Fransa: insan hüquqlarını və demokratiya anlayışını təzyiq alətinə çevirən ölkə
Siyasət

Fransa: insan hüquqlarını və demokratiya anlayışını təzyiq alətinə çevirən ölkə

Neokolonializmi hələ də davam etdirən, insan hüquq və azadlıqlarına önəm verməyən Fransa özünü beynəlxalq hüququn müdafiəçisi kimi göstərməklə tarixi boyu həyata keçirdiyi qanlı cinayətləri və soyqırımı aktlarını pərdələməyə çalışsa da, dünyada müstəmləkəçi ölkə kimi tanınır. Hələ XVI–XVII əsrlərdə fransız tacirlərinin Qərbi Afrikanın Benin Respublikasında qul ticarəti ilə məşğul olması, 1893-cü ildən Fransanın bu ölkəni öz müstəmləkəsinə çevirməsi və 1904-cü ildən fransız Qərbi Afrikasının tərkibinə daxil etməsi məlumdur. Qərbi Afrikada Burkina Faso dövləti də XIX əsrin sonlarında fransızlar tərəfindən işğal olunmuşdur. 1946-1954-cü illərdə Fransa Hind-Çində olan müstəmləkələrini əldə saxlamaq üçün Birinci Hind-Çin müharibəsinə başlamışdır. Korsika adasında yaşayan 350 mindən çox insana fransızların etdiyi zülmlər, işğalçılıq əməlləri Fransanın tarixində silinməz qara ləkədir. 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən Fransanın tabeliyinə keçmiş Korsikada yaşayan adalılar daim müstəqillik qazanmaq uğrunda mübarizə aparsalar da, Korsikanı koloniya kimi idarə etmək istəyən Fransa onlara müstəqillik verilməsi, muxtariyyətin genişləndirilməsi, Fransa Konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, “Korsika dili” nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması kimi tələblərini yerinə yetirməmişdir. Ümumiyyətlə, azsaylı xalqları istismar etmək, təsiri altına saldığı ölkələrin təbii sərvətlərini talayıb varlanmaq Fransada hər zaman dövlət siyasətinin əsas istiqamətini təşkil etmşdir.

Bu il iyul ayının 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü zamanı neokolonializm meyillərinin artmasından Azərbaycanın narahatlığını bildirən ölkə başçımız demişdir : “Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.

Artıq müstəmləkəsi altında saxladığı ölkələrdə güclənən etiraz dalğaları bu ölkənin yeni müstəmləkəçilik siyasətinin iflasa uğradığını göstərir. İnsan hüquqlarını və demokratiya anlayışını təzyiq alətinə çevirən Fransanın həyata keçirdiyi uğursuz siyasət ölkə daxilində nəzərəçarpacaq dərəcədə ziddiyyətlərlə, anlaşılmazlıqlarla müşayiət olunur. İnsan hüquqlarının pozulmasına, ölkədəki iqtisadi böhrana, yanlış pensiya islahatlarına qarşı dinc şəraitdə keçirilən etiraz aksiyalarının qəddarlıqla yatırılması ölkənin daxili və xarici siyasətinin  beynəlxalq hüquq normalarına zidd olduğunun göstəricisidir. Azərbaycana qarşı ikiüzlü, riyakar mövqeyini İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə sərgiləyən rəsmi Paris işğalçı Ermənistanı dəstəkləməklə bunu bir daha sübuta yetirdi, işğalçı-müstəmləkəçi birliyi məhz Ermənistan-Fransa cütlüyündə özünü daha aydın şəkildə ehtiva etdi. Hələ 30 il bundan əvvəl Azərbaycan -Ermənistan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan  ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmaması, əksinə münaqişənin dondurulmasına səy göstərməsi iki ölkənin eyni mövqedə olduğunun təzahürüdür. Fransa kimi Ermənistan da özgə torpaqlarına göz dikməklə işğalçı siyasət yürütmüş, Azərbaycanın tarixi ərazilərini zəbt etməklə bu yerlərin əhalisinə qarşı insanlıq adına sığmayan vəhşiliklər törətmiş, işğal etdiyi şəhər və kəndləri yer üzündən silmişdir. Bu gün də Fransanın bütün beynəlxalq səviyyəli görüşlərdə Ermənistanın mənafeyindən çıxış etməsi Yelisey sarayının neokolonist siyasətinin bariz nümunəsidir. Eyni zamanda, Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirlərinin imzaladıqları sənədlərə əsasən, Fransanın Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü, işğalçı Ermənistanı hər vəchlə silahlandırmağa çalışması onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsidir. Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfəri çərçivəsində 6-cı Paris Sülh Konfransında iştirakı, konfransın panel müzakirələrində öz himayədarına arxalanıb ölkəmizin əleyhinə ənənəvi olaraq səsləndirdiyi əsassız iddialar, Emmanuel Makron ilə görüşü zamanı Ermənistan-Azərbaycan münasibətlərinin “normallaşması” prosesinə dair müzakirələrin aparılması bu iki cütlüyün Cənubi Qafqazda sülhə, təhlükəsizliyə maraqlı olmadıqlarını bir daha təsdiqləyir. İki həmfikir ölkə “sülh konfransında” sülhü deyil, qarşıdurmanı, gərginliyi növbəti dəfə təşviq etdilər.

Afrikadan qovulan Fransanın Cənubi Qafqaza yerləşmək cəhdi, eyni zamanda Mərkəzi Asiya ölkələrinə üz tutması xarici siyasətində türk dünyasına qarşı düşmənçilik münasibəti nümayiş etdirən, islamofobiya, türkofobiya siyasəti yürüdən rəsmi Parisin mövqesizliyinin göstəricisidir. Müstəmləkəçi, təcavüzkar Fransa beynəlxalq münasibətlər sistemində anti-demokratik , riyakar, saxtakar mövqeyi ilə tanınır. Xarici siyasətində qeyri-konstuktiv yanaşma sərgiləyən rəsmi Paris siyasi oyunbazlıqla məşğuldur. Bu il oktyabrın 7-də HƏMAS hərəkatının İsrail ərazilərinə hücumu ilə başlayan qarşıdurma bütün dünyanın diqqət mərkəzindədir. HƏMAS ilə İsrail arasında baş verən son onillərin ən ağır və amansız silahlı qarşıdurmasına münasibətdə də Fransa öz ənənəsinə sadiq qalaraq ikili mövqe nümayiş etdirir. Belə ki, ilk vaxtlar Emmanuel Makron HƏMAS-a qarşı mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiya yaratmağı təklif etmişdir. O, İsrailin baş naziri Benyamin Netanyahu ilə Təl-Əvivdə birgə mətbuat konfransında bu barədə demişdir: “Mən sizə və beynəlxalq tərəfdaşlarımıza hamımızı təhdid edən terror təşkilatına qarşı mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiya yaratmağı təklif edirəm”. Bu günlərdə isə Fransa prezidentinin Britaniya media şirkəti BBC-yə müsahibəsində “İsrail Qəzzada qadınları və körpələri öldürməyi dayandırmalıdır”, “Körpələr, qadınlar, qocalar bombalanır və öldürülür. Bunun üçün heç bir səbəb və qanunilik yoxdur. Ona görə də biz İsraili dayanmağa çağırırıq”, “Qəzza zolağının bombalanmasına heç bir əsas yoxdur” kimi fikirlər səsləndirməsi, hətta Parisdə Qəzza zolağında mülki şəxslərə humanitar yardımın göstərilməsi ilə bağlı beynəlxalq konfrans keçirilməsi Makronun həm daxili, həm də xarici siyasətində ziddiyyətləri, ikili yanaşmanı  açıq-aydın göstərir.

Mehparə Əliyeva,

“Respublika”.