Mina xəritələrinin verilməsi yenidən gündəmə gəlir
Siyasət

Mina xəritələrinin verilməsi yenidən gündəmə gəlir

30 illik işğal dövründə Ermənistan Qarabağ və Şərqi Zəngəzur bölgəsində torpağın üst qatını dağıdıb, talan edib, xarabazara çevirdiyi kimi, alt qatına da minalar basdırmaqla zəhərləyib. Ermənilərin hər addımbaşı basdırdığı təhlükə mənbəyi İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərdən biridir.

Ölkəmiz 44 günlük Vətən müharibəsində işğal altında qalan ərazilərimizi erməni tapdağından xilas etdi. İllərlə yurd həsrəti çəkən insanlara yenidən doğma ocaqlarına qayıdacağı müjdəni verdi. Tez bir zamanda keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qovuşması üçün bütün imkanlarını səfərbər etdi. Qarabağ və Şərqi Zəngəzur bölgəsi, sözün əsl mənasında, tikinti meydançasına çevrildi. Bir zamanlar top, tüfəng, mərmi səsindən vahimələnən nigaran ruhların dolaşdığı obalar, ellər dirçəlməyə başladı.

Lakin tikinti-quruculuq işlərinə maneçilik törədən yeganə səbəb mina təhlükəsidir ki, bu gün də öz qüvvəsində qalır. Çünki ötən illər ərzində xain düşmən zəbt etdiyi Qarabağ torpaqlarını sözün əsl mənasında mina tarlalarına çevirib. Bu isə bölgədə tikinti-quruculuq işləri aparan, işğaldan azad edilmiş ərazilərin bərpasını həyata keçirən Azərbaycan üçün böyük maneə və təhlükələr yaradır. Ona görə də bölgənin inkişafı və dirçəlişi bu təhlükənin aradan qaldırılması ilə birbaşa bağlıdır.

Keçmiş məcburi köçkünlərin məskunlaşdırılması və regionun iqtisadi inteqrasiya prosesi mina problemi həll edilmədən mümkün deyil. Onu da qeyd edək ki, Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə ümumilikdə, 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda, 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, daxili işlər, müdafiə, fövqəladə hallar nazirlikləri və Dövlət Sərhəd Xidmətidir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün təxminən 30 il müddətinə 25 milyard ABŞ dolları vəsait lazımdır.

Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış planına uyğun olaraq tikilib-bərpa edilən kənd və şəhərlərimizə köç prosesi həyata keçirilir. Hər gün demək olar ki, bu yaşayış yerlərinin sayı artmaqdadır. Dövlətimiz minalardan təmizlənmiş ərazilərdə müasir infrastruktur qurur, şəhər və kəndlər yaşayış üçün hazır vəziyyətə gətirilir və əhalinin məskunlaşdırılması həyata keçirilir. Minlərlə yeni iş yerləri yaradılır. Münbit Qarabağ torpaqları minalardan təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilir. Bu da gələcəkdə bölgənin kənd təsərrüfatı və heyvandarlıq sahəsində inkişafına böyük təkan verəcək. Ümumiyyətlə, azad edilmiş ərazilərin bərpası təkcə Qarabağ regionunun deyil, bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

İndiyə qədər təxminən 49 min mina zərərsizləşdirilib. Bu müddət ərzində 342 nəfər mina qurbanı olub. Ermənilər işğal dövründə Qarabağda saysız-hesabsız mina basdırıblar. Azərbaycan tərəfi dəfələrlə mina xəritələrini tələb edib. Ermənistanın verdiyi mina xəritəsinin yalnız 25 faizi doğrudur. Azərbaycanın dəfələrlə bu məsələni beynəlxalq aləmdə qaldırmasından sonra nəhayət ki, beynəlxalq təşkilatların təzyiqi ilə üzləşən Ermənistan mina xəritələrini vermək barədə düşünür. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında minalanmış ərazilərin yeni xəritəsinin Azərbaycana verilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.

Sözsüz ki, Ermənistan mina xəritələrini verərsə, ərazilərimiz tez bir zamanda təmizlənər və azad edilmiş torpaqlara qayıdış prosesi sürətlənər. Ötən  ilin noyabr ayında tərəflər arasında keçirilən görüş zamanı da mina xəritələrinin verilməsi məsələsi müzakirə olunub və qismən razılıq əldə edilib. Mahiyyət etibarilə mina xəritələrinin Azərbaycan tərəfinə verilməsini sülhə doğru atılan addımlardan hesab etmək olar.

Ramidə YAQUBQIZI,

"Respublika".