İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turnirinə yekun vurulub. Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunan turnirdə üçüncü yer uğrunda görüş və final oyunu keçirilib. Günün ilk matçında "Sərhədçi-Dilbaz" komandası "Omar"ı 2:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub. Final görüşündə isə "Sərhədçi-Qarabağ"ı 4:1 hesabı ilə üstələyən "Polad" komandası Prezident Kuboku turnirinin qalibi adını qazanıb. Sonda turnir iştirakçılarının və hakimlər briqadası üzvlərinin təltif edilməsi mərasimi olub. İlk üç yeri tutan komandalar müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, turnirin qalibi olan "Polad" komandası kubok ilə təltif olunub. Çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turnirində "Sərhədçi-Qarabağ", "Polad", "Köhlən", "Şirvan", "Sərhədçi-Dilbaz", "Omar", "Zəfər" və "Embawood" olmaqla 8 komanda iştirak edib.

Taekvondoçular mükafatlandırılıblar

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan çempionatında yeniyetmələrin mübarizəsi başa çatıb. Yarışda fərqlənən idmançıların mükafatlandırılma mərasimi baş tutub. Bakı İdman Sarayında keçirilən yarışa Bakı, Sumqayıt və Abşerondan ümumilikdə 76 komanda qatılıb. Turnir dekabrın 28-də yekunlaşacaq.

Kiber triatlon yarışı keçirilib

Bakıda "Triterra Baku Triathlon Club" və "Cyber Athletics Azerbaijan"nın birgə təşkilatçılığı ilə "CYBERWinD Olympic Series" adlı ilk kiber triatlon yarışı baş tutub. Yarış Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə keçirilib.Turnirdə "Triterra", "Metak", "Tristar" və "World Class Azerbaijan" klublarının təmsilçilərindən ibarət  17 idmançı iştirak edib. Reqlamentə əsasən, atletlər 40 kilometrə bərabər virtual məsafəni qət ediblər. Finişə birinci Teymur Fərəcov ("Triterra" klubu) çatıb. Elçin Əliyev ("Tristar") ikinci, Zaur Arkania ("Triterra") üçüncü olub. Kiber triatlon üzrə yarış Azərbaycanda ilk dəfə təşkil olunub. Turnirin gələcəkdə E-İdman Olimpiadasında Azərbaycan təmsilçilərinin müəyyən olunması üçün təsnifat xarakter daşıyacağı gözlənilir.

Nərgiz İSMAYILOVA,

"Respublika".