QƏRBİ AZƏRBAYCANA QAYIDACAĞIMIZ GÜN YAXINDADIR
Region

QƏRBİ AZƏRBAYCANA QAYIDACAĞIMIZ GÜN YAXINDADIR

Prezident İlham Əliyev 2022-ci ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında çıxışı zamanı demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir. Bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi-dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Ancaq buna nail ola bilməyiblər".

Əslən Qərbi Azərbaycandan olan soydaşlarımız qalib ölkənin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində tezliklə haqq-ədalətin bərpa olunacağına əmin olduqlarını bildiriblər. Bu günlərdə əslən Qərbi Azərbaycandan olan, hazırda Ağstafada yaşayan bir ailənin qonağı olduq. Bizi Qərbi azərbaycanlılara məxsus olan yüksək qonaqpərvərliklə qarşıladılar.

Ailənin ağbirçəyi Tahirə Tağıyeva gəlişimizin məqsədini biləndə hədsiz məmnun oldu. Bildirdi ki, əsrlər boyu hüququ tapdalanmış, min bir əzablara düçar olmuş, vəhşicəsinə öz müqəddəs ata-baba torpaqlarından deportasiya olunmuş insanların pozulmuş hüquqlarının bərpa olunması, ata-baba torpaqlarına qaytarılması ilə bağlı heç bir iş görülməmişdir. Bilirik ki, Prezident İlham Əliyev daim verdiyi sözü əməli ilə təsdiq edir. 44 günlük Vətən müharibəsi zamanı "Dəmir yumruq" əməliyyatı əbədi olaraq insanların yaddaşından silinməyəcəkdir.

Tahirə xanım 1947-ci ildə Göyçə mahalının Kəvər rayonunun Ağzıbir kəndində anadan olmuşdur. Bu kənd təbiət gözəli olan Göyçə gölünə çox yaxın olan bir məsafədə yerləşir. Kənd əhalisi Ağzıbirdə yaşayarkən əsasən kənd təsərrüfatı və balıqçılıqla məşğul olmuşlar. Əhalinin dolanışığı pis olmamışdır. Lakin bu yaşayış məntəqəsinə də ermənilərin köçürülməsi başlanmışdır. Belə olan halda istər-istəməz azərbaycanlılara müxtəlif vasitələrlə təzyiqlər göstərilirdi. Bütün bu hadisələri ermənilər öz havadarları vasitəsilə, çox ustalıqla həyata keçirirdi.

1950-ci ildə Tahirə müəllimə ailəsi ilə birlikdə Ağdaş rayonuna köçürülmüşdür. Lakin Ağdaşın iqliminə dözə bilməyən ailə bir ildən sonra yenə ata-baba yurdlarına - Ağzıbir kəndinə qayıtmışlar. 1957-ci ilədək ermənilərlə bir kənddə yaşamağa məcbur olmuşlar. Elə həmin il də digər yerlərdə olduğu kimi, Kəvər rayonunun da kütləvi deportasiyasına başlanmışdır. Bu dəfə ailə Daşkəsən rayonunun Mədənçilər qəsəbəsinə köçürülmüşdür.

Tahirə müəllimə qeyd edir ki, ailələrinə məxsus iri və xırdabuynuzlu mal-qaranı çox çətinliklə Daşkəsən rayonuna gətirmişlər. Ancaq nədənsə bir neçə gün ərzində gətirilən mal-qara qeyri-müəyyən səbəbdən tamamilə qırılmışdır. Sözsüz ki, bu hadisə ailəyə ciddi maddi ziyan vurmuşdur. Göründüyü kimi, ailə qısa zaman kəsiyində bir neçə yer dəyişməli olmuşdur ki, bu da xeyli maddi vəsait tələb etmişdir. Bütün olanlara baxmayaraq, onların ailəsində böyüyən uşaqların hər biri ali təhsil almışdır. O, Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır.

30 ildən artıq ədliyyə sistemində çalışmışdır. Onun həyat yoldaşı mərhum Musayev Sabir Həsən oğlu əslən Amasiya rayonunun Öysüz kəndindən olmuşdur. Tahirə xanım dəfələrlə ailəsilə birlikdə həyat yoldaşının doğulduğu füsunkar mənzərəsi, buz bulaqlarla zəngin olan Ağbaba mahalında olmuşdur. S.Musayev dünyasını dəyişənədək o yerlərin həsrətini çəkmişdir.

Ailənin digər üzvü Tahirə xanımın kiçik qardaşı Aydın Tağızadə bizimlə səmimi söhbət zamanı Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü yüksək qiymətləndirərək bildirdi ki, dövlət başçısının Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılacağını ifadə etməsi məni hədsiz qürurlandırdı. Tam əminəm ki, bu qayıdış tezliklə baş tutacaqdır. Əgər ömür vəfa edərsə, doğma kəndimizə gedərək ömrümün qalan hissəsini o yerlərdə keçirəcəyəm.

Vəli VƏLİYEV,

"Respublika".