100 YAŞLI CÜMHURİYYƏT
Türk dünyası

100 YAŞLI CÜMHURİYYƏT

Bu il qardaş Türkiyə dövlətinin yaranmasının 100 illiyi tamam olur. Bu möhtəşəm və əlamətdar tarix - qardaş ölkənin sevincli günü təkcə Türkiyədə deyil, bütün türk dünyasında qürurla qeyd edilir. Yüz il əvvəl, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan etdi. Beləliklə, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündən sonra Türkiyə Cümhuriyyəti türk dünyasında günəş kimi doğaraq ay-ulduzlu bayrağı yüksəltdi. Bütün bunlar isə heç də asan başa gəlmədi.

Dövlətin qurulması, onun inkişaf etdirilib yaşadılması uğrunda böyük mübarizələrdən və sınaqlardan keçildi. Belə ki, Birinci Dünya müharibəsinin sonunda imzalanan Mudros müqaviləsindən sonra İstanbul, İzmir və digər Osmanlı torpaqlarının xarici qüvvələr tərəfindən işğalı Türk Milli Hərəkatına təkan oldu. 19 may 1919-cu ildə Çanaqqala döyüşünün əsas simalarından biri olan Mustafa Kamal Paşa Samsuna gəlib, Sevr müqaviləsi ilə irəli sürülən bütün şərtləri ləğv edərək ölkənin torpaqlarının bütövlüyünü qorumaq məqsədilə istiqlaliyyət mücadiləsinə başladı. Ölkənin bütövlüyü və təhlükəsizliyi baxımından bu savaş olduqca böyük əhəmiyyət kəsb edirdi. Burada söhbət böyük Türk dövlətinin taleyindən gedirdi. Mustafa Kamal Atatürk bütün xain dövlətlərin məqsədini gözəl anlayırdı. Onun Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə ölkənin qurtuluşu uğrunda 1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başladığı mücadilə tam üç il sürdü. 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Nəticədə 1922-ci il sentyabrın 18-də ölkədəki bütün düşmən qüvvələr qovuldu və 1920-ci il aprel ayından etibarən özünü ölkənin qanuni hökuməti elan edən Ankara Hökuməti tərəfindən böyük Türkiyə dövlətinin əsası qoyuldu. Türkiyə Böyük Millət Məclisi həmin il noyabrın 1-də 623 illik Osmanlı sultanlığını ləğv etdi. Lozanna müqaviləsi Osmanlı İmperiyasının xələfi olan Türkiyə Respublikasının beynəlxalq aləmdə tanınmasını təmin etdi. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal ölkənin yeni və inkişaf etmiş respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar apardı.

1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürk TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Atatürkü ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası - Anayasa qəbul olundu. Harada türk var, orada sülh, barışıq var. Türklərin tarix boyu qazandığı zəfərlərin kökündə mənəvi amillərlə yanaşı, həm də hərb sənətini gözəl bilməsi, dövrünün ən yeni və mütərəqqi taktikalarına sahib olması dururdu. Yeni yaranan Cümhuriyyətin ilk illəri Türkiyə tarixinin çətin dövrü oldu. Yeni dövlət quruluşunu qəbul etmək istəməyən irticaçı qüvvələr çox idi və onlar ölkənin müxtəlif yerlərində təxribat və iğtişaşlar törədirdilər. Bütün bunlarla yanaşı, Mustafa Kamal Atatürk ölkəsini irticaçı qüvvələrdən qorudu və bölünməzliyini, möhkəmlənməsini təmin etdi. 1938-ci il noyabrın 10-da Atatürkün vəfatından sonra Türkiyə Cümhuriyyəti bir çox çətinliklərdən keçdi. Xüsusilə bu, 1950-1960-cı illərdə daha kəskin şəkil aldı. 1960-cı ilin 27 mayında ölkədə hərbi çevriliş baş verdi, Baş nazir Menderes, Prezident Cəlal Bayar başda olmaqla bütün hökumət və siyasi rəhbərlik, ümumilikdə, 200-dən çox şəxs həbs olundu. Hərbi tribunalın qərarı ilə Menderes və daha iki nazir korrupsiya ittihamı ilə edam edildi.

1961-ci ildə isə yenidən Konstitusiya qəbul edildi, hərbi çevrilişin rəhbərlərindən biri, Quru Qoşunları komandanı Camal Gürsel Türkiyənin 4-cü Prezidenti seçildi. Lakin həmin dövr də sakit keçmədi. 1960-1970-ci illər ölkə daxilində siyasi çaxnaşmalar, solçu və millətçi qüvvələrin toqquşmaları baş verdi. 1974-cü ildə Kipr türklərinə qarşı qırğınlara son qoymaq üçün adaya qoşun yeridən Türkiyə beynəlxalq müstəvidə ciddi haqsız təzyiqlərlə üzləşdi.

Türkiyə Cümhuriyyətində növbəti böhran isə 1980-ci ildə yarandı. Yeni prezidentin seçilməsi mümkün olmadığı üçün dərinləşən siyasi və iqtisadi böhran, sağ-sol mübarizəsinin küçələrdə silahlı toqquşmalarla müşayiət olunması ölkədə növbəti hərbi çevrilişə şərait yaratdı. 12 sentyabr çevrilişindən sonra hakimiyyət Baş Qərargah rəisi Kənan Evrenin rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasına keçdi. Ölkə iki il hərbi rejim tərəfindən idarə olundu, Türkiyənin Avropa Şurasında üzvlüyü donduruldu. 1983-cü ildə keçirilən parlament seçkilərində Turqut Özalın rəhbərlik etdiyi Ana Vətən Partiyası qalib gəldi və o, Baş nazir seçildi. 1989-cu ildə isə Prezident kürsüsünə yüksəldi. 1991-ci il parlament seçkilərində Süleyman Dəmirəlin başçılıq etdiyi Doğru Yol Partiyası qələbə çaldı və o, ölkənin yeni Baş naziri seçildi. İki il sonra 1993-cü ildə Turqut Özalın vəfatından sonra ölkənin 9-cu Prezidenti oldu. Sonrakı dönəmlərdə ölkə daxilində baş verən siyasi proseslər və dəyişikliklər Türkiyənin hər gün bir az da inkişafına səbəb olurdu. Qonşu və qardaş dövlətlərlə qurulan dostluq münasibətlərini də qeyd etmək olar.

Rəcəb Tayyib Ərdoğan 2003-cü il martın 14-də Türkiyənin baş naziri, 2014-cü il avqustun 10-da isə 21 milyon səslə konstitusiya dəyişikliklərinə əsasən, ilk dəfə olaraq xalq tərəfindən prezident seçilib. Göründüyü kimi, ötən 20 ildə Türkiyənin siyasi sistemində böyük dəyişikliklər baş verib, koalisyon hökumətlər ənənəsinə və parlamentin üstün idarəçiliyinə son qoyulub, prezident üsuli-idarəsinə keçid təmin edilib. Əsasən də, Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün miras qoyduğu Azərbaycan-Türkiyə münasibətləri müasir dünya liderləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksələn xətlə inkişaf etdirilir. Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə çalışmaqla bərabər, Azərbaycana da öz dəstəyini göstərir. Bəli, son 20 il ərzində qardaş Türkiyə dünya arenasında sözünün çəkisi olan ölkəyə çevrilib. Hazırda Türkiyə dünya miqyasında güclü, qüdrətli, müstəqil, milli maraqlara söykənən, o cümlədən bütövlükdə, türk dünyasını bir araya gətirən bir ölkədir. Həm iqtisadi və hərbi gücünə, həm də yürüdülən siyasətə görə dünyada istənilən platformada açıq şəkildə öz fikrini bildirən bir ölkəyə çevrilib. Ölkədə mühüm siyasi, iqtisadi addımlar atılır - bunun nəticəsində də əsaslı inkişafa nail olunub. Artıq Türkiyənin dövlət siyasətinin hədəfləri, istiqamətləri də bəllidir: Qardaş ölkə regional proseslərdə aktiv rol alır, qlobal məsələlərdə mühüm iştirakçı qismində çıxış edir, İstər Yaxın Şərq problemi, istər Azərbaycan və Ermənistan arasında sülhə nail olunması, istərsə də Ukrayna ilə bağlı gərginliklərdə Türkiyənin tutduğu mövqe bu dövlətin regional güc mərkəzinə çevrildiyini sübuta yetirir. Ən mühüm faktorlardan biri isə bütövlükdə Türk dünyasının vahid maraqlar ətrafında birləşməsinə nail olunmasıdır. Artıq bütün dünya bu faktı dəqiqləşdirdi - Azərbaycanın və Türkiyənin rəhbərlərinin müəyyənləşdirdikləri yol xəritəsinə əsasən, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında inteqrasiya daha da güclənəcək. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq və qardaşlıq isə təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Ramidə YAQUBQIZI,

"Respublika".