Azərbaycanda zəlzələnin dağıdıcı afterşokları gözlənilmir
Digər xəbərlər

Azərbaycanda zəlzələnin dağıdıcı afterşokları gözlənilmir

İyulun 4-ü saat 00:01-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanların episentri Xaçmazdan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5 bala qədər hiss olunub. Təbii fəlakətdən sonra Daxili İşlər Nazirliyi tərəfindən ölkə polisinə xüsusi tapşırıq verilib, əlavə qüvvə cəlb edilməklə fasiləsiz xidmət təşkil edilib. Bakı şəhəri və regionlardakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin təcili yardım şöbələri də gücləndirilmiş iş rejiminə keçib. TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibb briqadası xidmətə cəlb olunub. Qurumdan verilən məlumata görə, zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Məlumatda qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyyə edilib. Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində ağrılarla bağlı olub.

Fövqəladə Hallar Nazirliyinə isə zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Ölkə ərazisində dağıntıların olmaması və aidiyyəti qurumların dərhal səfərbər olması Azərbaycanın 5 ballıq zəlzələyə hazır olmasının göstəricisidir. Bununla belə, təbii fəlakət bir müddət öncə Bakıya qonaq gələn tanınmış türk alim, dünyaşöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngörün proqnozunu gündəmə gətirib. May ayında Bakıda səfərdə olan alim yerli mediaya açıqlamasında demişdi ki, Azərbaycan seysmoaktiv zonada yerləşir:  "Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb. İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7,5 bala qədər olma ehtimalı var".

Sözsüz ki, qardaş Türkiyədə baş verən dağıdıcı zəlzədən sonra Azərbaycanla bağlı verilən belə bir açıqlamanın fonunda ölkəmizdə güclü təkanların hiss edilməsi ictimaiyyətdə narahatlığa səbəb olub. Hadisənin ardınca insanların küçələrə axışması, gec saatlara qədər evlərinə daxil olmamaları da bununla bağlıdır. Amma AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli güclü zəlzələnin olmayacağını bildirib. Bununla belə, afterşokların davam edəcəyini də istisna etməyib: "Afterşoklar, enerji boşalmaları gedir. Güclü təkanlar olub. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı 65 kilometr dərinlikdədir".

Hazırda əhalini maraqlandıran başlıca məqam da məhz afterşoklarla bağlıdır. Narahatlığın əsas səbəbi isə afterşok termininin hər kəsə aydın olmamasıdır. Afterşok əsas seysmik zərbə ilə müqayisədə intensivliyi daha kiçik olan təkrar seysmik təkanlardır. Güclü zəlzələlər həmişə çoxsaylı afterşoklar ilə müşayiət olunur. Onların sayının və intensivliyinin zaman keçdikcə azalmasına baxmayaraq, bu, aylarla davam edə bilər. Əsas təkandan sonrakı ilk saatda güclü afterşokların baş verməsi ehtimalı daha çoxdur. Amma afterşoklar əsasən xilasetmə işləri zamanı təhlükə yaradır. Azərbaycanda zəlzələdən sonra ciddi xilasetmə işlərinə ehtiyac olmaması isə afterşoklarla bağlı narahatlığın da əsaslı olmadığını göstərir.

Ümumiyyətlə, bunu anlamaq lazımdır ki, Cənubi Qafqaz enerjinin sıxışdığı, tektonik qırılma xətlərinin keçdiyi bir bölgədir. Xüsusilə şimal-şərqi Anadolu fay xətti bu bölgəyə kimi uzanır. Azərbaycan böyük zəlzələ təhlükəsi olan bir ölkə deyil, amma yerləşdiyi coğrafi mövqeyinə görə kiçik maqnitudalı zəlzələlərin meydana gəlməsi təbiidir. Bu isə insanların zəlzələ zamanı düzgün davranış qaydalarını bilmələrini zəruri edir. Zəlzələ zamanı ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxt var. Bu müddətdə evdən çıxarkən ehtiyat çantası və mobil telefon götürülməli, qaz, su və elektrik enerjisi ümumi şəbəkədən söndürülməlidir. Əgər evdən çıxmaq mümkün deyilsə, o zaman dəmir ayaqlı masa varsa, onun altına girilməli, diz üstə çöküb əllərlə başın arxa hissəsi qorunmalıdır. Zəlzələ nəticəsində dağıntı altında qaldığınız təqdirdə isə  təşvişə düşməməli, ehtiyac varsa özünüzə ilkin yardım göstərməyə çalışmalı, xilasediciləri gözləməlisiniz. Maşın və texnikanın səsi kəsilibsə, demək, xilasedicilər "sükut anı" elan edib. Bu sükutdan istifadə edib qışqıraraq, ətrafdakı əşyaları ehmalca döyəcləyərək və ya mobil telefonla yerinizi bildirməyə çalışmalısınız. Əgər doğru davranış qaydalarını bilsəniz, mümkün zəlzələdən minimum zərərlə qurtularsınız.

Jalə QASIMZADƏ,

Respublika.