Paşinyan Qərbdən nə istəyir?..
Siyasət

Paşinyan Qərbdən nə istəyir?..

Qafqazda Qərbin təsir dairəsini cidd-cəhdlə artırmağa çalışan N.Paşinyan bu gün Avropanın bütün imkanlarından hətta xalqı əleyhinə belə istifadə edir. Çünki Paşinyanın Qərbə borclu olduğu məlum məsələdir. Əgər 2018-ci il aprelin əvvəlinə nəzər salsaq, o zaman "Paşinyan Qərbdən nə istəyir?" deyil, tam əksinə "Qərb Paşinyandan nə istəyir?" sualını verə bilərik.

1989-cu ildə keçmiş Çexoslovakiyada baş vermiş, tarixə "məxməri inqilab" adı ilə düşmüş antisovet müqavimət hərəkatı, 2018-ci ilin aprel-may aylarında köhnə adla, lakin yeni formada, böyük maliyyə planları əsasında Ermənistanda həyata keçirildi.

Serjik Sarkisyan və Robert Köçəryanın rəhbərliyi dövründə Qərbə inteqrasiya siyasəti olduqca məhdud, hətta durğun bir vəziyyətdə idi.

Avropa Şərqdə anti-Qərb meyilli ölkələrin gözünü qorxutmaq üçün "inqilab" adı altında separatist hərəkatlara başladı. Buna "ərəb bahan"nı, "narıncı inqilab"ı nümunə göstərmək olar. Ermənistandakı 2018-ci ilin "məxməri inqilab"ını məhz "narıncı inqilab"ın davamı saymaq olar.

Belə bir vəziyyətdə Qərb dövlətləri və siyasi investorlar üçün Şərqdə ələ ala biləcəkləri fiqurlar lazım idi. Heç şübhəsiz ki, siyasi fəaliyyəti o qədər də geniş olmayan, lakin parlament və xalq arasında problemləri qaldıran bir jurnalist onların tələblərinə cavab verirdi. Qərbin məqsədi güclü şəxsiyyətləri deyil, istifadə edə biləcəklərini rəhbərliyə gətirmək idi. Təməlindən çürümüş, daxili aparatı saxtakarlıqla və yalan üzərində qurulmuş Sarkisyan hökuməti yeni inqilab dalğasına hazır deyildi. Bilavasitə "narıncı inqilab" köhnə və büroktratik postsovet aparatlarını aradan qaldırmaq, çağdaş liberal təsirlər altında dəyişikliklərə əsaslanırdı. Paşinyan belə bir vəziyyətdə arxasında duran siyasi investorların ondan nə tələb etdiklərini yaxşı bilirdi. İqtisadi problemlər fonunda Ermənistanın kənar bölgələrində xalqın ayağa qalxmasına vasitəçi olan Paşinyan, Qərbin ona verdiyi "fərd hüquqları", "demokratik-liberal azadlıqlar" bayrağı altında aşağı təbəqə ilə yanaşı, intellektli təbəqəni əlinə almağı bacarmışdı. Həmin dövrdə Marsel, Berlin, London, Çikaqo və Torontodakı erməni diasporları heç şübhəsiz, onları maliyyələşdirən qüvvələrin birbaşa əmri ilə Sarkisyana qarşı etiraz dalğasına qoşuldular. Qoşulmaya da bilməzdilər, necə də olsa həm Paşinyan, həm də bu diasporlar öz güclərini vahid bir mərkəzdən alırdılar. Təzyiqlər, küçə döyüşləri, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan hökumət və prezident Serjik Sarkisyan üsyançılarla danışıqlar aparmaq istəsə də, Paşinyan heç bir halda kompromisə getmədi. Gedə də bilməzdi, çünki tapşırıq aldığı Soros kimi qüvvələr onu kompromisə getmək üçün maliyyələşdirmirdi. Belə olan halda rəsmi İrəvan çökdü və prezident Serjik Sarkisyan, baş nazir Karen Karapetyan daxil olmaqla bütün hökumət nümayəndələri istefa vermək məcburiyyətində qaldı. Bununla da Qərb öz istəyinə çatdı və rəhbərliyə öz namizədini gətirdi.

N.Paşinyan baş nazir postuna oturan kimi ilk işi Qərbə reinteqrasiya siyasətini gücləndirmək oldu. Siyasətin əsas xəttinə çevrilən liberal-milli prinsiplər, nazirliklər və nümayəndəliklər üzərində bilavasitə diasporların Ermənistan dövləti qarşısındakı öhdəliyini minimum həddə endirdi. Təbii ki, diasporlar boşuna Paşinyanın arxasında deyildi, maksimum dərəcədə Sarkisyan hakimiyyəti təsirindən azad olub, istədiyi iyrənclikləri, Qərb xəyallarını vahid bir mərkəzdən icazəsiz, sərbəst həyata keçirmək istəyirdilər. Paşinyan KTMT-nin sədri olmasına baxmayaraq, Ermənistanın ümummilli formatda Şərq maraqlarından imtina etməsi, tamamilə Qərbə meyillənməsi fonunda başçılıq etdiyi təşkilata üzv ölkələrlə olduqca soyuq münasibətlər formalaşdırdı. Paşinyanın KTMT, bilavasitə Rusiya ilə münasibətlərinin soyuqlaşmasının pik həddi isə Haaqa Daimi Arbitraj məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarının Ermənistan Parlamentində müzakirə və ratifikasiya edilməsi oldu.

Rəsmi İrəvan və bütövlükdə Ermənistan üçün gələcək günlər o qədər də aydın görünmür. Paşinyanın hakimiyyətə gəldiyi ilk illərdə Azərbaycanı hədələyərək, yeni torpaqlar vədi altında çığır-bağır salmaqla xalqının gözündə qəhrəmana çevrilmək xəyallarını cənab Prezidentimizin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərimiz puç etdi. Paşinyan hazırda Rusiyanın iqtisadi təsiri, Qərbin regional prinsipləri daxilində sıxışmış və çarəsiz şəkildə, bir vaxt ona ehtiyac duyan Avropanın qapılarını döyməkdən başqa heç nə əldə edə bilmir.

Elvin CƏFƏROV.