Füzulidə daha 35 evin çırağı yandı
Sosial həyat

Füzulidə daha 35 evin çırağı yandı

Füzulidə Azərbaycan və Türkiyə prezidentlərinin açılış mərasimində iştirak etdiyi Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Özbəkistan dövlətinin dəstəyi ilə tikilən orta məktəbdə ötən ilin sentyabrında 30 ildən sonra yenidən ilk zəng səslənib. Füzulidən Şuşaya uzanan Zəfər yolu qonaqlara bələdçilik edir. Qazaxıstan dövləti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı əsl bayrama çevrildi.

Təbii ki, bütün bunlar ondan xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan Füzulidə intensiv şəkildə məskunlaşma aparılır. Dövlətyarlı, Dədəli, Pirəhmədli kəndlərində də bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Artıq Dövlətyarlıda tikinti işlərinə başlanılıb. Digər mühüm məqam gələn ildən etibarən Füzuli şəhəri və kəndlərinin bərpası ilə yanaşı, eyni zamanda iqtisadiyyatın formalaşması və reinteqrasiya prosesinin həyata keçirilməsidir. Gözlənilir ki, 2024-cü ildən etibarən Füzuli şəhərində, eləcə də digər yaşayış məntəqələrinə daha çox sərmayə qoyuluşu həyata keçiriləcək. Qarabağda böyük Qayıdış, bütövlükdə bölgənin iqtisadiyyatının formalaşması və reinteqrasiyasında da xüsusi bir mərhələ başlanıb.

İnsanın qəlbində vətəni, doğma torpağı ilə dərin əlaqələr mövcuddur. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması onların öz kökləri, adət-ənənələri ilə yenidən əlaqə qurması, doğma hisslərin canlanması deməkdir. Hazırda ata-baba yurdlarına qayıtmış soydaşlarımız qürur və sevinc duyğularının harmoniyasını, irsini, ənənələrini və dəyərlərini yenidən yaşatmağa başlayan Qarabağ sakinləri doğma torpağa qayıtma sevincini yaşayırlar.

Azərbaycanın əsas prioritet məsələlərindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı başa çatdırmaqdır. Bu prioritet məsələ ilə bağlı Azərbaycanın dövlət büdcəsindən təxminən 11 milyard manat vəsait xərclənib. 2024-cü ildə isə dövlət büdcəsində 4 milyard manat vəsaitin Qarabağa xərclənməsi nəzərdə tutulur. Həmçinin bu il daha çox keçmiş köçkün öz dədə-baba torpaqlarına qaytarılacaq - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri öz sakinlərini qəbul edəcək.

Martın 15-də Füzuli şəhərinə daha 35 ailə (153 nəfər) öz doğma yurd-yuvasına qovuşmaq üçün yola salınıb. Beləliklə, budəfəki köç də daxil olmaqla Füzuli şəhərində 562 ailənin (2120 nəfər) məskunlaşması təmin edilib.

Röya RÜSTƏMLİ,

"Respublika".