Qarabağ Universiteti təhsil sistemində layiqli yer tutacaq
Digər xəbərlər

Qarabağ Universiteti təhsil sistemində layiqli yer tutacaq

Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış konsepsiyasına uyğun olaraq şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, böyük infrastruktur layihələri icra edilir. Əzəli yurd yerlərimizə qayıdan soydaşlarımızın məşğulluq və təhsil məsələləri ilə bağlı genişmiqyaslı işlər görülür. Yeni müəssisələr, xəstəxanalar, təhsil ocaqları, sosial obyektlər inşa edilir. Bütün bu işlər Baş Plana uyğun həyata keçirilir və Prezident İlham Əliyev görülən bütün işlərə şəxsən özü nəzarət edir.

Qeyd etdiyim kimi, işğaldan azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən orta ümumtəhsil məktəbləri tikilib və bu iş bu gün də uğurla davam etdirilir. Yurd yerlərinə qayıdan insanlar arasında uşaq və gənclərin sayı çoxluq təşkil edir. Bu səbəbdən də uşaqlarımızın məktəbi bitirdikdən sonra ali təhsil alması üçün Qarabağ Universitetinin açılması zəruri idi.

Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Unuversitetinin açılması son dərəcə müdrik bir addım oldu. Qarabağdan və ətraf bölgədən olan məzunlar evlərindən çox da uzaq olmayan ali məktəbdə təhsillərini davam etdirəcək və gələcəkdə də burada münasib işlə təmin olunacaqlar. Eləcə də digər regionlardan olan gənclərin burada təhsil alması üçün hər cür şərait yaradılacaq.

Qarabağ Universitetində daimi çalışacaq müəllimlərlə yanaşı, Bakıda və digər universitetlərdə işləyən müəllim və professorlar mütəmadi olaraq burada mühazirələr oxuya bilər. İlkin olaraq bu universitetdə 20-dən çox ixtisas tədris olunacaq. Bununla yanaşı, zaman keçdikcə tələb olunan ixtisasların sayı artırılacaq. Eyni zamanda Xankəndidə və digər rayonlarda da universitetlərin flialları açıla bilər.

Qarabağ və Şərqi Zəngəzur zəngin flora və faunaya malikdir. Eyni zamanda bu ərazilər nadir bitki növləri ilə də məşhurdur. Kəlbəcər rayonu dərman bitkiləri ilə qədimdən şöhrət qazanıb. Çünki bu ərazilərdə nadir bitki nümunələri vardır və vəhşi heyvanlar da olub. Ermənistanın vandal siyasəti nəticəsində burada təbiətə böyük ziyan vurulduğundan onu dirçəltmək üçün Qarabağ Universitetində biologiya fakültəsinin açılması məqsədəmüvafiq olar. Bir sözlə, Qarabağ Universitetinin təhsil sistemində layiqli yer tutması üçün bizim də üzərimizə mühüm işlər düşür və bunu nəzərə alaraq hər birimiz bu istiqamətdə fəal çalışmalıyıq.                           

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri,

professor.