Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı genişləndirir
Gündəm

Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı genişləndirir

Müstəqil Dövlətlər Birliyi 1991-ci il 8 dekabr tarixində Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş" əsasında yaranıb. 1993-cü ilin 24 sentyabrında isə MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının bu ittifaqa daxil olması barədə qərar qəbul edilib. Əsasən 9 əməkdaşlıq istiqaməti olan MDB-nin əsas məqsədi hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafının təminatıdır. Azərbaycan daim MDB iştirakçı dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verib. Respublikamız, həmçinin MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilməsinə, təşkilatın iştirakçı dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasına maraq göstərir.

Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu gün MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. MDB-yə daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini müəyyənləşdiriblər ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə töhfə verib. O cümlədən, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindəndir. Bundan başqa, innovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər imzalanıb.

Azərbaycanın Ermənistan istisna olmaqla bütün MDB ölkələri ilə azad ticarət əlaqələri mövcuddur. Bununla yanaşı, ölkəmizlə digər MDB dövlətləri arasında sərbəst sərmayə üçün möhkəm hüquqi baza yaranıb. Azərbaycan MDB-nin 2020-ci ilə qədərki dövr üçün İqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak etmiş, Tədbirlər Planına uyğun olaraq hər ilin yekunu barədə müvafiq hesabatını MDB-nin İcraiyyə Komitəsinə təqdim etmişdir. Ölkəmizlə bağlı müvafiq məlumatlar mütəmadi olaraq "MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal"a daxil edilməkdədir.

Ölkəmiz iqtisadi sahədə də MDB ilə uğurlu əməkdaşlıq qurub. Azərbaycanın MDB məkanı ilə ticarət dövriyyəsində hər il müəyyən artımlar müşahidə olunur. Son illərdə respublikamızın iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütövlükdə MDB məkanı üçün geniş perspektivlər vəd etməklə yanaşı, birliyə daxil olan ölkələrin bu layihələrdən bəhrələnməsinə imkan verib.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfər edib. Səfər çərçivəsində, ölkə başçımız Bişkekdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə də görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasındakı iqtisadi-ticari əlaqələrin inkişafı, həmçinin ticarət dövriyyəsinin artması kimi məsələlər müzakirə edilib. Eyni zamanda, regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, respublikamızın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlıq münasibətləri diqqətə çatdırılıb. Söhbət zamanı, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, eləcə də onun potensialının genişləndirilməsi də qeyd olunub. Rusiya ilə bu cür müzakirələrin aparılması Azərbaycanın bir daha MDB ölkələri ilə sıx əməkdaşlığından xəbər verir.

Oktyabrın 13-də isə Prezident İlham Əliyev Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunub. Dövlət başçısının çıxışı zamanı söylədiyi fikirlər Azərbaycanın MDB məkanındakı nüfuzunu bir daha təsdiqləyir: "Hörmətli həmkarlar, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək".

Bundan başqa, iclasda Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı, həmçinin qarşılıqlı səfərlər zamanı əldə olunmuş razılaşmaların yerinə yetirildiyi də vurğulanıb. Bütün bunlar, eləcə də dövlət başçımızın MDB ölkələrinin liderləri ilə səmimi münasibəti gələcək inkişaf üçün mühüm perspektivlər vəd edir.

Nəzrin ELDARQIZI,

"Respublika".