DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

Aİ TRAMPIN SEÇKİLƏRDƏ MÜMKÜN QƏLƏBƏSİNDƏN ÇOX NARAHATDIR

Avropa İttifaqı Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsinin Avropa-Amerika iqtisadi münasibətlərinə necə təsir edəcəyi ilə bağlı ssenariləri araşdırır. Brüssel Trampın transatlantik ticarət müharibəsi aça biləcəyindən narahatdır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, agentliyə müsahibə verən Aİ rəsmisinin sözlərinə görə, birliyə üzv dövlətlər  arasında Trampın Ağ Evə qayıdışının Avropaya qarşı iqtisadi məcburi tədbirlərə səbəb olacağına inam var.

Aİ-nin nəzərdən keçirdiyi mümkün ssenarilərdən biri ABŞ-da Avropadan bütün idxala 10 faizlik rüsumun tətbiq edilməsidir. Brüssel həmçinin Trampın Amerikanın texnologiya nəhəngləri tərəfindən təqdim olunan rəqəmsal xidmətlərə görə Avropanın vergiləri ilə bağlı əks tədbirlərə əl atacağından çəkinir.

“Bloomberg” qeyd edir ki, Aİ və ABŞ Trampın ilk prezidentlik dövründə yaratdığı problemləri hələ də tam həll edə bilməyib.

BMT KOSOVO VƏ SERBİYAYA ÇAĞIRIŞ EDİB

BMT Kosovo və Serbiyanı Avropa İttifaqının Belqrad-Priştina dialoqu çərçivəsində normallaşma prosesi üzrə aktiv fəaliyyət göstərməyə və inkişafa nail olmağa çağırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, BMT baş katibinin xüsusi nümayəndəsi və təşkilatın Kosovodakı missiyasının rəhbəri Karolin Ziade hər iki ölkənin xoş niyyətlə hərəkət etməsinin vacibliyini bildirib.

Missiya rəhbəri qeyd edib ki, Kosovo və Serbiyanın vicdanla və dialoq çərçivəsində hərəkət etmələri mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, BMT rəsmisi Kosovonun serb dinarını qadağan etmək qərarının on minlərlə insana və ümumi iqtisadi vəziyyətə təsir etdiyini, bunun narahatlıq doğurduğunu vurğulayıb. O, siyasi təsirdən uzaq qanunun aliliyi prinsipinin həyata keçirilməsinin və dialoq prosesinə təsir edən həssas addımlardan çəkinməyin vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosovo hökuməti beynəlxalq təzyiqlər fonunda serb dinarını qadağan etmək barədə qərarının icrasını təxirə salıb və yerli serblər üçün keçid dövrü elan edib.

EKVADOR RUSİYA HƏRBİ TEXNİKALARINI ABŞ-A GÖNDƏRMƏK NİYYƏTİNDƏDİR

Ekvador köhnə Rusiya hərbi texnikalarını ABŞ-dan silah almaq müqabilində Ukraynaya göndərmək üçün Vaşinqtona verə bilər. “Teleqraf.com”un xəbərinə görə, bunu ABŞ dövlət katibinin köməkçisi Kevin Sallivan bəyan edib.

“Ekvador hökuməti hələ də bu məsələni nəzərdən keçirir. Bu, Rusiyanın öz ərazisinə müdaxiləsinə qarşı mübarizə aparan Ukrayna hökumətinə texnikanın ötürülməsinə yönəlmiş anlaşmadır”, - deyə ölkə rəsmisi bildirib.

Qeyd edək ki, Ekvador prezidenti Daniel Noboa bu ərəfədə bəyan etmişdi ki, Rusiya hərbi texnikalarını təxminən 200 milyon dollar dəyərində yeni ABŞ silahları ilə dəyişdirmək barədə razılığa gəlinib.

Məlumata görə, Ekvador ABŞ-a 6 Rusiya hərbi helikopteri, uzaqmənzilli raket və hava müdafiə sistemləri göndərə bilər. Texnikalar və sistemlər 1990-cı illərə aiddir.

Rusiya Xarici İşlər Nazirliyi və Kreml Ekvadorun qərarına sərt təpki göstərib. Rəsmi Moskvaya görə, Ekvador Rusiyanın razılığı olmadan bu avadanlıqları üçüncü tərəfə verməməyə borcludur.

ETİRAZÇI FERMERLƏR 25 MİN LİTR ŞƏRABI KÜÇƏYƏ TÖKÜBLƏR

İspaniyanın Syudad-Real əyalətində keçirilən etiraz aksiyasında fermerlər 25 min litrdən çox fransız şərabını küçəyə töküblər. “TASS” agentliyinin xəbərinə görə, etiraz aksiyasında bölgə iqtisadiyyatının ən mühüm sahəsinin müdafiəsi üçün çıxış edən 400-dən çox fermer traktorla iştirak ediblər.

Məlumata görə, şərab İspaniyanın hidroloji siyasətinə etiraz olaraq küçələrə dağıdılıb. Fermerlər kənd təsərrüfatı sektorunun yaşadığı kritik vəziyyəti də dilə gətiriblər.

Xatırladaq ki, fevralın 6-da İspaniyanın müxtəlif yerlərində fermerlərin etirazları başlayıb. O vaxtdan bəri etirazçılar traktorlarla ölkənin bir sıra magistral yollarında nəqliyyatın hərəkətini çətinləşdiriblər. Aksiyada 10-dan çox adam saxlanılıb, 1 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Bildirilir ki, fermerlər diqqəti sektorun düşdüyü çətin vəziyyətə yönəltməyə çalışır və Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar. Fermerlər aksiyaların önümüzdəki həftələrdə də davam edəcəyini açıqlayıblar.

İSTANBULDAKI TERRORDAN SONRA SAXLANILANLARIN SAYI 100-Ü KEÇİB

Türkiyənin İstanbul şəhərində Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum, törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT”  telekanalına açıqlamasında bildirib.

“Bu günə kimi 102 nəfər, həmçinin terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb. İstintaq hərtərəfli gedir və saxlanılanların xarici güclərlə əlaqəsi araşdırılır”, - deyə ölkənin ədliyyə naziri vurğulayıb.

Xatırladaq ki, hadisə fevralın 6-da günorta saatlarında baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Çağlayan rayon məhkəməsinin binasının girişində hücum edənlər DHKP/C terror təşkilatının iki üzvü olub. Terror aktı nəticəsində 2 nəfər ölüb, üçü polis olmaqla 6 nəfər yaralanıb.

POLİTOLOQ: AVROPA İTTIFAQI ÖZ PROBLEMLƏRİNİN ÖHDƏSİNDƏN GƏLƏ BİLMİR

Ümumavropa strukturları getdikcə daha çox nəzarətə can atır və təşkilat daxilində istənilən problemin öhdəsindən gəlməkdə acizdirlər. Bunu “Report” agentliyinə açıqlamasında polşalı politoloq, Beyrutdakı Sent-Jozef Universitetinin Tarix və Beynəlxalq Münasibətlər fakültəsinin professoru Yakub Koreyba bildirib.

“Fermerlər təkcə bu və ya digər qanuna etiraz etmirlər, bürokratik, mərkəzləşdirilmiş və eyni zamanda tamamilə təsirsiz bir qurum olan Avropa İttifaqının bütün modelinə etiraz edirlər”, - deyə professor vurğulayıb.

Ekspertin sözlərinə görə, bu o deməkdir ki, Aİ-nin daha çox güc tətbiq etmək istəyi, bir o qədər də effektsiz olur: “Avropalı fermerlərin vəziyyətinin səbəbi budur. Onları problemləri həll etmək iqtidarında olmayan, həm də bu problemləri yaradan bir institut idarə edir. Ursula fon der Lyayen vəzifələrini yerinə yetirə bilmədi. Əksinə, o, özünü sadə insanların taleyinə əhəmiyyət verməyən biganə Avropa bürokratı kimi göstərdi.

Politoloq sonda vurğulayıb ki, avropalılar bilmirlər ki, Aİ nə üçün mövcuddur, hədəfləri nədən ibarətdir və hansı məqsədlərə xidmət edir.

BVF-DƏN QLOBAL İNFLYASİYA TEMPLƏRİ İLƏ BAĞLI AÇIQLAMA

Beynəlxalq Valyuta Fondu hesab edir ki, qlobal inflyasiya templəri tədricən nəzərdə tutulmuş hədəflərə qayıdır, bu da qlobal iqtisadiyyata tənəzzüldən yayınmaq şansı qazandırır. “The Washington Post” qəzetinin verdiyi xəbərə görə, bunu Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva bəyan edib.

“Biz indi 2024-cü ildə yumşaq eniş etmək vəziyyətindəyik. Başqa sözlə, inflyasiya tənəzzülə səbəb olmadan tədricən hədəf səviyyələrə qayıdır. Bu, çox yaxşı xəbərdir”, - deyə Beynəlxalq Valyuta Fondunun rəhbəri bildirib.

Eyni zamanda, Kristalina Georgiyeva qeyd edib ki, qlobal iqtisadiyyatla bağlı proqnozlara təsir etməkdə davam edən geosiyasi amillər mövcuddur.

Kristalina Georgiyeva həmçinin xəbərdarlaq edib ki, geosiyasi gərginliklər artıq qlobal artım proqnozlarına kölgə salan bəzi parçalanmalara gətirib çıxarıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.