Hər kəsin
Sosial həyat

Hər kəsin "DOST" u...

Ölkəmizdə sosial dövlət modeli bütün vətəndaşları qayğı ilə əhatə edir

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "DOST EVİ" filialının açılışında iştirak ediblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin problemlərinin həllinə daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət səviyyəsində layihələrin icra olunmasında Birinci vitse-prezident Mehriban Əliyeva təşəbbüsləri ilə xüsusi seçilir. Bu baxımdan, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, valideynini itirmiş uşaqlar, aztəminatlı ailələrin övladları sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsindən ibarətdir.

Prezident İlham Əliyev əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin təqdimatı zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. Ölkə başçısının 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və "DOST" mərkəzlərinin yaradılması buna bariz nümunədir. Sosial xidmətlərin "bir pəncərə"dən operativ, şəffaf və nəzakətli şəkildə təqdim olunması agentliyi və mərkəzləri hər kəsin, xüsusilə həssas qrupların dostuna çevirəcək. DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Dövlət başçısının müvafiq Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə artıq 1,8 milyon vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir. Ümumilikdə, Bakıda və respublikanın regionlarında 2019-2025-ci illərdə 31 "DOST" mərkəzinin yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyevin sosial siyasəti sosial ədalət və sosial rifah prinsiplərinə əsaslanır. Dövlət başçısının sosial siyasət kursunun mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünüməşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar. Bu gün bir çox proqramlar, o cümlədən Azərbaycanın bu sahədə nadir təcrübəsi olan şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatı, onlara minik avtomobillərinin verilməsi, reabilitasiya mərkəzləri şəbəkəsinin qurulması kimi proqramlar uğurla həyata keçirilir.

Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb, minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Ölkəmizdə sosial-iqtisadi siyasətin prioritetləri sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə əhatə olunmaqla əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur.

Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb. Bundan başqa, aztəminatlı ailələr, işsiz və işaxtaranlar özünüməşğulluq proqramına cəlb olunur. Ölkənin bütün bölgələrində həmin şəxslərə mal və materiallar verilir. Onlar həmin aktivlərlə kiçik ailə təsərrüfatlarını yaradıb genişləndirməyə çalışırlar. Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən ötən dövrdə 14 dəfə artırılaraq 16 mini ötüb və artıq 73 min şəxs özünüməşğulluq proqramı üzrə verilmiş aktivlər hesabına kiçik təsərrüfatını yaradıb. Proqrama cəlb olunanların əksər hissəsini əlillər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, müharibə veteranları və digər həssas qruplardan olan insanlar təşkil edir. Azərbaycanda ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid və ya əlil olanlara xüsusi dəyər verilir.

Ümumilikdə, postmüharibə dövründə dövlət başçısının göstərişi əsasında şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramı artıq 124 min şəxsi əhatə edib, onlara 309 min xidmət göstərilib. Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir təzahürü olaraq 2007-ci ilin əvvəlindən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilib və ötən dövrdə bu təqaüdlər orta hesabla 6 dəfə artırılıb. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı ildən-ilə uğurla davam etdirilib. Xüsusilə də tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişləndirilib və onlara postmüharibə dövründə 5300, ümumilikdə, ötən dövrdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib. 2012 şəxs 44,6 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi kimi şərəfli vəzifə durur, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur. Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır. Böyük Qayıdış proqramı sürətlə icra olunur.

Azərbaycanda əhalinin sosial müdafiəsi növbəti illərdə də diqqət mərkəzində olacaq. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetdən biri məhz dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Bu istiqamətdə həyata keçiriləcək islahatlar inkişafdan hər bir vətəndaşın bəhrələnməsinə imkan yaradacaq. Həyata keçirilən sosial tədbirlər bir daha Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" fikirlərinin yüksək səviyyədə əməli təsdiqidir. Ölkə vətəndaşları da əmindirlər ki, mühüm sosial irəliləyişləri təmin edən ölkə rəhbərinin uğurlu sosial siyasəti qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlərin qazanılmasına zəmin yaradacaq, insanların yaşayış səviyyəsinin daha da yüksəldilməsini təmin edəcək.

Mustafa KAMAL,

"Respublika".