“Ağ qızıl
Digər xəbərlər

“Ağ qızıl"ın intibah dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Ağcabədililərin ölkə pambıqçılığında birincilik sevinci

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə bütün imkanlardan istifadə edərək, respublika iqtisadiyyatını dirçəltməyi qarşıya məqsəd qoydu və bunu bacardı. Həmin illərdə ölkəmizdə bir çox sənaye müəssisələri açılır, aqrar sektor inkişaf edir. Azərbaycan məhz o illərdə özünün pambıqçılıq, ipəkçilik, quşçuluq, heyvandarlıq sektorlarını bütünlüklə qura bilir. Qısa vaxt ərzində ən böyük inkişaf isə məhz pambıqçılıq sahəsində yaşanır. 1969-cu ildən əvvəl ümumilikdə Azərbaycanda pambıq istehsalı cəmi 300 min ton idisə, 70-80-ci illərdə təkcə Ağcabədidə 100 min ton pambıq istehsal olunurdu.

Hələ neçə il öncə rayonumuzun yaşlı sakinləri, təsərrüfat adamları ilə söhbət zamanı onlar da təsdiqləyirdilər ki, həmin dövrdə pambıq istehsalına görə 100 min ton həddini keçən 3 rayondan biri məhz Ağcabədi idi. Bu uğurların qazanılmasında kəndlilərin, zəhmətkeşlərin göstərdiyi hünər, zəhmət, əlbəttə, əvəzsiz qalmırdı. Əvvəla, pambıqçılıq onların əsas gəlir mənbəyi olduğu üçün bu sahəyə göstərilən diqqət həm də zəhmətkeşlərin yaşayış səviyyəsinin yaxşılaşmasına kömək idi. Həmçinin, o dövrdə rayonumuzdan 3 nəfər - Suqra Mədətova, Güləbətin Məmmədova, Şaban Rzayev "Sosialist Əməyi Qəhrəmanı" adına, müxtəlif mükafatlara layiq görülmüşdülər.

Heydər Əliyev o illərdə Ağcabədiyə 4 dəfə (1970, 1974, 1978 və 1982-ci illərdə) səfər etmişdi. Bu səfərlər zamanı pambıq tarlalarında, tarla düşərgələrində, Paşa Qasımovun, Qibləli Ağayevin, Aslan Quliyevin, Tapdıq Qəmbərovun, Teyyubə Rəhimovanın və digərlərinin briqadalarında olmuş, zəhmətkeşlərlə görüşüb onların problemləri, qayğıları ilə maraqlanmışdı. Ağcabədi rayon Heydər Əliyev Mərkəzində (o vaxt hələ muzey adlanırdı) çalışdığım ilk zamanlarda - 2007-2008-ci illərdə digər əməkdaşlarla birgə həmin səfərlər zamanı ulu öndərlə görüşən insanların xatirələrini toplamaq üçün kəndbəkənd gəzib müsahibələr, məqalələr hazırlayırdıq. Sonra rayon rəhbərliyinin dəstəyi ilə həmin xatirələrin yer aldığı "Heydər Əliyev və Ağcabədi" adlı kitab çap olundu. O vaxt söhbətləşdiyimiz insanların əksəriyyəti indi həyatda yoxdur. Amma onların dahi liderimizlə bağlı söylədikləri xoş sözlər, onun sadəliyi, qayğıkeşliyi, bununla yanaşı, tələbkar olması ilə bağlı xatirələri həmin kitabda əbədi olaraq qalacaq.

Bu yazını hazırlayarkən sözügedən kitaba bir daha nəzər saldım. Bəzi məqamlarda dodağım qaçdı, bəzi məqamlarda kövrəldim, duyğulandım. Ulu öndərin pambıqçılarla görüşlərindən bəhs edən kiçik bir hissəni sizinlə bölüşmək istərdim. Rəncbərlər kənd sakini olmuş (dünyasını dəyişib) İbrahim Hacıyevin xatirələrinin yer aldığı "Unudulmaz görüş" adlı yazıda qeyd edilir: "1982-ci ilin iyul ayının əvvəllərində Heydər Əliyev çalışdığım Əlinağı Bünyatov adına kolxoza gəlmişdi. Adamlarla görüşdü. O, danışdıqca bir-bir insanları süzür, sanki onların qəlbindən keçənləri duyur və fikirlərini oxuyurdu. Heç kim məni qınamasın. Görənlər bilir, görməyənlər də bilsin. Heydər Əliyevlə üzbəüz olan hər bir adam onun nüfuzedici baxışlarının və aydın, məntiqli sözlərinin sehrinə düşürdü. Onun nəzərindən heç kim və heç nə yayına bilməzdi. Heyranlıqla ona qulaq asdığımız yerdə, birdən sol əli ilə sol tərəfdə pambıq tarlasının kənarında səliqəli qaydada düzəldilmiş və gözəl rənglərlə yazılmış dəmir lövhəni göstərərək gülə-gülə əlavə etdi: "Bax, orada, o dəmir lövhədə yazılıb ki, kolxozumuzun pambıqçıları bu il 5224 ton pambıq məhsulu toplayıb dövlətə təhvil verəcəklər. Elə bil, aptekə girib aptek tərəzisi ilə çəkib pambıq alacaqlar. Belə dəqiqliklə necə demək olar? Bir az ağılla yazmaq lazımdır. Hissiyyata qapılmaq lazım deyil..."

Əmək veteranı olmuş, Boyat kəndində yaşamış Humay Həsənovanın da özü dünyasını dəyişsə belə, sözü "Heydər Əliyev və Ağcabədi" kitabında qalır, yaşayır:

"Heydər Əliyev mənə deyərdi ki, sən mənim qızımsan. Əl ilə ki, 17-18 ton pambıq toplayırsan, sənin kimilərini mən öz qızım hesab edirəm... Mən "Pambıq ustası" adını alanda Heydər Əliyev mənə 4 xalça, çay dəsti, müxtəlif ev əşyaları və daha nələr mükafat vermişdi. Hazırda yaşadığım evin tikinti materiallarını da Heydər Əliyevin göstərişi ilə yardım kimi vermişdilər".

Bu gün Heydər Əliyev ideyalarını yaşadan, onun siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı gördüyü işlər, kənd təsərrüfatının bir çox sahələrinin, xüsusilə pambıqçılığın dirçəldilməsi ilə bağlı atdığı addımlar təsərrüfatçıların yenidən bu sahəyə maraq göstərməsinə imkan yaradıb. 2016-cı ildən başlayaraq pambıqçılığa verilən dövlət dəstəyi sayəsində bu sahənin sürətli inkişafına nail olunduğu aydın görünür. Bir ağcabədili kimi qürurla deyə bilərəm ki, pambıq istehsalında indi rayonumuz ötən əsrin 70-80-ci illərində qazandığı şöhrəti yenidən geri qaytarır.

2018-ci ilin 5 noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olmuşdular. Pambıqçılarla söhbət zamanı bu sahənin inkişaf etdiyini, yüzlərlə texnika alındığını, burada ilboyu iş olduğunu bildirən dövlət başçısı onların həm öz ailə büdcələrini yaxşılaşdırdıqlarını, həm də dövlətə xeyir verdiklərini xüsusi qeyd etmişdi.

Əlbəttə, dövlət tərəfindən göstərilən diqqət və qayğı pambıqçılığın gündən-günə inkişaf etməsinə səbəb olub. Ölkə başçısının 2018-ci ildəki səfərinədək 20 min 497 ton pambıq təhvil verən Ağcabədidə məhsul istehsalı ilbəil artmağa başladı. Və nəhayət, 2021-ci ildə rayonda 11 min hektar sahədə pambıq əkilib, 33517,2 ton məhsul istehsal edilmişdisə, 2022-ci ildə artıq bu hədd 40 min tona çatdırılıb. Beləliklə, ötən il rayon üzrə 11836,6 hektar sahədə pambıq əkilmiş, indiyədək tarlalardan 40362,67 ton pambıq yığılıb emal müəssisələrinə təhvil verilmişdir.

Bəli, 2022-ci il üçün pambıq istehsalına görə respublikada ilk yeri tutan Ağcabədidə təsərrüfatçılar bu birinciliyi bayram kimi qeyd edirlər.

Qazanılan uğurlar və qarşıda duran işlərlə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırov deyir ki, Ağcabədi rayonu 40362,67 ton məhsul istehsal edərək, ötən ilin sonunda respublikada birinci olmuşdur. Əvvəlki illərlə müqayisədə rayon əhalisi pambıqdan daha çox bəhrələnmiş, fermerlərə dövlət tərəfindən 6861 min manat subsidiya verilmiş, 32 milyon manata yaxın isə məhsuldan gəlir əldə olunmuşdur. Bunun nəticəsində rayonun fermerləri və bu sahə ilə məşğul olan digər adamların həyat şəraitinin yaxşılaşması üçün əlverişli şərait yaranmışdır. İlk dəfə olaraq rayonda 11 min 838,6 hektar sahədə pambıq əkilmiş və yüksək səviyyədə becərilmiş məhsulun sonda 40362,67 ton olmasına nail olmuşuq.

Şöbə müdiri sözünə davam edərək bildirir ki, elə bilirəm, 2023-cü ildə həmin rəqəmin hektardan məhsuldarlığına təkrar nail olacağıq. Bu da Ağcabədi fermerlərinin həyat şəraitinin yaxşılaşmasında və işlə təmin olunmasında başlıca amil olacaqdır. Keçənilki nəticəni nəinki təkrarlamaq, hətta hektardan məhsuldarlığı artırmağa nail olacağıq. Bunun üçün yetərincə əsas var. Fermerlər indiyə qədər zavodlarla 8536 hektar sahədə pambıq əkini üçün müqavilə bağlayıb. Buna baxmayaraq, rayonda şumun aparılması sürətlə gedir. Rayonda 10 min hektardan artıq pambıq müqaviləsi bağlanmağı nəzərdə tutulub. 10 min hektarın hər hektarından 2022-ci ildə əldə olunmuş göstərici daha yüksək rəqəm əldə olunması planlaşdırılır. Bunun üçün fermerlər, zavod rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə bu sahə ilə məşğul olan mütəxəssislərlə birlikdə rayon rəhbərinin görüşü olub, 2023-cü ildə Ağcabədi rayonunda pambığın xüsusi rolu olacağının da önəmi qeyd edilib. Biz əhalini bütün keçirilən görüşlərdə bu sahədə istiqamətləndiririk. Pambığa çəkilən zəhmət heç vaxt nəticəsiz qalmır. Ona görə də 2023-cü ildə hər hektardan məhsuldarlığın daha yüksək olmağını proqnozlaşdırmışıq və elə bilirəm ki, bu hədəfə çatmaqda heç bir çətinlik çəkməyəcəyik".

"P-Aqro" MMC şirkətinin Ağcabədi filialının direktoru Süleyman Süleymanov sahənin gələcək inkişafı ilə bağlı yeni tikilən pambıq emalı zavodundan söz açaraq deyir ki, "P-Aqro" MMC şirkətinin Ağcabədi filialı 2022-ci təsərrüfat ili üçün 2200 hektar sahədə pambıq əkmişdir. Pambığın əkilməsi və becərilməsi üçün aqrotexniki qaydalara əməl olunmuşdur. Və bunun nəticəsidir ki, hər hektardan məhsuldarlığımız 36,5 sentner olmuşdur. Ümumilikdə, 8 min tondan artıq məhsul toplanmışdır. Pambığın əkilməsində, becərilməsində 80 traktordan, 10 ədəd pambıqyığan maşından istifadə olunmuşdur, məhsulumuzu son qozasına qədər yığıb təhvil vermişik. Hazırda növbəti ilin müqaviləsi bağlanılır. Dövlət başçısının pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıya görə "P-Aqro" şirkətinin rəhbərliyi Ağcabədi rayonunda pambıq emalı zavodu tikməyi qərara almışdır.

Məhsəti MUSA,

Ağcabədidə çıxan "Aran" qəzetinin redaktoru.