Səfir Klaudio Taffuri: Azərbaycan ilə İtaliya arasında əlaqələr bütün sahələrdə inkişaf edir
Siyasət

Səfir Klaudio Taffuri: Azərbaycan ilə İtaliya arasında əlaqələr bütün sahələrdə inkişaf edir

Mayın 12-də İtaliya Ticarət Agentliyinin Bakı ofisinin təşkilatçılığı, İtaliyanın Azərbaycandakı səfirliyinin, bəzi yerli qida və içki idxalçılarının dəstəyi ilə xüsusi təşviqat proqramının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri xalqlarımızı dərin tarixi bağların, sosial-iqtisadi və mədəni əlaqələrin birləşdirdiyini vurğulayıb. "Azərbaycan ilə İtaliya arasındakı əlaqələrin bütün sahələrdə gündən-günə inkişaf etdiyini görürük və bu, bizi çox sevindirir. Şübhəsiz ki, humanitar sahədə münasibətlərin yüksək səviyyəyə çatdırılması və qorunub saxlanılması xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir", - deyə diplomat bildirib.

İtaliya mətbəxinin zəngin olduğunu və şərab sənayesinin xeyli inkişaf etdiyini diqqətə çatdıran diplomat deyib: "İtaliyanın qonşu ölkələrlə qaynayıb-qarışması nəticəsində hər bir xalq bizim mədəniyyətimizə öz töhfəsini verib. Təkcə pasta adlanan yeməyin ölkəmizdə 147 növ hazırlanma üsulu var".

İtaliya Ticarət Agentliyinin direktoru Andrea Makkaniko və bu ölkənin istehsalı olan şərablar üzrə mütəxəssis-somelye Artyom Lebedev çıxış edərək həm təşviqat proqramı, həm də bir sıra qida məhsulları barədə məlumat veriblər.

Bildirilib ki, bu təşviqat kampaniyası İtaliyanın bir çox regionlarına müxtəlif missiyaların təşkili, media-turlar, italyan mətbəxinə aid bəzi nümunələrin təqdimatı və 2023-cü il ərzində Bakıda keçiriləcək bir sıra qida və içki sənayesinə aid layihələri özündə cəmləşdirir.

Qeyd edək ki, tədbirin məqsədi İtaliya Ticarət Agentliyinin Bakı ofisinin 2023-cü il üçün nəzərdə tutulan bir sıra təşviqat xarakterli tədbirlər haqqında yerli medianı məlumatlandırmaq, eləcə də "Made in Italy" brendi altında idxal olunan məhsulların Azərbaycan bazarında tanınmasını təşviq etmək, həmçinin qonaqlara "italyansayağı yaşamaq" konseptini daha aydın şəkildə çatdırmaq və qeyri-adi italyan təamlarından zövq almaq fürsəti verməkdir.