Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 32-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

28 oktyabr

  • Vətən müharibəsinin 32-ci günündə Azərbaycan Silahlı Qüvvələri Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının daha 13 kəndini işğaldan azad edib.
  • Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.
  • Müdafiə Nazirliyi məlumat yayıb: Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd "Osa" zenit-raket kompleksi, üç ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, altı ədəd D-30, beş ədəd D-20 və bir ədəd D-44 topu, iki ədəd 2A36 "Qiasint-B" topu, bir ədəd 120 mm minaatan, bir ədəd "Konkurs" tank əleyhinə raket kompleksi və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb.
  • Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsünü paylaşıb.
  • 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində həlak olanlar, xəsarət alanlar olub, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bu barədə Baş Prokurorluqdan bildirilib. Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 21-ə çatıb, 70-dən artıq şəxs isə yaralanıb.
  • Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi tviter səhifəsində etdiyi paylaşımda bildirib.
  • Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" agentliyinə müsahibə verib. Müsahibəsində Azərbaycan ordusunun döyüş meydanında qazandığı üstünlüyü xüsusilə vurğulayan ölkə rəhbəri işğal edilmiş ərazilərin xeyli hissəsinin bir ay ərzində azad olunduğunu diqqətə çatdırıb, qeyd edib ki, bu gün həqiqətən də Azərbaycan ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Döyüş meydanında məğlubiyyətə uğrayan, atəşkəs rejimini üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə də qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Azərbaycan isə ermənilər tərəfindən işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən döyüşləri dayandırmağa hazırdır. Artıq atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir. Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir… Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan Ordusunun düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!".
  • Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib.
  • Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

"Respublika".