qoymasını ciddi şəkildə tənqid edib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi Marta Urtado Cenevrədə brifinq zamanı bəyan edib.

“Beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq, dinin və ya inancın təzahürünə, o cümlədən geyim seçiminə məhdudiyyətlərə yalnız istisna hallarda - ictimai təhlükəsizlik, ictimai asayiş, sağlamlıq və ya əhalinin mənəviyyatı ilə bağlı hallarda icazə verilir. Bundan başqa, insan hüquqları sahəsində beynəlxalq hüquqa əsasən, ictimai asayiş naminə görülən tədbirlər uyğun, zəruri və mütənasib olmalıdır”, - deyə BMT rəsmisi vurğulayıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının nümayəndəsi qeyd edib ki, digər məqam gender bərabərliyinə nail olmağın qadınların və qızların azad seçim etmələrinə maneələri başa düşməyi və geyim seçimləri də daxil olmaqla onların özlərinin qərar qəbul etmələrini dəstəkləyən mühitin yaradılmasını tələb etməsidir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.