Milli Məclisin payız sessiyası başa çatıb
Siyasət

Milli Məclisin payız sessiyası başa çatıb

Dekabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında son iclası keçirilib.

İclasda, əvvəlcə cari məsələlərin müzakirəsindən sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. O, birinci məsələnin "Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasına Əlavə Protokol"un təsdiq edilməsi haqqında" qanun layihəsi olduğunu deyib. Sahibə Qafarova beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini diqqətə çatdırıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsini təqdim edib. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri növbəti məsələnin "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyib və bu sənədin də bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi barədə məlumat verib.

Sahibə Qafarova və komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənədin mətnində hər hansı əlavə dəyişikliyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova digər iki məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, sənədlərin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Sahibə Qafarova qeyd edib ki, bu, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələridir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin Müraciəti ilə bağlıdır.

İclasda deputat Nurlan Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətini oxuyub.

Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciəti səsə qoyularaq qəbul edilib.

Milli Məclisin payız sessiyasının son iclasına yekun vuran Sahibə Qafarova bildirib ki, bu gün payız sessiyasının son iclasıdır. Bu gün biz həm sessiyaya, həm də 2023-cü ilə yekun vururuq.

Payız sessiyası və il ərzində görülmüş işlər haqqında məlumat verən Sahibə Qafarova diqqətə çatdırıb ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulub.

Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirilib. Payız sessiyasında parlamentin 16 iclası olub, 100 qanun və qərar layihəsinə baxılıb. Ümumiyyətlə, 2023-cü ildə Milli Məclisin 39 plenar iclası keçirilib, 268 qanun və 27 qərar qəbul edilib.

Sahibə Qafarova xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclisin mayın 16-da və iyunun 14-də keçirilən xüsusi iclaslarını başa çatan ilin ən önəmli hadisələri sırasında qeyd edib.

Milli Məclisin payız sessiyasını və 2023-cü ili uğurla başa çatdırdığını deyən Sahibə Qafarova bununla əlaqədar deputatlara səmərəli iş üçün təşəkkür edib.

Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan bayramlarımız gəlir. Sabah xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra isə Yeni ili qeyd edəcək.

Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni böyük uğurlar arzulayaq.

Parlament sədrinin təklifi alqışlarla qarşılanıb.

Çıxışının sonunda parlamentin sədri Milli Məclisin 2023-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2023-cü il payız sessiyasının sonuncu plenar iclası başa çatıb.

“Respublika”.