Ermənistan
Siyasət

Ermənistan "30+3" ildir ki, regionda sülhü baltalayır

2020 -ci il sentyabrın 27-də Azərbaycan 44 günlük haqq savaşında qalib gələrək ərazi bütövlüyünü bərpa etdi. 3 il keçməsinə baxmayaraq, bağlanan üçtərəfli Bəyanatın müddəalarının bir hissəsi Ermənistan tərəfindən təəssüf ki, hələ də yerinə yetirilməyib. Müharibədən sonra Kəlbəcər, Laçın və Ağdamın bir güllə belə atılmadan geri qaytarılması, razılıq nəticəsində rus sülhməramlılarının gəlməsi, atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Mərkəzinin qurulması iki ölkə arasında savaşa son veriləcəyi və sülh sazişinin imzalanacağı ümidləri formalaşdırdı. Amma ötən 3 il ərzində nəinki sülh sazişi imzalanıb, münasibətlərin normallaşması üçün ən vacib addımlardan biri olan nəqliyyat-kommunikasiyaları da açılmayıb. 30 il ərzində Ermənistanın cəbhə bölgəsində atəşkəsi pozma meyilləri bu gün də davam edir.

Azərbaycan 44 günlük zəfərdən sonra regionda geniş əməkdaşlıq perspektivləri yaratdı. İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinə bəzi ölkələr investisiya yatırdı. Həmçinin bu zəfər Azərbaycanın daxilində və xaricdəki ünsürlər ilə də mübarizəsində də üstünlüyünə şərait yaratdı. Erməni lobbisi tərəfindən maliyyələşən bu ünsürlər ittihamlarla öz fəaliyyətlərini davam etdirsələr də, Azərbaycanın etibarlı tərəfdaşlarının getdikcə artması sayəsində bunun qarşısı alınır.

Azərbaycan haqlı olaraq imzalanan üçtərəfli Bəyanatın icrasını tələb etdi. Nəqliyyat kommunikasiyalarının açılmasının vacib olduğunu deyən cənab İlham Əliyev "Zəngəzur dəhlizi" terminini beynəlxalq aləmə təqdim etdi. Bölgədə ən effektiv kommunikasiya xətti hesab olunan Zəngəzur dəhlizinin açılması Ermənistanın müxtəlif bəhanələri ilə bu günə qədər də həll edilməyib. Üstəlik, Azərbaycan dönə-dönə "Dağlıq Qarabağın statusu"nun mövcud olmadığını bildirsə də, Ermənistan dəfələrlə bu "statusu" dilə gətirərək imzalanmış bəyanata və sülh prosesinə xələl gətirir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Ermənistanın Azərbaycana qarşı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatının başladığı 27 sentyabr "Anım Günü", Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr günü isə "Zəfər Günü" kimi təsis olunub. Ağdam-Xankəndi yolu vasitəsilə Azərbaycan ilə Ermənistan arasında alternativ yol şəbəkəsi açıldı. Ermənistan tərəfi Azərbaycanın qalib dövlət kimi qarşı tərəfə uzatdığı əli geri çevirdi. Ötən 3 il ərzində Ermənistan lobbisinin vasitəsilə donor təşkilatlar və ölkələr dövlətimizin imicinə zərbə vurmağa cəhd etdilər. Ermənidən çox erməni olan təşkilatlar bu işə böyük həvəslə yanaşdılar. Lakin Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları bir nəticə vermədi.

 Ermənistanın işğaldan azad edilmiş ərazilərdə basdırılmış yüz minlərlə tank və piyada əleyhinə minaların dəqiq xəritələrini tam şəkildə verməməsi, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaqdan imtina etməsi münaqişədən sonrakı normallaşma prosesinə zərbə vurur. Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarda Ermənistanın sülhə maneə yaratması Azərbaycan tərəfindən dəfələrlə qeyd olunmuşdur. Lakin hələ də məsələyə ikili yanaşma Ermənistanı şirnikləndirmiş və Ermənistan tərəfi müxtəlif təxribatlara əl atmışdır. Azərbaycan Ermənistanın atəşkəsi pozması ilə əks-hücum tədbirləri həyata keçirib. Bu baxımdan, "Qisas-1", "Qisas-2" əməliyyatları və ötən ilin sentyabrında cəbhədə döyüşlər baş verdi. Cəbhədəki məğlubiyyətlərdən sonra Ermənistan donor təşkilatlara və qurumlara "ağız açdı". Azərbaycanın öz ərazilərində separatçı ünsürlərə qarşı gördüyü tədbirləri beynəlxalq aləmə işğal kimi sırımaq istəyən erməni lobbisinin bu planı da ifşa olundu. Belə ki, ölkəmiz bu il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyünü bərpa etdi.

Bu prosesdən sonra Azərbaycana qarşı yeni və fərqli ittiham səsləndi. Naxçıvan Muxtar Respublikasının hələ də blokadada qaldığını görməyən təşkilatlar Azərbaycanın guya Qarabağı "blokada"da saxladığını bildirdilər. Təbii ki, bütün bunlar növbəti revanşist düşüncənin məhsulu idi. Azərbaycan tərəfi dəfələrlə Laçın sərhəd-buraxılış məntəqəsində keçid üçün heç bir maneə olmadığını, alternativ olaraq Ağdam-Xankəndi yolundan gediş-gəlişin mümkünlüyünü bildirdi. Separatçılar isə bu təklifləri riyakarlıqla geri çevirərək öncə Əsgəranda yola beton plitələr düzdülər, daha sonra isə iğtişaşlara başladılar. Ermənistan isə bu kimi provokasiyalara gizli yollarla dəstək verərək, qondarma rejimin "müstəqillik günü"ndə təbrik mesajı ünvanlaması artıq məsələnin qarşılıqlı razılıq ilə həll olunacağına ümidi azaltdı. Ermənistan tərəfinin qəti şəkildə rədd etməsinə baxmayaraq, bəzi dövlətlərin münaqişə şəraitində olan ölkəyə silah-sursat satması, Ermənistanın da separatçıları bu silahlarla təchiz etməsi qəbuledilməz hal aldı. Mina xəritələrinin verilməməsi nəticəsində bu ilin sentyabrında mülki işçilər, hərbçilər və polislərin həlak olması Azərbaycanı legitim addımlar atmağa vadar etdi. Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başlayan Azərbaycan 23 saat ərzində Qarabağdan separatçıları təmizlədi, ərazilərində öz suverenliyini bərpa etdi. Bununla ölkəmiz vandalizmə bir daha humanizmlə qarşılıq verərək Qarabağın erməni sakinlərinə reinteqrasiya imkanları yaratdı, onlara humanitar yardımlar göstərdi.

Prezident İlham Əliyevin "sülh üçün tarixi şərait yaranıb" fikirləri regionda Ermənistan tərəfindən qəsdən gecikdirilən sülhün ardında qaçılmaz olduğunu təsdiqləyir. Bir çox şəhərlərdə keçirilən görüşlər, aparılan müzakirələr "3+3" formatı hələ ki, öz nəticəsini verməyib. Lakin Ermənistanın bundan sonra qaneedici addımlar atacağı təqdirdə regionda sabitliyin bərpa edilməsi realdır.

Tacir SADIQOV,

"Respublika".