Şamaxıda müraciətlərə həssaslıqla yanaşılır
Sosial həyat

Şamaxıda müraciətlərə həssaslıqla yanaşılır

Rayonda əhali ilə görüşlərdə və qəbullarda qaldırılan hər bir məsələ qeyd olunur və həlli üçün operativ surətdə müvafiq tədbirlər görülür. Dövlət başçısının bu barədə göstəriş və tapşırıqları digər ərazilərdə olduğu kimi, Şamaxı rayonunda da uğurla icra olunur. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə görülən işlərlə yerində tanış olmaq üçün rayonun rəhbər şəxslərinin iştirakı ilə şəhərin müxtəlif ərazilərində və kəndlərində keçirilən səyyar qəbul-görüşlərdə iştirak etdim. Məlumat üçün qeyd edim ki, burada yeni bir idarəetmə sistemi formalaşıb və uğurla icra olunur. Belə ki, şəhid ailələri birinci olmaqla bütün imtiyazlı şəxslərin qəbulu üçün vaxt məhdudiyyəti yoxdur. Çünki onlar iş gününün istənilən vaxtında rayon rəhbərliyi ilə görüşüb istənilən məsələ ilə bağlı müraciət edə bilər. Əvvəlcədən razılaşdırılmış formada belə görüşlər qeyri iş satlarında və günlərində də keçirilir. Bununla yanaşı, rayon icra hakimiyyətində hər həftənin üçüncü günü nəzərdə tutulan qəbullar üçün də xüsusi prosedur müəyyənləşib. Qəbulda iştirak etmək istəyən istənilən şəxsin müraciəti əvvəlcədən müvafiq qurumlar tərəfindən araşdırılır. Qəbul vaxtı isə həmin şəxslərə yerindəcə ətraflı məlumat verilir.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qəbula gələn bütün sakinlərin müraciətini aparat əməkdaşları və müvafiq qurum rəhbərlərinin iştirakı ilə  birlikdə keçirir və müraciətlər yerindəcə cavablandırılır. Rayon rəhbərliyinin səlahiyyətləri çərçivəsində olmayan məsələlərin həlli üçün isə həmin qurumlara rəsmi məktub göndərilir.

Rayonda səyyar qəbullar da bütün kənd və yaşayış sahələri üzrə növbəlilik və əvvəlcədən nəzərdə tutulmuş qaydada keçirilir. Burada da bütün müraciətlər qeyd olunur və əsasən yerindəcə araşdırılaraq cavablandırılır.

M.NƏRİMANOĞLU,

“Respublika”