Səməd bəy Mehmandarov
Sosial həyat

Səməd bəy Mehmandarov

Məzarı itib-batan, əslən şuşalı olub, 1856-cı il oktyabrın 16-da Lənkəranda doğulan Səməd bəy Mehmandarov Azərbycanın ilk hərbi naziri olmuş, ömrünün böyük bir hissəsini Rusiya hərbinə, onun qurulmasına və inkişafına həsr etmişdir. İlk təhsilini Bakıda alan Səməd bəy 16 yaşında Peterburqda yerləşən II Konstantinovka məktəbinə qəbul olunmuşdur. 1875-ci ildə podporuçik rütbəsi almış və üçüncü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif edilmişdir. 1890-cı ildə polkovnik rütbəsinə yüksəlmiş, 1904-cü ildə Rus-yapon müharibəsində böyük rəşadət göstərmişdir. Yeddinci Sibir atıcı diviziyasının komandiri təyin edilən Səməd bəyə göstərdiyi qəhrəmanlıq və şücaətə görə 1908-ci ildə artilleriya generalı rütbəsi verilmişdir.

Bütün gəncliyini, gücünü rus ordusuna həsr edən Mehmandarov qorxmazlığı ilə şöhrət qazanaraq ən gərgin döyüşlərdə belə soyuqqanlı davranarmış. Səməd bəy Mehmandarovun Birinci Dünya müharibəsində də xidmətləri böyükdür. Müharibə zamanı 21-ci piyada diviziyasına başçılıq edən Mehmandarova daha məsuliyyətli iş tapşırılır. Belə ki, ruslar 1914-cü ildə almanların işğal etdikləri İvanqorod şəhərini azad edərək Ladz şəhəri uğrunda mübarizə aparırlar. Bütün mövqelərdən güclü hücum edən alman qoşunları rusları mühasirəyə almağa çalışarkən təcrübəli sərkərdə Mehmandarov əks-hücum əməliyyatı həyata keçirərək alman qoşunlarına ağır zərbələr vurur və general Makenzonun ordusu üzərində qələbə qazanır.

Səməd bəy 1917-ci ildə Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərə, Fransa, Rumıniya dövlətlərinin ordenləri ilə təltif olunur. Rusiyada fevral-burjua inqilabı baş verdikdə S.Mehmandarov artıq istefada idi. 1918-ci ildə o, Bakıya gəlir, həmin ilin dekabırın 15-dən isə hərbi nazir vəzifəsinə təyin olunur. Səməd bəy Mehmandarov təcrübəli hərbçi olaraq ordudakı problemləri tez bir zamanında həll edir. Onun yüksək tələbkarlığının nəticəsində Azərbaycan ordusu günü-gündən güclənirdi. O, əsgər və zabitlərə qarşı qayğı və hörmətlə yanaşdığı kimi, həm də çox tələbkar idi. Vətənpərvər hərbçi öz əsgərini də bu ruhda, bu amalda yetişdirirdi. İlk verdiyi qərarlardan biri isə orduda əsgərin ana dilində salamlaşması idi. Eyni zamanda o, hərbi məktəblərin yaradılmasına və inkişafına da böyük diqqət yetirirdi. Ordu quruculuğunda fədakarlıq göstərən Mehmandarov Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edirdi.

1919-cu ilin iyununda Azərbaycan Cümhuriyyəti üçün təhlükə yaranmışdı. Lənkəran qəzasında baş verən hadisələr fonunda Azərbaycanın ərazi bütövlüyünü parçalamaq və qondarma "Muğan" respublikası yaratmaq istəyən qüvvələrə qarşı Səməd bəy Mehmandarov çox qətiyyətlə hərəkət edirdi. Səməd bəy birbaşa münaqişə bölgələrinə gedir, yaranmış vəziyyətlə yerində tanış olurdu. Onun Qarabağ bölgəsinə səfəri də olduqca əhəmiyyətli idi. Səməd bəy səfər zamanı ilk olaraq Xankəndidə olmuş, sonra isə Şuşaya gəlmişdir. 1920-ci ilin noyabr ayında bütün cəbhə bölgələrində ağır vəziyyət yaranmışdı. Ermənilər hər yandan Qarabağ bölgəsinə hücum edirdilər. 1919-cu ildə isə ingilis hərbi hissələri Azərbaycanda olduqları dövrdə məskunlaşdıqları ərazilərdə talanlar edirdilər. Bütün bunlara etiraz əlaməti olaraq Səməd bəy Mehmandarov İngiltərə hökumətinin Birinci Dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdir.

Qısa ömür yaşayan Azərbaycan Cümhuriyyətinin acı sonu Mehmandarovun da həyatına öz ağır zərbəsini vurur. Belə ki, 1920-ci il 27 apreldə Rusiya bolşeviklərinin Azərbaycanı işğal etməklərindən sonra S.Mehmandarovun ağır günləri başlayır. O, iyunun 4-də Əliağa Şıxlinski ilə birgə həbs edilir. Səməd bəyin həbs olunması ölkədəki hakimiyyət dəyişikliyi ilə yanaşı, həm də Gəncə üsyanı ilə əlaqələndirilirdi. Çünki həmin üsyanda bolşeviklər 10 min nəfərə yaxın itki vermişdilər. Həbs olunan generalları Moskvaya gətirərək Butınsk zindanına salırlar. Nəriman Nərimanov V.İ.Leninə yazdığı məktubda general Ə.Şıxlinskinin və Səməd bəy Mehmandarovun sərbəst buraxılmasını xahiş edir. Onun bu təşəbbüsünə İ.Stalin də qoşulur. Nəhayət, generallar noyabrda Stalinin məktubuna əsasən həbsdən azad olunurlar.

Bakıya qayıdan Səməd bəy Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirir. 1921-ci ildə Azərbaycan SSR Hərbi-Dəniz Komissarlığında məsləhətçi, 1924-1927-ci illərdə isə Azərbaycan Hərbi məktəbində və Zaqafqaziya hərbi-piyada məktəbində dərs deyir. Hərbi Elmi Cəmiyyətin sədri olur. 1928-ci ildə səhhətində yaranmış problemlərlə əlaqədar ordudakı xidmətindən tərxis olunur və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilir.

Dövrünün görkəmli şəxsiyyətlərindən olan Səməd bəy Mehmandarov 1931-ci il fevralın 12-də 76 yaşında Bakıda vəfat etmişdir. Onu Çəmbərəkənd məzarlığında dəfn edirlər. O illərdə bu ərazidə S.M.Kirova heykəl qoyularkən məzarlıq dağıdılır. Generalın həyat yoldaşı və oğlu sürgündə olduğu üçün, onun qəbrini başqa yerə köçürən olmur. Beləliklə, S.B.Mehmandarovun qəbri itib-batır.

Artilleriya məktəbini bitirən Səməd bəy artilleriya atəşinin avtomatlaşdırılmasında və səhra toplarının yüngülləşdirilməsi sahəsində əvəzsiz xidmətləri olmuşdur. Bu da o dövr üçün hərb elmində bir yenilik idi.

Təəssüflər olsun ki, çox az ömür yaşayan Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri Səməd bəy Mehmandarovun güclü ordu yaratmaq, dövləti daha da gücləndirmək yolunda bütün arzuları, planları yarımçıq qalır. Lakin amalı, qayəsi azadlıq, müstəqillik olan Azərbaycan xalqı və onun Ali Baş Komandanı İlham Əliyev düz bir əsr sonra necə güclü orduya sahib olduğunu Qarabağ torpaqlarını işğaldan azad etməklə bütün dünyaya sübut etdi. İndi yetişən gənc nəsil arasında Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi generallar, hərbçilər kifayət qədərdir. Onlar öz əcdadlarının müqəddəs işlərini, amallarını yaşadaraq, həm də onu həyata keçirirlər.

Ramidə YAQUBQIZI,  

"Respublika".