Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım
Sosial həyat

Azərbaycandan Türkiyəyə növbəti humanitar yardım

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin, o cümlədən həmin bölgədə yaşayan azərbaycanlıların ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycanın həyata keçirdiyi uzunmüddətli kampaniya davam edir. Bu günlərdə Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə yardım göndərilib. "Biz birlikdə güclüyük" devizi altında yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən humanitar yardım Hatay Azərbaycan Evinin müraciəti əsasında baş tutub. Yardım kampaniyasını Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu təşkil edib. Humanitar yardıma 3000 məktəbli dəsti daxil olunub.

Hatay bölgəsinin Arsuz rayon məktəbində yardımın təqdim olunma mərasimi keçirilib. Mərasimdə Arsuz rayonunun icra hakimiyyətinin başçısı Hasan Gökpinar, Arsuz bələdiyyəsinin sədri Asaf Güven, Arsuz Milli Təhsil müdiri Ahmed Yanmaz, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-in icraçı direktoru Əkrəm Abdullayev, Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 24, 25 və 26-cı çağırışlarında Hatay üzrə millət vəkili olmuş Bayram Türkoğlu, TBMM-də AKP-nin Hatay üzrə millət vəkilləri Abdulkadir Özel və Kemal Karahan, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və başqaları iştirak ediblər.

Mərasimdə Azərbaycan dövlətinin bu təşəbbüsünü yüksək qiymətləndirən icra hakimiyyətinin başçısı Hasan Gökpinar humanitar yardıma görə Azərbaycana təşəkkürünü ifadə edib və bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Azərbaycan dövləti Hatayda yaşayan uşaqları sovqatla sevindirməkdən böyük məmnunluq və xoşbəxtlik duyur: "Bu uşaqlar təkcə Türkiyənin deyil, Azərbaycanın da uşaqları və gələcəyidir".

Tədbirdə çıxış edən yerli ictimaiyyətin nümayəndələri və qonaqlar "Bir millət, iki dövlət"in hər zaman bir-birinin yanında olduğunu məmnuniyyətlə vurğulayıblar. Qeyd edilib ki, mənəvi dəyəri maddi dəyərindən qat-qat yüksək olan hədiyyələrin təqdim olunması həm iki dövlətin vətəndaşlarının bir arada olmasının, həm də zəlzələdən zərərçəkmiş insanların və övladlarının sevincini və kədərini bölüşməsinin sübutudur.

 Xatırladaq ki, ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərərçəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı çatdırıb. Yardımı alanların arasında Kahramanmaraşda yaşayan soydaşlarımız da olub.

Onu da qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə yeni tədris ilinin başlaması münasibətilə İstanbul şəhərində yaşayan aztəminatlı soydaşlarımızın 300 övladına da məktəbli dəsti təqdim olunub. Təqdimetmə mərasimində Türkiyə ictimaiyyətinin nümayəndələri, valideynlər və uşaqlar iştirak ediblər.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev məktəbliləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. O, eyni zamanda soydaşlarımızı Azərbaycan həqiqətləri, xüsusilə də Qarabağ kimi həssas mövzularla bağlı övladlarını daim məlumatlandırmağa, onları yüksək vətənpərvərlik ruhunda yetişdirməyə dəvət edib. Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADEF İdarə heyətinin sədri Ədalət Turan və sədr müavini Pərviz Məmmədzadə bu təbriklərə qoşulublar. Valideynlər övladlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.