Çoxvektorlu əməkdaşlığı gücləndirən platforma
Siyasət

Çoxvektorlu əməkdaşlığı gücləndirən platforma

İqtisadi Əməkdaşlıq Təşkilatı etibarlı tərəfdaşlıq əlaqələrini intensivləşdirir

Müstəqilliyini yenicə bərpa etmiş ölkəmizdə iqtisadi inkişafın təmin edilməsi üçün beynəlxalq miqyasda çoxvektorlu əməkdaşlıq əsas hədəf kimi müəyyənləşdirilmiş, 1992-ci il noyabrın 28-də Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaqla əməkdaşlıq əlaqələrini genişləndirmişdir. 2021-ci il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyev ölkəmizin təşkilatla əlaqəsini belə səciyyələndirmişdi: “Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.”

1985-ci ildə təşkilat Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır. 1992-ci il 28 noyabr tarixində Azərbaycandan başqa təşkilata Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması qurumun təqvimində əlamətdar gün kimi qeyd olunur.

Müxtəlif iqtisadi aspektlərdə qarşılıqlı əməkdaşlıq üçün önəmli platforma olan İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı, sənaye , nəqliyyat, rabitə, infrastruktur, ictimai işlər, elm, təhsil, mədəniyyət və energetika məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi mövcuddur. Komitələr ildə bir dəfə toplanır. Təşkilatın Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.Təşkilat 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu almışdır.

16 oktyabr 2012-ci ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilmiş və yekunda Bakı Bəyannaməsi qəbul edilmişdir. Bu il  noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Təşkilat daxilində iqtisadi və siyasi maraqlar baxımından bir-birinə yaxın olan dövlətlərin əməkdaşlığı hər zaman yüksək qiymətləndirilmiş, ölkəmiz bir çox sahələrdə təklif və təşəbbüslərlə çıxış etmişdir. Azərbaycan 2006 və 2012-ci illərdə ECO Zirvə Toplantılarına ev sahibliyi etmiş və bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır. Bununla yanaşı, 2023-cü il oktyabrın 10-da Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilimiş, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilmişdir.

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxış edən ölkə başçımız bir sıra məqamlara toxundu. Şavkat  Mirziyoyevin yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk olaraq Azərbaycana rəsmi səfərini xüsusi vurğulayan Prezident İlham Əliyev iki ölkə arasındakı qardaşlıq əlaqələrini yüksək qiymətləndirdi. Dövlət başçımız, həmçinin Azərbaycan iqtisadiyyatının dinamik inkşafından söz açdı : “Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.”

Azərbaycanın “yaşıl enerji” potensialı bir çox beynəlxalq təşkilatlar kimi İƏT-in də diqqət mərkəzindədir. Bu baxımdan, Zirvə görüşündə dövlət başçımız Azərbaycanın enerji resusları haqqında da ətraflı məlumat verdi. Neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafı Azərbaycanı yaxın gələcəkdə yaşıl və hidrogen enerjisi ixracatçısına çevirəcək. Belə ki,ölkəmizin bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. İşğaldan azad edilmiş ərazilərimiz də “yaşıl enerji” potensialı ilə zəngindir. Ölkə başçımız bu barədə demişdir: “Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.”

Azərbaycan  bütün bu göstəriciləri ilə dünyanın aparıcı təşkilatlarının diqqət mərkəzindədir. Beynəlxalq sferada etibarlı tərəfdaş imici qazanmış ölkəmiz neft gəlirlərinin qeyri–neft sektoruna yönəldilməsi istiqamətində mühüm nailiyyətlər qazanmışdır. Qeyri–neft sektorunda yeni istehsal sahələrinin,o cümlədən yeni iş yerlərinin açılması, istehsal, nəqliyyat və kommunikasiya infrastrukturun inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir.

Nurlan ABDALOV,

“Respublika”.