Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan
Məktublar

Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı və doğma Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzulayım.

Bu gün biz - Sizin həmvətənləriniz, dostlarınız indiki mürəkkəb tarixi dövrdə Azərbaycan xalqının öz Prezidenti və Ali Baş Komandanı başda olmaqla suveren maraqlarını necə inamla və ardıcıl surətdə qoruduğunu, iqtisadi və siyasi nailiyyətlərini artırdığını, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirdiyini, doğma Qarabağın hər qarış torpağının qorunmasında qətiyyətli olmasını bütün dünyaya nümayiş etdirdiyini, quruculuq fəaliyyəti ilə ölkənin daha sürətli inkişafı və firavanlaşması üçün möhkəm zəmin yaratdığını böyük qürurla izləyirik.

Üç il bundan əvvəl Sizin komandanlığınız altında şanlı ordumuz doğma Qarabağımızı və onun beşiyi olan Şuşanı işğaldan azad etdi. Sizin dövlət xadimi, sərkərdə, görkəmli siyasətçi və diplomat kimi böyük istedadınız Ağdam, Laçın və Kəlbəcəri qan tökmədən geri almağa, bir qədər sonra isə ildırım sürəti ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün tam bərpa olunmasına imkan yaratdı.

Cəmi üç il keçib, amma bu müddət ərzində çox böyük işlər görülüb. Bu gün əsl qurucu dövlət xadimi kimi Siz bu şəhərləri dirçəldirsiniz. Bu, xalq üçün əsl xoşbəxtlikdir, Liderin zəfəridir!

Bugünkü dünyada Sizin kimi ölkəsinə bu qədər müdrikcəsinə rəhbərlik edən, öz xalqının və dünya ictimaiyyətinin böyük etimadını qazana bilən dövlət başçısı tapmaq qeyri-mümkündür.

Çox hörmətli İlham Heydər oğlu, Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ərəfəsində doğma Vətənindən kənarda yaşayan milyonlarla həmvətənimiz Sizin fəaliyyətinizi yekdilliklə dəstəklədiyini bəyan edir, Azərbaycanın tərəqqisini və rifahını yalnız və yalnız Sizin fəaliyyətinizlə bağlayır. Uca Yaradan Sizə bu yolda güc-qüvvət və səbir versin!

Qarşıdan gələn il Sizə və bütün Azərbaycan xalqına əmin-amanlıq, daha böyük uğur və xoşbəxtlik gətirsin! Sizə və yaxınlarınıza səadət və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Natiq AĞAMİROV,

Rusiya Notariuslar Assosiasiyasının sədri,

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, professor.