Bütün vədlər, qarşıya qoyulan vəzifələr şərəflə icra edilir
İqtisadiyyat

Bütün vədlər, qarşıya qoyulan vəzifələr şərəflə icra edilir

20 il öncə, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin çağırışına səs verdi və oktyabr ayının 15-də keçirilən prezident seçkilərində İlham Əliyev səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni mərhələ başlandı.

31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bəyan etmişdi: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir". Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi.

 Prezident İlham Əliyev seçildiyi ilk gündən uzun və şərəfli bir yola çıxdı. Ötən iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi, insanların rifah halının daha da yaxşılaşması üçün çalışdı. Ölkəmizin siyasi, iqtisadi imkanları genişləndirildi, müasir Ordumuz yaradıldı, dövlətin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi. Artıq regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Andiçmə mərasimində söz verdiyi kimi ölkə başçısı işğal altında olan torpaqlarımızın azad edilməsi məsələsini layiqincə yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilərək, Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirildi.

Ölkə başçısı Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi, güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, yenilməz Silahlı Qüvvələrin yaradılması yolunda var qüvvəsi ilə çalışdı. Əlbəttə ki, ölkənin güclü orduya sahib olması üçün güclü iqtisadiyyatı olmalıdır. Düzgün siyasət nəticəsində Azərbaycan həm də iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər sırasında yer aldı.

Əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artıb və bu vəsait həm sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edir. Azərbaycan dövlətinin qarşısında duran ən prioritet məsələlərindən biri də güclü ordu quruculuğudur. Bu məqsədlə, hərbi xərclər artırılır, ordu ən müasir silah və texnika ilə təchiz olunur, ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilir, onların xidmət və məişət şəraiti daha da yaxşılaşdırılır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub. Bu, 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı bir daha təsdiqini tapdı. 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü bərpa edildi. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyü, sentyabr ayında isə cəmi 24 saata dövlətimizin suverenliyi tam bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş oldu.

Prezident İlham Əliyevin liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycan firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib. Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyub. Ümumilikdə, 2021-2023-cü illərdə dövlət başçısı 105 layihənin təməlqoyma mərasimində, 63 müxtəlif təyinatlı tikinti obyektinin isə açılışında iştirak edib. Böyük Qayıdış planına uyğun olaraq bir çox yaşayış məntəqələrinə artıq sakinlərin köçürülməsi həyata keçirilib. Cəmi 9 aya Füzuli Beynəlxalq Hava Limanı inşa edilib, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. Hələ qarşıda daha böyük perspektiv və uğurlar var.

Ramidə YAQUBQIZI,

"Respublika".