Saatlıda məhsul istehsalına artım müşahidə olunub
Sosial həyat

Saatlıda məhsul istehsalına artım müşahidə olunub

Respublikamızın iri kənd təsərrüfatı rayonlarından olan Saatlıda aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Bunu cari ilin 6 ayı ərzində əldə olunan göstəricilər bir daha sübut edir. Rayonda 2023-cü ilin 6 ayı ərzində istehsal edilən kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri ilkin hesablamalara əsasən, 114 milyon 697,1 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 17879,8 min manat və ya müqayisəli qiymətlərlə 7,9 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfat məhsullarının 74 milyon 127,4 min manatı bitkiçilik məhsullarının payına düşüb.

"Respublika" xəbər verir ki, 53 min 589,3 hektar sahədə payızlıq və yazlıq bitkilərin 46 min 636,2 hektarı və ya 87,0 faizi əhali və fərdi sahibkar təsərrüfatlarının, 6 min 953,1 hektarı və ya 13,0 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşüb. Rayon üzrə ümumi əkin sahəsinin əsas hissəsini payızlıq taxıl, yem bitkiləri, pambıq, bostan, dən üçün qarğıdalı, tərəvəz, kartof, lobya, günəbaxan təşkil edib. 19 min 543,5 hektar sahədə taxıl məhsulu biçilib və sahədən 79 min 822,5 ton “sarı kəhrəba” toplanılıb ki, bu da hər hektardan 40,8 sentner məhsul deməkdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə taxıl məhsulu hər hektardan 0,2 sentner çox olub. Bundan əlavə, 364,0 hektar sahədən 7 min 192,9 ton kartof, 518,9 hektar sahədən 5 min 903,5 ton tərəvəz, 1484,0 hektar sahədən 41 min 319,2 ton bostan məhsulu və bağlardan 2 min 518,7 ton müxtəlif növ meyvə və giləmeyvə məhsulu toplanılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 733,8 ton tərəvəz, 908,2 ton kartof, 1509,2 ton bostan, 90,2 ton müxtəlif növ meyvə və giləmeyvə məhsulu çox tədarük olunub. Hazırda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Bununla yanaşı, fermerlər payızlıq əkinlər üçün də hazırlıq işləri görürlər.

Tofiq Hüseyn,

“Respublika”