Möcüzələr adası Azərbaycan
İqtisadiyyat

Möcüzələr adası Azərbaycan

Ötən 20 ildə ölkəmiz həm də Avropanın qaz ixracatçısına çevrilib

20 il. Bəlkə də bu, tarix baxımından o qədər də böyük bir zaman kəsiyi deyil, ancaq ötən illərdə əldə olunmuş uğurlar arxada qoyduğumuz 20 ilin möhtəşəmliyini göstərir. Yeni reallıqlar yaradan, ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən Azərbaycan məhz bu 20 ildə böyük inkişaf yolu keçib. Müstəqillik dövrünün ən həlledici məqamı 2003-cü il oldu. Ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma o vaxt özünü təsdiqlədi, yəni ulu öndər Heydər Əliyev siyasəti davam etdirildi. Əgər o zaman hadisələr başqa səmtdə inkişaf etsəydi bəlkə də xalqımız daha böyük faciələr yaşaya bilərdi: "Hər halda müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər... Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır". Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu fikirləri söyləyən dövlət başçısı müxbirin: "Biz bu 20 ildə haradan-haraya gəlmişik?" - sualına da ətraflı cavab verib.

Bəs 20 ilin iqtisadi mənzərəsi nə göstərir? Ən əsası bu illərdə Azərbaycan Avropaya qaz ixrac edən ölkəyə çevrilib. Bu isə asan başa gəlməyib. Mavi Xəzərin ən gözəl sərvəti olan təbii qazın Avropaya çatdırılmasının öz tarixçəsi var. Bu, bir uğur hekayəsidir... Onun səhifələrini vərəqləyək.

...2003-cü il. Bu il "Şahdəniz" yatağının işlənməsi üzrə Mərhələ 1 layihəsi, 2004-cü ildə isə "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə Mərhələ 3 təsdiqləndi. Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə başlanıldı.

"Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə idi. "Şahdəniz Mərhələ 2" layihəsi "Şahdəniz Mərhələ 1" layihəsindən hasil olunan illik 10 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edilməsini ehtiva edirdi.

2005-ci ildə Səngəçal terminalında xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. 2006-cı ildə "Azəri Faza 1" layihəsi üzrə "Mərkəzi Azəri" yatağından neft hasilatına start verildi. "Qərbi Azəri" yatağından neft hasilatına "Azəri Faza 2" layihəsi üzrə 2006-cı ildə başlanıldı. "Şərqi Azəri" yatağından neft hasilatına başlanılması ilə Cənubi Qafqaz Boru kəmərindən ilk qaz hasil edildi. Mayın 28-də Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına çatdı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin açılışı oldu. Türkiyəyə "Şahdəniz" yatağından qazın ilk nəqli 2007-ci ildə həyata keçirildi. "Günəşli" yatağının dərinsulu hissəsindən ilk neft hasil olundu, SOCAR "Petkim" neft-kimya kompleksinin 51 faizlik səhmini satın alaraq Türkiyə bazarına daxil oldu.

2010-cu ildə daha bir əlamətdar hadisə baş verdi. Belə ki, "Ümid" qaz-kondensat yatağı kəşf edildi. Bu, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra SOCAR-ın öz imkanları ilə kəşf olunan ilk yataq idi.

2011-ci il yanvarın 13-də Avropa Komissiyası və Azərbaycan hökuməti arasında Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı birgə Bəyannamə imzalandı. Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində "STAR" neft emalı, SOCAR Karbamid zavodlarının təməli qoyuldu. Onun ardınca 2012-ci ildə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin istismarı üzrə sənədlərin imzalanması mərasimi keçirildi, 2013-cü ildə "Şahdəniz" yatağından hasil olunan qazın Avropaya ixrac marşrutu kimi Trans-Adriatik boru kəməri (TAP) inşa edildi.

Dəhlizin rəsmi açılışı 2018-ci ildə oldu. "Şahdəniz-2" layihəsi çərçivəsində TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk kommersiya qazının nəqli baş tutdu. 2020-ci il dekabrın 31-də isə TAP boru kəmərinin istismara verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsinin birinci mərhələsi faktiki olaraq tamamlandı və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarına nəql edildi.

Azərbaycan qazı böyük çətinliklər hesabına olsa da "qoca qitəyə" çatdırıldı və o ilin qışında neçə-neçə avropalının ocağını isitdi, enerji böhranı yaşayan ölkələrin vəziyyətini nisbətən yüngülləşdirdi.

Odlar yurdunun uğur hekayəsi bununla yekunlaşmadı, çünki Azərbaycan qazına dünyada tələbatın artması yeni-yeni layihələrin həyata keçirilməsini zərurətə çevirdi.

Xəzərin neft və qaz kimi təbii sərvətlərinin istehsalına geniş şəkildə hələ sovetlər dönəmində başlanmış, dənizdə ilk neft buruqları salınmış, bu buruqlar bir-birinə qovuşduqca yeni bir şəhər yaranmışdı: Dəmir çarıqlı şəhər. Bax o zaman ona haqlı olaraq möcüzələr adası adı verilmişdi. "Neft Daşları" adlanan bu ada həqiqətən möcüzə idi və dünyanın hər yerindən gələnləri heyran edir, öz cazibə qüvvəsinə çəkirdi.

Müstəqillik dövründə isə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması ilə neft strategiyasının əsası qoyuldu. O müqavilənin imzalanmasına, bu möhtəşəm layihənin reallaşmasına şübhə ilə, qısqanclıqla yanaşanlara rəğmən Azərbaycan nefti-qazı borularla axıdılıb dünyaya çatdırıldı. Ölkəmiz bununla dünyaya, bizi gözü götürməyənlərə də, dostlarımıza da göstərdi ki, əfsanələr də gerçəyə, reallığa çevrilə bilir. 30 illik işğala cəmi 44 gündə son qoyan, 23 saata illərlə yuva salmış separatizmin kökünü kəsən, müstəqilliyini, suverenliyini tam təmin edən Azərbaycan doğrudan da xəyalları gerçəyə çevirir.

Bəli, ötən 20 ilin uğurları göstərdi ki, keçilən yol məqsədyönlü, düzgün yol idi. İstər siyasi, istər hərbi, istər ölkəmizdə gedən proseslər fonunda öz məqsədinə doğru inamla addımlayan Azərbaycan sülh, əmin-amanlıq, sabitlik məkanıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".