Ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir
Siyasət

Ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir

Ötən əsrin sonlarında torpaqlarımızın 20 faizini işğal edən Ermənistan daha çox ərazilər uğrunda işğalçılıq siyasəti yürüdür, dövlət səviyyəsində soyqırımları, deportasiyalar həyata keçirirdi. Bunun nəticəsi olaraq 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ və ətraf ərazilərdə yaşayan minlərlə soydaşımız ev-eşiyindən didərgin düşdü. Vaxtilə Azərbaycan ərazisi olan İrəvanda monodövlət quran ermənilər "türksüz Ermənistan" xəyallarını gerçəkliyə çevirdilər, ötən əsrin sonlarından etibarən İrəvan ərazisində bir nəfər belə azərbaycanlı qalmadı.

İkinci Qarabağ müharibəsində uzun illər düşmən əsarətində qalan torpaqlarımızın işğaldan azad edilməsilə ərazi bütövlüyümüz təmin olundu. Qarabağ münaqişəsi tarixə qovuşdu. 3 ildir ki, Azərbaycan Qarabağ zəfərinin yaratdığı reallıqlar əsasında məqsədyönlü siyasət həyata keçirir. Düşməndən azad edilən ərazilərdə vüsət alan genişmiqyaslı bərpa-quruculuq işləri dövlət siyasətinin prioritetidir. 30 il ərzində dağıdılan, viran qoyulan bu yerlər dövlətimizin daxili potensialı hesabına abadlaşır, doğma yurd yerlərindən məcburi köçkün düşmüş soydaşlarımız mərhələli şəkildə geri qayıdırlar. Vətən müharibəsindən sonra Qarabağın bərpasına - dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulmasına, "ağıllı kənd" və "ağıllı şəhər"lərin yaradılmasına başlayan Azərbaycan inkişafa, tərəqqiyə doğru unikal təcrübə nümayiş etdirir. Qarabağın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün və bununla da 30 illik kağız üzərində qalan hüquqlarımızın təmin edilməsi bütün dünyaya səs saldığı kimi, işğalçının viran qoyduğu ərazilərin sürətli bərpa prosesi də tarixi hadisəyə çevrilib.

44 günlük Vətən müharibəsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, qarşı tərəf hələ də sülh müqaviləsini imzalamayıb. Ermənistan hər dəfə bir bəhanə və ya siyasi manipulyasiya ilə danışıqlar prosesini ləngidir, ya da baş tutan görüşlərdən sonra verdiyi vədləri yerinə yetirmir. Bu il may ayının 14-də Azərbaycan və Ermənistan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə danışıqların növbəti mərhələsində görüşmüş, Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüş keçirmişdir. Avropa İttifaqı Şurasının Prezidenti ikitərəfli görüşlərdən sonra mətbuata bəyanatında sülh sazişi istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu, sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımların müzakirə edildiyini bildirmişdir: "Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin "Alma-Ata Bəyannaməsi"nə və Ermənistanın 29,8 min kvadratkilometr və Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq". İki ölkənin ərazilərinin konkret qeyd olunması faktiki olaraq Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etməsini, Azərbaycanın isə Ermənistan Respublikasına ərazi iddiasının olmadığını ehtiva edir.

Ümumiyyətlə, beynəlxalq vasitəçilərin təşkilatçılığı ilə keçirilən görüşlərin hər birinin yekununda sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşmasını ehtiva edən bəyanatlar imzalanmış və Azərbaycanın mövqeyi dəstəklənmişdir. Çünki bütün dünya Azərbaycanın sülh tərəfdarı olduğunu, heç bir ölkənin daxili işinə qarışmadığını, başqa ölkələrin ərazilərində gözü olmadığını çox yaxşı bilir. Bu baxımdan, Azərbaycanın təklif etdiyi 5 baza prinsipindən ibarət sülh müqaviləsinin prinsiplərinin beynəlxalq hüququn fundamental prinsipləri olduğu hər kəsə məlumdur. Azərbaycanın düşünülmüş, məqsədyönlü siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşılmış və atılan bütün addımlar beynəlxalq hüquq çərçivəsində həyata keçirilmişdir. İstər 30 illik işğal dövründə, istər 44 günlük müharibədə, istərsə də postmüharibə mərhələsində Azərbaycan ədalət prinsiplərinə və beynəlxalq hüquqa əsaslanaraq dünyaya sülh çağırışları etmişdir.

44 günlük İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə sülh təklif edir. Bölgədə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasının tərəfdarı olan Azərbaycanın təklif etdiyi sülh müqaviləsində 5 prinsipdən biri ərazi bütövlüyü prinsipidir. Ermənistan da bu prinsipi qəbul etməklə ərazi bütövlüyümüzü dəstəklədiyini bildirdi. Artıq bu dəstəklərin real addımlarda öz təsdiqini tapması zamanıdır. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibəsi zamanı hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh sazişinin imzalanması istiqamətində danışıqların aparıldığını bildirmişdir: "2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. … Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq".

Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması qarşıda duran əsas məsələdir. Ölkəmizin qarşı tərəfə təklif etdiyi beş baza prinsipindən ibarət sülh müqaviləsinin bəndlərindən biri dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır və Azərbaycanın bu təklifi beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan həqiqətən də sülhdə maraqlıdırsa, o zaman bu yöndə konkret addımlar atmalı, Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə töhfə verməlidir.

Mehparə ƏLİYEVA,

"Respublika".