Afrikanı zəhərləyən Fransanı Aİ kimi konqlomerat təşkilatda ittiham etmək mənasızdır
Siyasət

Afrikanı zəhərləyən Fransanı Aİ kimi konqlomerat təşkilatda ittiham etmək mənasızdır

"Fransanın Avropa hüdudlarından kənarda idarə etdiyi ərazilər müstəmləkəçi Fransa imperiyasının iyrənc qalıqlarıdır". Prezident İlham Əliyevin bu fikirləri oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans ərəfəsi təşkil olunan mətbuat konfransı zamanı Afrika dövlətlərinin təmsilçilərinin çıxışları ilə üst-üstə düşüb. Onlar Fransanın müstəmləkəçilik siyasəti nəticəsində həmin ərazilərin tamamilə iflic olduğunu bildiriblər.

Martinika və Qvadelupadan olan nümayəndələrin çıxışları zamanı səsləndirdiyi fikirlər isə bomba effekti yaradıb. Onlar bildiriblər ki, Fransanın Afrika ölkələrində banan yetişdirmək üçün nadir kimyəvi maddələrdən istifadə etməklə, torpaqları çirkləndirməsi Afrika ölkələrinin əhalisi arasında xəstəliklərin artmasına səbəb olub. Bu maddələrin molekulları, hətta ana südündə də tapılıb. Bununla bağlı tədbir görüldüyünü, lakin problemin hələ də həllini tapmadığını bildirən nümayəndə fransız alimlərinə müraciət etdikdə, bütün bunların Afrikadakı antisanitar şəraitlə bağlı olduğunu bildiriblər. Qısaca Afrikanı hələ beşikdəcə zəhərləyən Fransa bu gün ağızdolusu humanizmdən danışır. Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol və Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Qaston Samut və Jan Jakob Bisep Bakıda mətbuat konfransı zamanı bildiriblər ki, Fransa həmçinin dilimizə də açıq müdaxilədən çəkinmir: "Fransanın təhsil sistemi elə qurulub ki, gənc nəsil yalnız fransız dilindən istifadə etməyə məcburdur. Çünki Fransa dənizaşırı ərazilərin yerli əhalisini assimilyasiya etməyə çalışır. Bu, gənclərin bir-biri ilə ünsiyyətdə öz ana dilindən tam istifadə edə bilməyəcəyi problemi ilə nəticələnə bilər".

Bəli, göründüyü kimi, qəsbkar Ermənistana açıq dəstək verib, "bacı" deyə ithaf edən neokolonist Fransa əsla insan hüquqları və tolerantlıqdan bəhs etməməlidir. Martinikada məscid tikilməsinin qarşısını almaq məqsədilə süni maneələr yaradan Fransa hakimiyyəti məscidin tikintisini 25 il gecikdirib. Afrika və Korsika adalarından olan nümayəndələr Fransanın müstəmləkəçilik siyasətinin iflasa uğradığını və rəsmi Parisin hər gün yeni mövqelər itirdiyini bildirib. Lakin keçmişdəki nümunəyə baxsaq, Fransanın ərazi itirməsinin mülki insanlar üçün faciəvi sonluqla başa çata biləcəyi ehtimalı da mövcuddur. Belə ki, Fransa ötən əsrin 50-ci illərindən sonra müstəmləkəsi olan Əlcəzairdən məcbur çıxdığı zaman orada kütləvi qırğınlar törədib. Bu qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib. Bu baxımdan, Fransa əlindən yavaş-yavaş çıxan müstəmləkələrdə terror başlayıb. Nümayəndələr bildiriblər ki, Fransa Qvadelupa və Martinikada süni işsizlik yaradaraq gəncləri narkotik aludəçisinə çevirir. Onların dediyinə görə, fransızlar yüksək vəzifələr tutur, lakin yerli əhalinin nümayəndələri aşağı vəzifələrdə qalırlar. Həmçinin qeyd edilib ki, Fransanın iqtisadiyyatını inkişaf etdirmək üçün onlardan qul kimi istifadə edilib. Nigeriya, Senaqal kimi ölkələr də müstəmləkəçiliyə məruz qalırlar. Onlar azad olmaq üçün mübarizə aparırlar.

Avropa İttifaqının (Aİ) da fəaliyyətini sərt tənqid edən nümayəndə heyəti onların müstəmləkə ölkələrinin konqlomeratı (bir-birinə uyuşmaz elementlərin, hissələrin bir yerdə birləşməsi) olduğunu və buna görə də problemi həll etmək üçün Aİ-dən dəstək gözləməyin mənasız olduğunu vurğulayıblar. Həqiqətən də, Aİ-nin iclaslarına nəzər yetirdikdə ancaq gündəlik daxili məsələləri müzakirə etdiklərini və mövzu olmayanda Azərbaycana qarşı əsassız bəyanat verdiklərini görürük. Oktyabrın 18-də Azərbaycanla sərhəd ərazilərə səfər edən Aİ missiyası ölkəmizi "işğalçı" adlandırıb. Sərsəmləyən Aİ işğalçı dövlətdə işğalçıya dəstək verərək torpaqların əsl sahibi olan Azərbaycanı işğalçı adlandırıb. Məhz bu gedişatın məntiqinə əsaslansaq, nə Fransanın müstəmləkəçilik siyasətindən əl çəkəcəyinə, nə də Aİ və bəzi ikibaşlı siyasət aparan təşkilatların Azərbaycana haqlı dəstək verəcəyinə inanmaq tamamilə absurddur.

Tacir SADIQOV,

"Respublika".