Sosial həyat

"AzerGold" QSC-də Zəfər Günü münasibətilə görüş

Vətən müharibəsində əldə edilmiş qələbənin 3-cü ildönümü münasibətilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətində (QSC) çalışan şəhid ailəsi üzvləri və müharibə iştirakçıları ilə görüş keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov açaraq, görüş iştirakçılarını tarixi qələbəmizin növbəti ildönümü - Zəfər Günü münasibətilə təbrik edib, göstərdikləri fədakarlığa görə şəhid ailələri və müharibə iştirakçılarına dərin minnətdarlığını ifadə edib.

İdarə Heyətinin sədri düşmən üzərində əldə olunan hərbi-siyasi qələbənin müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olduğunu bildirib. Z.İbrahimov bu şanlı zəfərin qazanılmasında qüdrətli Azərbaycan əsgəri, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əvəzsiz payı olduğunu diqqətə çatdırıb. O, bu xüsusda QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları Rauf Əsgərov, Muxtar Qasımlı və digər şəhidlərimizin xatirəsini anaraq, onları dərin hörmət və ehtiramla yad edib.

Görüşdə dövlətimiz tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğının təzahürü olaraq Səhmdar Cəmiyyət tərəfindən də müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. QSC tərəfindən sözügedən kateqoriyaya aid olan şəxslərin müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq işlə təminatına diqqət yetirildiyi qeyd edilib. Bildirilib ki, 10 nəfər 1-ci Qarabağ müharibəsi, 73 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısı, 15 nəfər şəhid ailəsi üzvü Səhmdar Cəmiyyətdə fəaliyyətə cəlb edilib. Ümumilikdə isə "AzerGold"un fəaliyyəti nəticəsində törəmə və podratçı şirkətlər daxil olmaqla bugünədək 300 nəfərə yaxın müharibə iştirakçısı və şəhid ailəsi üzvünün daimi məşğulluğu təmin olunub.

Tədbirdə, həmçinin QSC-nin 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak etmiş, eləcə də şəhid ailəsi üzvü olan əməkdaşları çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti barədə danışıblar.

Daha sonra tədbir iştirakçılarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib. Ekskursiya zamanı iştirakçılara Hərbi Qənimətlər Parkı haqqında məlumat verilib, onlara İkinci Qarabağ müharibəsində düşməndən qənimət kimi götürülən döyüş texnikalarının və hərbi sursatlar nümayiş etdirilib. Sonda əməkdaşlara xatirə hədiyyələri təqdim olunub.