Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 771-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1257; 2014, № 4, maddə 444, № 6, maddə 747; 2016, № 10, maddə 1717; 2018, № 9, maddə 1930; 2019, № 1, maddə 163; 2022, № 4, maddələr 386, 414) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “Qayda” sözündən sonra “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq” sözləri əlavə edilsin.

2. 1.2.4-cü yarımbənddə “təsis edilmiş” sözləri “yaradılmış” sözü ilə əvəz edilsin.

3. 3.2.1-ci yarımbənddə “, təkrar İMEİ nömrələri olmayan” sözləri “və ya surəti köçürülməyən” sözləri ilə əvəz edilsin.

4. 3.2.2-ci yarımbənd üzrə:

4.1. birinci cümlədə “təkrar” sözü “dəyişdirilmiş və ya surəti köçürülmüş” sözləri ilə əvəz edilsin;

4.2. ikinci cümlə aşağıdakı redaksiya verilsin:

“Mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.”.

5. 3.3.1-ci yarımbəndə “dəyişdirildiyi” sözündən sonra “və ya surətinin köçürüldüyü” sözləri əlavə edilsin.

6. 5.3-cü bəndin birinci cümləsində “və ya onun” sözləri “, habelə onun dəyişdirildiyi və ya” sözləri ilə əvəz edilsin.

7. 5.8-ci və 5.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.8. Qeydiyyat mərkəzi mobil cihazın İMEİ nömrəsinin dəyişdirildiyini və ya surətinin köçürüldüyünü müəyyənləşdirmək məqsədilə abunəçinin mobil (sellülar) nömrəsinin MSİSDN-i və İMSİ barədə məlumatları, o cümlədən əməliyyat növü, başlama və bitmə vaxtı, davamiyyəti, olduğu yer, başlanğıc və son stansiyalar, baza stansiyaların identifikasiya parametrləri və yerləşmələri barədə çağrı qeydiyyat məlumatlarını mobil operatorlardan informasiya sistemləri vasitəsilə onlayn qaydada əldə edir.

5.9. İMEİ nömrəsi dəyişdirilmiş, habelə surəti bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən 3 (üç) ay əvvələdək olan dövr üzrə bu Qaydanın 5.8-ci bəndində qeyd olunan məlumatların təhlili aparılır.”.

8. Aşağıdakı məzmunda 6.7-ci bənd əlavə edilsin:

“6.7. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri MCQS-nin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.”.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 12 iyun 2023-cü il

№ 191