Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələr mükəmməl səviyyədədir
Siyasət

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələr mükəmməl səviyyədədir

Xarici işlər naziri Ceyhun Bayramov avqustun 17-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

“Respublika” Xarici İşlər Nazirliyinin yaydığı məlumata xəbər verir ki, nazir səfir Haməd bin Abdullah bin Səud bin Xudeyrə fəaliyyəti dövründə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə siyasi, iqtisadi, enerji, humanitar, turizm sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunub və iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb. Həm 30 ilə yaxın işğal dövründə, həm də postmünaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə dəstəyi yüksək qiymətləndirilib.

Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri qeyd edən Ceyhun Bayramov Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşündən, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarından danışıb.

İki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən işlərdən bəhs edən səfir Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə minnətdarlığını bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.