Axı, hər əməldə olmalı bir hədd -
bu, nə bəla idi? - igid qardaşım?
Bu dəfə fəlakət bilmədi sərhəd -
Ağırmış həm sənin, həm mənim daşım.
***
Torpaq havalanmış, göylərmi xəstə?
Zərbələr dalbadal, dəstəbədəstə!
Axar sellər kimi məzarlar üstə,
Sənin də göz yaşın, mənim də yaşım.
***
Bu, deprem nə cürə İblisə kölə?
Tapşırdı "Türkləri tamam silkələ?!"
Torpağın üstünə bələdəm hələ,
Qardaşım, altıynan nə cür savaşım?
***
Ahımız, dərdimiz, qədrimiz eyni,
Allahlı millətik-səbrimiz eyni,
Aypara-ulduzlu qəbrimiz eyni;
Sağ olsun sənin də, mənim də başım!
***
Qoy, bu müsibətin sonuncu olsun,
Acı xəbərlərin yalançı olsun,
Qa
n kəsən Tanrının qılıncı olsun -
Bir daha deyirəm - "Sağ olsun başın" -
Biz ki, dözümlüyük; dözək, qardaşım...
Vahid ƏZİZ
06.02.2023.