Lokal xarakterli antiterror tədbirlərinin uğurlu sonu
Digər xəbərlər

Lokal xarakterli antiterror tədbirlərinin uğurlu sonu

Qarabağda separatçıları zərərsizləşdirən ölkəmiz ərazidə Konstitusiya quruluşunu bərpa edir

Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən Şuşada,  Zəngilanda,  Laçında,  Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymuşdu.  Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin,  həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalması insanlarımızın böyük hiddətinə səbəb olurdu.  Belə bir məqamda erməni silahlı birləşmələrinin Ordumuzla üzbəüz mövqelərinə əlavə qüvvələr və zirehli texnikalar cəlb etməsi isə onların məkrli niyyətinin daha böyük terror aktları törətmək olduğunu göstərirdi.

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması,  Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması,  Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması,  onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,  işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali,  habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirildi.

Bu hadisələr gözlənilən idi.  Bunun baş verəcəyi an məsələsi idi,  çünki İrəvan Azərbaycanı qətiyyətli addımlar atmağa sövq etmək üçün əlindən gələni edirdi.  İrəvan sülh sazişinin imzalanacağını bəyan etdi.  Lakin üçün əməli addımlar atılmadı.

ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması,  həmçinin ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib, qondarma "prezident seçkiləri"nin keçirilməsi də daxil olmaqla,  bu hərəkətlərin Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb. Azərbaycan Prezidenti bildirib ki,  bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.  İlham Əliyev vurğulayıb ki,  antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır,  yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.  Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidenti Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu,  lakin onların bundan imtina etdiyi,  bununla belə lokal xarakterli antiterror tədbirlərinin keçirildiyi vaxtda onların bir daha dialoqa dəvət edildiyi diqqətə çatdırılıb.  ABŞ Dövlət katibi Antoni Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib,  atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.

"Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik.  Ancaq görürük ki,  Ermənistan bu tarixi fürsətdən istifadə edə bilmədi.  Biz Ermənistandan verdiyi vədləri yerinə yetirməsini,  xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik".  Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında deyib.  Türkiyə lideri qeyd edib ki, indi hamının qəbul etdiyi kimi,  Qarabağ Azərbaycan ərazisidir.  "Bir millət,  iki dövlət" devizi ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik.

Müdafiə Nazirliyi dəfələrlə bəyan etmişdir ki,  10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.  Lokal antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri,  eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.  Tədbirlər zamanı 90-dan artıq döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər nəzarətə alınıb.  Bundan başqa, 7 avtomobil,  1 tank və 4 minaatan və 2 piyada döyüş maşını qənimət kimi götürülüb.  Eyni zamanda  Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil,  40-dan artıq artilleriya qurğusu,  30-dan artıq minaatan,  2 ədəd zenit-raket qurğusu,  6 "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. 

Təəssüf  ki,  antiterror tədbirləri zamanı erməni tərəfinin yaydığı yalan məlumatlara əsaslanan Qərb siyasətçiləri reallıqları təhrif edirlər. Mülki şəxslərin guya hədəfə götürülməsi barədə böhtan dolu  iddialar səsləndirirlər.  Azərbaycan heç bir halda mülki əhaliyə zərər gətirilməsinə yol vermir və bunun üçün Silahlı Qüvvələr öz üzərinə düşən vəzifələri yerinə yetirirlər.  Ancaq mülki əhalinin "təəssübünü çəkən" Qərb siyasətçiləri 2020-ci ildə Ermənistan tərəfindən mülki əhalinin hədəfə götürülməsinə,  Gəncə,  Bərdə,  Tərtərin vəhşicəsinə atəşə tutulmasına, yüzlərlə mülki şəxsin qətlinə nə o vaxt, nə də sonra  münasibət bildirmədilər.  Bu da ikili yanaşma və riyakarlıq nümunəsi kimi hiddət doğurur.  Bir daha bildirilir ki,  mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb,  yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri,  qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur,  döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar.  Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir,  qeyri-qanuni erməni silahlı dəstələri buraxılır,  paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.  Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

Ölkəmiz Ermənistana iki ölkənin bir-birinin suverenliyinin,  ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib.  Digər tərəfdən,  Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş,  habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq,  hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır.  Hər iki istiqamətə sadiq olduğumuz kimi,  suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumağa qadirik.

Mustafa KAMAL,

"Respublika".