Ailəmizin çətiri altında gələcəyin birgə inşası
Siyasət

Ailəmizin çətiri altında gələcəyin birgə inşası

"Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

Prezident İlham Əliyevin cəmiyyətimizə və dünyaya verdiyi mesajlar arasında ölkənin xarici siyasətinin gələcək prioriteti barədə çox vacib fikirlər var idi. XXI əsrdə dünyada gedən proseslərdə ikili standartlar sürətlə artır. Yeni dünya düzəninin formalaşmasının labüd olduğu, güclər balansının dəyişəcəyi bir dövrdə türk dövlətlətinin, ümumilikdə türk dünyasının bəşəriyyətdə gedən proseslərə nəzarət blokuna qayıtması üçün əlverişli imkan yaranıb. Bu türk dövlətləri üçün olduqca yeni prosesdir. Çünki XX əsrdə dünyada təkcə Türkiyə Cümhuriyyəti mövcud idi ki, o da NATO-ya üzv idi və demək olar ki, müstəqil xarici siyasət yürüdə bilmirdi. Bu günün reallığı isə tamamilə fərqlidir.

SSRİ dağılandan sonra dünyanın xəritəsində 5 yeni türk dövləti yarandı. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan bu gün Avrasiya məkanında çox vacib rol oynayır. 2009-cu ildə yaranan Türk Dövlətləri Təşkilatı (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) da türk dünyasının inkişafına, türkdilli dövlətlərin birgə əməkdaşlığına böyük töhfə verdi. Azərbaycan-Türkiyə qardaşlığı isə təşkilatda lokomotiv rol oynayır. İki dövlət arasında mövcud əməkdaşlıq bölgədə reallıqları dəyişəcək qədər güclüdür. Hərb sahəsində imzalanan birgə müqavilələr gələcəkdə "Bir millət, bir ordu, iki dövlət" şüarının başlanğıcı hesab oluna bilər.

Türk dünyasının aparıcı dövlətlərindən biri də Qazaxıstandır ki, son dövrlərdə sözügedən dövlətin fəallığı xüsusi hiss olunur. Ümumiyyətlə, ortaq türk əlifbası və dili, ortaq pul vahidi və ortaq ordu kimi məsələlərin həll olunması yaxın onilliklərdə türk dövlətlərini dünyanın supergücünə çevirəcək.

Ölkə başçısının toxunduğu ən vacib məsələlərdən biri də türk dünyasının uğurla icra etdiyi gənclər siyasətidir. 2020-ci ildə alimlərin araşdırmalarına görə türk dövlətlərində median yaş 30-35 arasındadır. Qeyd edək ki, bəzi Qərb dövlətlərində bu göstərici 40, bəzilərində isə 45 və daha yüksəkdir. Türk dünyası gənc dünyadır. Türk dünyasının gəncləri bəşəriyyətin gələcək taleyinin aparıcı qüvvəsidir. Gənclərin iş imkanlarının və məşğulluq səviyələrinin yüksəldilməsi ən başlıca məqsədlərdən biridir. Azərbaycan əhalisinin 2023-cü ilin yanvarın 1-i vəziyyətinə görə 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir. Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib: gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı; istedadlı gənclərə dövlət qayğısı; gənclərin sağlamlığının qorunması və fiziki inkişafı; gənclərin məşğulluğunun təmin edilməsi; gənc ailələrə dövlət yadımı və gənclər təşkilatlarına dövlət yardımı. Bu siyasət isə təkcə ölkəmizdə deyil, bütün türkdilli dövlətlərdə paralel olaraq həyata keçirilir. Türk birliyinin, qardaş xalqlar arasında tarixən mövcud olmuş mədəni bağların daha da genişləndirilməsi, yeni nəslin bu istiqamətdə verə biləcəyi töhfələr türk dövlətləri üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycanda 2007-ci ilin "Gənclər İli" olduğunu nəzərə alsaq, xüsusilə həmin dövrdən sonra ölkədə gedən proseslərdə gənclərin rolunun getdikcə artdığını müşahidə etmək olar. Belə ki, 2012-ci ildə Gəncə, 2013-cü ildə Biləsuvar, 2014-cü ildə Quba, 2015-ci ildə İsmayıllı, 2016-cı ildə Şəmkir, 2017-ci ildə Balakən, 2018-ci ildə Naxçıvan MR, 2019-cu ildə Şamaxı, 2020-ci ildə Masallı, 2021-ci ildə Göygöl, 2022-ci ildə Tovuz və 2023-cü ildə Mingəçevir "gənclər paytaxtı" olmuşdur. Bu il isə türk dünyasının Gənclər Paytaxtı Lənkəran şəhəri seçilmişdir. 2025-ci ildə isə bu status Sumqayıta keçəcək. Beləcə, ölkədə gənclər siyasətini uğurlu perspektivləri türk dünyası üçün təcrübə, dünya üçün isə nümunə olmuşdur.

Mənsub olduğumuz ailə, türk ailəmiz sabahın uğurla açılan mənzərəsidir. Türk dövlətləri gələcəyin gəncləri ilə öz müqəddəratını həll etməkdən əlavə, bəşəri məsələlərə münasibət və dünyanın supergücü olmaq planlarını da özündə əks etdirir. Bir soydan, bir kökdən ibarət dövlətlər bir çətir altında öz əməllərini daha sıx birləşdirməli, yad qüvvələrin təsirlərinə qarşı türkün gücünü göstərməlidirlər. Bunun üçün də türk dünyası ortaq dil və əlifba, ortaq pul vahidi kimi məsələləri həll etməli və türkün nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirməlidir.

Tacir SADIQOV,

"Respublika".