Milli kinomuzun görkəmli nümayəndəsi
Mədəniyyət

Milli kinomuzun görkəmli nümayəndəsi

Şəki

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi onun doğulub boya-başa çatdığı şəhərdə qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə tanış olduqdan sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxaraq bədii proqramı izləyiblər.

Şəhər rəhbərliyi, sənətkarın ailə üzvləri və qonaqlar Rasim Ocaqovun şəhərin Sülh meydanında, “Güyümlər” dairəsi adlanan ərazidə qoyulmuş barelyefi önünə gül dəstələri düzüb, sənətkarın xatirəsini ehtiramla yad ediblər.

Şəki Dövlət Dram Teatrında keçirilən tədbirinin iştirakçıları əvvəlcə teatrın foyesində kinorejissorun həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar.

Tədbirdə Rasim Ocaqovun həyat və yaradıcılığı barədə sənədli film nümayiş etdirilib, kinorejissorun fəaliyyətinə dair bədii proqram təqdim olunub.

Sonda Rasim Ocaqovun ailə üzvlərinə yubiley gecəsi ilə bağlı xatirə hədiyyələri təqdim olunub.

M.NƏRİMANOĞLU,
“Respublika”.