Azadlıq carçısı, millət sevdalısı
Tarixi şəxsiyyətlər

Azadlıq carçısı, millət sevdalısı

Zərurət təsadüfdən doğur. Anladığım odur ki, həyatda təsadüfi heç nə yoxdur. Nə baş verirsə, hamısı zərurətdən yaranır. Jurnalistikaya başladığım ilk illər idi. Günlərin birində iş yoldaşlarımdan biri dedi ki, Bəxtiyar Vahabzadə qonşu redaksiyaya gəlib. Həmin an beynimdə ildırım sürətilə suallar hazırlamağa başladım. Tez də vaz keçdim. Çünki belə söz sərrafı, sözün sahibi insanlara əvvəlcədən sual hazırlamaq məncə cılızlıq olardı. Onlarla söhbət özü mövzu yaradır ki, sən də maraqlı suallar verə biləsən. Nə isə, sevinc, təşviş, həyəcan qarışıq hisslər məni öz ağuşuna almışdı. Haradan başlamalı, neçə başlamalı? Axı mən onun şeirlərini sevib, ülviləşdirdiyim kimi, özünə də ilahi qüvvə kimi baxırdım. Bu, mənim-gənc bir qızın düşüncəsi, gəldiyi qənaət idi. Reallıq isə ondan ibarət idi ki, böyük şair Bəxtiyar Vahabzadə ilə həmsöhbət olacaqdım. Məncə bu, hər şeyi ifadə edirdi. Qalırdı, şairə yaxınlaşıb, istəyimi bildirmək. Bax bunu özümdə cəsarət tapıb edə bilmirdim. İş yoldaşlarımdan biri həyəcanlandığımı görüb dedi ki, narahat olma. Bəxtiyar müəllimdən xahiş edərəm, sən də müsahibəni alarsan. Xeyli rahatladım. Təxminən yarım saat sonra iş otağımızın qapısı açıldı. Qapqara kostyum, ağ köynək geymiş, ağ saçlarını çox səliqə ilə arxaya daramış, nəcib görkəmli bir nəfər otağa daxil oldu. Gümrah, mehriban bir səslə hamıya müraciətlə - "Ay salam əleyküm" - dedi. Bu, o idi - sevdiyimiz, qibtə ilə baxdığımız, böyük şair Bəxtiyar Vahabzadə. Ani olaraq hamımız duruxub qalmışdıq.

Nə deyim, nə yazım, sevgi, fərəh, həyəcan dolu hisslərlə söhbətimizə başladıq. Söhbətimiz o qədər səmimi gedirdi ki, nə mənim həyəcanımdan, nə də uşaqların narahatçılığından əsər-əlamət qalmamışdı. Şair o qədər gözəl danışırdı ki, redaksiyada hamı işini atıb, sakitcə qulaq asırdı. Mən onu belə tanıdım, yaddaşımda, şüurumda belə qaldı. Mərd, alicənab, mehriban və qayğıkeş. Bu, gənc jurnalist qızın arzusunu reallaşdıran sadə, eyni zamanda böyük şair Bəxtiyar Vahabzadə idi:

Əslimi, nəslimi tanıyıram mən

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən özün bilərsən

Mən ilk qaynağımdan türk oğlu türkəm!

Xalq şairi Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Nuxa, indiki Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Şairin ailəsi 1934-cü ildə, Bəxtiyarın 9 yaşı olanda Bakıya köçmüşdür. Orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsinə daxil olmuş, təhsilinin sonunda universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa isə 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeiri ilə başlamışdır. O vaxtdan da mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunan Bəxtiyar Vahabzadənin ilk şeirlər kitabı "Mənim dostlarım" adlanır. Həmin kitabdakı şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapmışdır. Şairin digər lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir.  Bəxtiyar Vahabzadənin əsərləri həm də teatr səhnələrinin aktual mövzuları olmuşdur. Onun "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət"  pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Şair eyni zamanda tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. Onun doktorluq dissertasiyası isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda olmuşdur.

Bəxtiyar Vahabzadə şair ruhu ilə həm də bir millət, Vətən aşiqi idi. O, 1960-cı illərdə Azərbaycanda başlayan milli-azadlıq hərəkatının öncüllərindən biri olaraq, ikiyə bölünmüş Azərbaycanın haqq səsinə çevrilmişdir. Şairin hələ 1958-ci ildə yazdığı "Gülüstan" poeması iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsindən bəhs edirdi. Əlbəttə ki, Sovet rejiminin ən qızğın çağlarında bir şairin cəsarətlə ikiyə bölünən Vətəninin həqiqətlərini hayqırması heç də cavabsız qala bilməzdi. Bu səbəbdən də 1962-ci ildə Bəxtiyar Vahabzadə "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən kənarlaşdırılır. Onun Universitetə bərpası yalnız 2 ildən sonra baş tutur. Düzdür, rejim onu təqib etsə də şair bir gün belə öz amalından, məqsədindən, əqidəsindən dönməmişdir. Onun əsərlərinin hər zaman əsas mövzusu Vətən, millət, azadlıq hissi, dil və əlbəttə ki, Azərbaycan təbiətinin əsrarəngiz gözəllikləri olmuşdur. Şair üçün bütün sevgilərin başında Vətən sevgisi dururdu. Bəxtiyar Vahabzadə bütün varlığı ilə azərbaycançılıq məfkurəsi, azadlıq yanğısı və bütöv Azərbaycan uğrunda mübarizə aparan insan olub. Onun yaradıcılığının əsas qayəsi, məqsədi də bu idi. Bütün yaradıcılığı boyu şair şifahi ədəbi irsimizi, klassik ədəbiyyatımızı təbliğ etməyə çalışıb. Şairin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır.

Bəxtiyar Vahabzadə öz şeirlərində millətin, xalqın azadlığı yolunda haqsızlığa, ədalətsizliyə üsyan edirdi. Şairin şeirləri doğmalığı, aktuallığı ilə xalqın dilində əzbərə çevrilirdi. Onun qələmə aldığı mövzular xalqın ürəyində əsrlərlə qubar bağlayan, həsrətli ümidlərin son hayqırtısı idi sanki. Şairin şeirlərində həm də bir nikbin ruh, ovqat da vardı. Onun Vətən, dil mövzusunda yazdığı şeirləri üsyankarlığı ilə yanaşı, həm də nikbinliyi ilə də seçilirdi. Bu şeirləri oxuyan hər bir vətəndaş bir gün arzuların reallığa çevriləcəyinə inanırdı. Bu hiss xalqa, millətə inamla bərabər, ruh, güc verirdi. Bəxtiyar Vahabzadə öz dilini sevdiyi qədər də, onu təbliğ edirdi. Onu nəinki Azərbaycanda, bütün Türk dünyasında sevirlər. Onun türkçülüyü təbliğ edən şeirləri indi bir çox türk liderlərinin şüarına çevrilib. Şair yazırdı:

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının müəllifidir. Onun 2 monoqrafiyası, 11 elmi-publisistik kitabı var. Şair tarixi və müasir mövzuda olan 20-dən artıq irihəcmli poemanın müəllifidir. Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də Bakıda vəfat etmiş, Birinci Fəxri xiyabanda dəfn edilmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".