AŞPA-nın ölkəmizə qarşı riyakarlığı bitmir
Siyasət

AŞPA-nın ölkəmizə qarşı riyakarlığı bitmir

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq siyasətinə son qoydu. 30 il düşmən tapdağında qalan torpaqlarını azad etdi. Lakin xain qonşunun və ona arxa çıxan havadarlarının mənfur əməlləri bitmədi.

Azərbaycan qarşı tərəfə sülh, barışıq əlini uzadaraq, qanunsuz erməni silahlı dəstələrinin, separatçıların Qarabağı və Şərqi Zəngəzuru tərk etməsini tələb etdi. Ermənistanın məsələyə biganə yanaşmasını və Qərbin də onlara havadarlığını nəzərə alan dövlətimiz ötən il aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın dövlət sərhəd-buraxılış məntəqəsini qurmaqla ərazi bütövlüyünü, sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri zamanı isə suverenliyini təmin etdi. Bununla da ölkəmiz təkcə erməni təxribatlarının qarşısını almadı, eyni zamanda ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını bütün dünyaya sübut etdi. Bunu həzm edə bilməyən qüvvələr, xüsusilə Qərb ölkəmizi Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, bölgədə guya humanitar böhran yaratmaqda günahlandırmağa çalışdı. Sözsüz ki, bütün bunlar əsassız, cəfəng iddialardır və Azərbaycanın daxili işinə qarışmaqdan başqa bir şey deyil. Qərbin və yaxud qərbyönümlü dövlətlərin ölkəmizə qarşı qərəzi bu gün də davam edir.

Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycana qarşı total hücumlar səngimək bilmir. Erməni lobbisinin təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamentindən sonra Avropa Şurası Parlament Assambleyası da qərəzli, ikili standartlarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Qurum Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edib. Məqsəd hər vəchlə müstəqil xarici siyasət yürüdən Azərbaycanı hədəfə almaqdır. Yəni 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞPA-nın bu mövqeyi qərəz və qısqanclığın nəticəsidir. 2001-ci ildən təşkilata üzv olan Azərbaycana qarşı ermənipərəst qüvvələrin hücumları səngimək bilmir. Fransa da başda olmaqla bir sıra dövlətlər ard-arda qərəzli qərarlar qəbul etməkdən usanmırlar. Bu dəfə də anti-Azərbaycan şəbəkəsinə Avropa Şurası Parlament Assambleyasını da qoşmağa müvəffəq olublar.

Təşkilatın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. Gətirilən səbəblər isə olduqca mənasız və absurddur. Guya Azərbaycan Qarabağdan erməni sakinləri zorla çıxarıb. Lakin suverenliyini və ərazi bütövlüyünü tam təmin edən dövlətimiz ilk gündən Qarabağ və Şərqi Zəngəzur bölgəsində yaşayan erməni əsilli sakinlərə Konstitusiyamıza uyğun olaraq birgəyaşayış təklif etmişdir. Bölgədən köçən ermənilər isə ərazidə sonradan məskunlaşan separatçı qüvvələrin ailələri və qanunsuz silahlı dəstələrin üzvləri idi. Bunu digər qurumlar kimi AŞPA da gözəl bilir, sadəcə hikkəsi və qərəzli mövqeyi qəbul etməyə imkan vermir.

Onu da qeyd edək ki, bundan əvvəl də Fransa rəsmiləri, o cümlədən Avropa Parlamentinin bəzi üzvləri barələrində məhkəmə qərarlarının icrasını gözləyən separatçıları, terrorçuları "siyasi məhbus" adlandırmaqdan çəkinməmişdilər. Almaniyalı deputatın sərgilədiyi mövqe qurumda ermənipərəst qüvvələrin çoxluğundan xəbər verir. Məlumdur ki, proses zamanı qərbyönümlü dövlətlərin müdaxiləsi vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Sözsüz ki, bu da şəxsi maraqlar və ambisiyalar sərgiləməkdən irəli gəlir. Son illər düzgün qurulmuş siyasi gedişlərdə özünü təsdiq edən və beynəlxalq aləmin diqqət mərkəzində olan Azərbaycanın Cənubi Qafqazda söz sahibi olub lider dövlətə çevrilməsini həzm edə bilməyənlər var. Bu təşkilatda təmsil olunan bəzi dövlətlər kimi, bir sıra deputatlar da artıq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Görünür, əli erməni lobbisinin ciblərində olan bu deputatlar təmsil etdikləri təşkilatın prinsip və məqsədlərinin nədən ibarət olduğunu unudurlar.

Xatırlatmaq yerinə düşər ki, 1949-cu ilin 10 avqustunda yaradılan AŞPA-nın məqsədi insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etməkdir. O zaman AŞPA ötən 30 illik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi həm ekoloji, həm də insanlara qarşı terrorlara niyə biganə qalırdı? Yüzlərlə azərbaycanlının işgəncələrə məruz qalmasına, uşaqların borulara doldurularaq diri-diri ölümə məhkum edilməsinə, hələ dünyaya gəlməyən körpələrin ana bətnindəcə məhv edilməsinə, ən əsası da Xocalı faciəsinə hüquqi qiymət verilməsinə və erməni vəhşiliyinə göz yumurdu? Hələ saymadığımız yüzlərlə qandonduran hadisələr də Azərbaycanda ermənilər tərəfindən törədilib. Demək ki, AŞPA-nın prinsip və məqsədləri insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etmək deyil, əksinə, qərəzli münasibəti təbliğ etməkdir. AŞPA bütün işlərini beynəlxalq hüquq çərçivəsində, ədalətli və qərəzsiz həyata keçirməlidir.

Hələ 2005-ci il yanvarın 25-də AŞPA Azərbaycanın işğal olunmuş ərazilərindəki situasiya ilə əlaqəli "Həlli ilə ATƏT-in keçmiş Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ regionundakı münaqişə haqqında" adlı sənəd qəbul etmişdir. Sənədi AŞPA-nın siyasi məsələlər üzrə komissiyası hazırlamışdır. Sənəddə qeyd olunur ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü "Dağlıq Qarabağ" daxil olmaqla tanınmışdır. Qətnamədə göstərilir ki, erməni silahlı qüvvələri "Dağlıq Qarabağ"ı işğal etmişlər və separatçılar oraya nəzarət edirlər. Nəhayət, sənəddə vurğulanırdı ki, vəziyyətdən çıxış yolu BMT-nin məlum 4 qətnaməsinə əməl etməkdir və işğal olunmuş bütün ərazilərdən silahlı qüvvələr çıxarılmalıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".