Ehtiyatlardan səmərəli istifadə edilməlidir
Region

Ehtiyatlardan səmərəli istifadə edilməlidir

Respublika Prezidenti İlham Əliyevin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" 15 aprel 2020-ci il tarixli Sərəncamının uğurla icrası ilə bağlı rayonda müşavirə keçirilib.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinin, su təsərrüfatının idarə olunmasının müsbət nəticələrindən danışıb. Ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artmasının Balakən rayonunda da su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirdiyini diqqətə çatdırıb. Bildirib ki, rayon ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb. Rayon ərazisində mövcud olan su ehtiyatlarının artırılması, istehlakçıların içməli su suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılmış rayon Qərargahında müzakirələr aparılıb. Rayon icra hakimiyyətinin başçısı Qərargahın üzvlərinə hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması, mütəmadi olaraq monitorinqlər keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü növbəlik prinsipləri əsasında verilməsi məsələsinin gündəlik ciddi nəzarətdə saxlanılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün tapşırıqlar verib.

Müşavirədə rayonda əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəyi bildirilib.

M.QULUYEV,

"Respublika".