Qəbələdə qışa hazırlıq işləri vaxtında başa çatdırılıb
Region

Qəbələdə qışa hazırlıq işləri vaxtında başa çatdırılıb

Cari ildə müəyyən edilən tədbirlərin icra vəziyyəti və 2023-cü ildə qarşıda duran vəzifələrə dair Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafızə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak ediblər.

Şura iclasında çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qışa hazırlıq işlərinin başa çatdırılması barədə məlumat verib. Qeyd olunub ki, ötən dövr ərzində nəzərdə tutulmuş bütün məsələlər icra olunub, məktəblərdə, səhiyyə ocaqlarında, mədəni-maarif müəssisələrində və digər təşkilatlarda qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.

Bununla yanaşı, qış mövsümündə rayonun bütün sosial obyektlərində, o cümlədən təhsil, səhiyyə ocaqlarında, uşaq bağçalarında, idarə və müəssisələrdə normal istilik yaratmaq, elektrik, qaz, su və yol təsərrüfatını fasiləsiz olaraq işlək vəziyyətdə saxlamaq hər bir cavabdeh şəxsdən böyük məsuliyyət tələb edir. Ona görə qarşıdan gələn bayram və qeyri-iş günlərində xidmət təşkilatlarının öz işinə məsuliyyətlə yanaşması, yaşayış məntəqələrinin bütün kommunikasiyalarının işlək vəziyyətdə olmasının nəzarətdə saxlanılması aidiyyəti qurum rəhbərlərinə bir daha tövsiyə olunub.

M.QULUYEV,
“Respublika”.