Səlibçilərin Cənubi Qafqaz yürüşünə erməni lobbisi bələdçilik edir
Siyasət

Səlibçilərin Cənubi Qafqaz yürüşünə erməni lobbisi bələdçilik edir

Fransa tərəfindən Ermənistanın silahlandırılması və rəsmi Parisin Cənubi Qafqaz regionuna daxil olması üçün qərb bloku fəallıq göstərir. Bu xüsusda Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri, qeyri-ciddi siyasətçi imici qazanmış Mixael Rotun son günlər İrəvanda verdiyi əsassız açıqlamalar diqqət mərkəzinə gətirilib.

Azərbaycanı "təcavüz"də, "beynəlxalq hüququ pozmaq"da ittiham edən M.Rotun açıqlamaları Almaniya mediasında komediya və məsxərə mövzusuna çevrilib. Fransanın siyasi idarələri ilə çox yaxın əlaqələrə malik olan Rotun erməni lobbisinin çirkli pullarının təsiri altında olması ilə bağlı dəfələrlə ciddi araşdırma materialları dərc edilib. Bu gün nüfuzu kifayət qədər aşağı səviyyədə olan, Almaniya siyasi establişmentində ciddi qəbul edilməyən bir adamın Ermənistana səfərini təşkil etmək, xaricdəki erməni lobbisinin hansı çıxılmaz və biabırçı vəziyyətdə olduğunu göstərir. Ümumiyyətlə, insanlığı, vicdanı, beynəlxalq münasibətləri, eyni zamanda mənəvi prinsipləri kənara qoyub Azərbaycanı hansısa etnik təmizləmədə, soyqırımında günahlandırmaq təkcə 90-cı illərdə xalqımızın başına gətirilən faciələri görməzdən gəlmək demək deyil. Eyni zamanda, dünyaya ədalət moizəsi oxuyan Avropa siyasətçilərinin çirkli pullar üzündən bütün dəyərləri, prinsipləri tapdaladığının nümunəsidir.

Bu gün həm Ermənistan ərazilərində Almaniya, Fransa casus şəbəkəsindən ibarət Avropa İttifaqının mülki müşahidə missiyası adı altındakı təxribat maşını, həm Mixael Rot kimi alman parlamentində təmsil olunan siyasətçilər, Fransa Senatında və Avropa Parlamentindəki korrupsionerlər Cənubi Qafqaz regionunun taleyi haqqında heç bir bilgiyə malik deyillər. Onlar heç Ermənistanın xəritədə yerini də bilmirlər. Hesab edirəm ki, bu tip qalmaqallı və eyni zamanda siyasi təsir imkanları aşağı olan insanların Azərbaycan əleyhinə hədyanlarının və bəyanatlarının heç bir əhəmiyyəti yoxdur. Sadəcə, xaricdəki diaspor təşkilatlarımız belə adamlara qarşı daha çevik reaksiya verməli və həqiqəti dünyaya çatdırmalıdırlar.

Tural İSMAYILOV,

politoloq.